Masallı şəhərində, rayonun qəsəbə və kəndlərində millət vəkili Qənirə Paşayevanın kitablarının imza günü olub.
Teleqraf.com-un məlumatına görə, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin təşkilatçılığı ilə Masallı şəhərində, rayonun qəsəbə və kəndlərində Q.Paşayevanın oxucularla görüşü və kitablarının imza günü keçirilib.
Təşkilatın rəhbəri Arzu Bağırova kitabı təbliğ edən bu cür görüşləri davamlı təşkil edəcəklərini və millət vəkilinin kitablarının tədbirdə iştirak edən bütün oxuculara imzalı hədiyyə ediləcəyini bildirib.
Q.Paşayeva, ilk növbədə, çoxsaylı oxucuları, kitabsevərləri, ədəbiyyat dostlarını, sadə insanları bir arada görməkdən məmnun olduğunu deyib: "Bu kitablarda mənim üzləşdiyim, yaşadığım, şahidi olduğum, duyduğum bir sıra həyat hekayələri, esseler, məqalələr yer alır. Məqsədim maddi dəyərlərə marağın getdikcə artdığı bir dünyada insanları mənəviyyata, həyatın mənasını daha geniş düşünməyə, anlamağa, paylaşmağa çağırmaqdır. Gənc nəsillərimiz üçün əhəmiyyətli ola biləcəyini düşünürəm. Oxucuların bir az da olsa xoşuna gəlsə, çox məmnun olaram. Kitablarıma böyük diqqətiniz üçün təşəkkür edirəm".
Millət vəkili oxucuları maraqlandıran sualları da cavablandırıb və qızları yaxşı oxumağa, ali təhsil və ya peşə təhsil almağa çağırıb.