Bu gün Azərbaycanın Macarıstandakı səfiri, professor Vilayət Quliyevin tərcümə və tərtib etdiyi “Əlimərdan bəy Topçubaşov. ...Xalqımızın müstəqil yaşayacağına inanırdıq” kitabının təqdimatı keçirilib.
Teleqraf.com xəbər verir ki, kitab Dövlət İdarəçilik Akademiyasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamının icrası ilə əlaqədar tədbirlər çərçivəsində təqdim edilib.
Tədbiri giriş sözü ilə açan akademiyanın rektoru, akademik Urxan Ələkbərov bildirib ki, kitab AXC dövrünün məlum olmayan tərəflərinin təqdim edilməsi baxımından böyük əhəmiyyətə malikdir.
Akademik ümummilli lider Heydər Əliyevin hər zaman AXC-nin ölkəmizin müstəqillik tarixində mühüm yerə malik olduğunu bildirdiyini diqqətə çatdırıb. O, eyni zamanda AXC-nin 100 illik yubileyi ilə əlaqədar Azərbaycan prezidentinin imzaladığı sərəncamın xalqımızın qədim və zəngin dövlətçilik tarixinə böyük ehtiramının göstəricisi olduğunu bildirib.
Rektor Əlimərdan bəy Topçubaşovun Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətlərindən danışıb və onun müstəqilliyimizin tanınması, dünya dövlətləri tərəfindən qəbul edilməsi yolunda əzmlə çalışdığını qeyd edib.
Tədbirdə çıxış edən kitabın müəllifi Vilayət Quliyev kitabın ərsəyə gəlmə prosesi barədə məlumat verib. O, Əlimərdan bəy Topçubaşovun siyasi-publisistik irsinin Azərbaycan oxucusuna təqdim edilməsinin əhəmiyyəti barədə danışıb. Kitabda Topçubaşovun məqalələri, nitqləri, səfər qeydləri, diplomatik yazışmaları, tarixi araşdırmaları, bədii publisistikası və zəngin epistolyar irsi haqqında ətraflı şərh verən Vilayət Quliyev akademiyanın professor-müəllim və tələbə heyətinə təşəkkürünü bildirib.
Tədbirdə çıxış edən deputat Elman Nəsirov, professorlar - Elçin Əhmədov, Solmaz Rüstəmova-Tohidi, Havva Məmmədova, dosent Firdovsiyyə Əhmədova və digərləri kitab haqda fikirlərini bildiriblər.