12 Avqust 2018 16:08
3 388
12 Punto 14 Punto 16 Punto 18 Punto

25 yaşıma dəng gələn 1991-ci ilin 27 aprelində onun bir şeirini himn kimi oxuya-oxuya zindana getmişəm...

Sovetlərin son dönəmi idi, indiki BDU-nun qarşısında aprel işğalına etiraz düzənləmişdik, Bakıda ruslar və komendant saatı höküm sürürdü; bizi Universitetin qarşısında sürükləyib, maşınlara atdılar, ordan da Qararaşəhərdəki müvəqqəti saxlama təcridxanasına gətirdilər. Mənimlə bərabər gənc tələbələr vardı, dedim, gəlin şərqi oxuya -oxuya zindana gedək. Sözlər gözəl və asan idi - səsi olmayan da Heyratı üstündə oxuyanda, üstəlik, buraya 7-8 adam da qatılanda, möhtəşəm bir əsər alınırdı:

- Qalx ayağa Millət, boğmasınlar səsimizi,
Bir bayraq altında birləşdir bizi..

Çox -çox sonralar bildim ki, bu möhtəşəm əsəri məndən də gənc olan bir soydaşım yazıb. Bizim meydanlarda, yürüşlərdə oxuduğumuz şərqinin müəllifi ilə bu barədə Ankarada ləzzətlə danışanda artıq yaşlarımız iddialarımızı keçmişdi - 50 həndəvərindəydik.

Mən onun şeirlərini oxuyanda, deyirəm ki, yox, Elçin Mirzəbəyli bütün sahələri buraxıb, ancaq poeziyaya, bədii yaradıcılığa odaqlanmalıdır. O qədər gözəl şeirlər yazır ki, belə düşünməmək mümkünsüz.

Sonra bir gün, onunla efirə çıxırıq; ölkədə mürəkkəb vəziyyətdi, daxili auditoriya - xalq söz gözləyir, ''açması' sizdən'', deyə, ziyalısından təhlil istəyir. Belə zamanlarda, onu müşahidə edəndə düşünürəm ki, yox, bizim yaxşı şairlərimiz onsuz da çoxdu, indi də şeir zamanı deyil, Elçin kimi polit-texnoloq da ölkədə demək olar ki, yoxdur. Deyəcəm, sən bütün diqqətini siyasi mühəndisliyə ver, səndə hamıdan yaxşı alınır...

Sonra...hansısa bir publisistikasını oxuyuram, ya da hansısa böyük bir törəndə açıq tribuna qarşısında onu müşahidə edirəm...

Hansısa polemikalarda tərəf müqabili, ya da bərabər iştirakımız olur...

Qardaşım əlini haraya qoyursa, hansı seqmentə aid rol üstlənirsə, ora önə çıxır, parlayır, gözəlləşir...

Azərbaycanımızın belə mükəmməl, çoxtərəfli, inkişaf etmiş, önə çıxmış ziyalılarından birinin- dostum-qardaşım Elçin Mirzəbəylinin ad günüdür. Belə ziyalılar milli sərvət statusundadır. Onları qoruyaq demirəm, Allah qoruyur, sadəcə, ildə-ayda bir dəfə ürəyimizdən keçənləri, klaviaturamızda döyəcləyib, ictimailəşdirək. Yaradıcı adama qiymətdən böyük mükafat yoxdur...

Əziz qardaşımı çoxsaylı ortaq dostlarımıın və özümün adından ürəkdən təbrik edirəm.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər