Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində sentyabrın 29-da Bakı Kitab Mərkəzində akademik Rafael Hüseynovun mühazirəsi dinlənilib.
Trend-in məlumatına görə, “Yaxın və Orta Şərq şeirində bənzətmə ənənəsi: bənzətmədə bənzərsizlik” mövzusunda mühazirədə Rafael Hüseynov Nəsimi irsinin təsir dairəsindən söz açıb. O, tarixə nəzər salaraq sovet dövründə Nəsiminin 600 illik yubileyi ərəfəsində görülən işlərdən danışıb. Azərbaycan ədəbiyyatşünaslarının tədqiqatlarını qeyd edən mühazirəçi həmin dövrdə Nəsimi yaradıcılığı ilə bağlı ölkəmizin mədəni mühitində bir çox işlərin görüldüyünü, şairin sözlərinə mahnılar bəstələndiyini xatırladıb. Vurğulayıb ki, Nəsimini sadə Azərbaycan insanına “Nəsimi” filmi tanıdıb.
R.Hüseynovun sözlərinə görə, Nəsimi insan düşüncələrinə çox dərindən vaqif olub və özündən sonrakı ədəbiyyata böyük təsir göstərib. Nəsimi düşüncə modelləri yaradan mütəfəkkir idi. Ondan sonra da Azərbaycan dilində yazanlar olub, lakin onlarda Nəsiminin dili qədər melodiklik, ifadə plastikası olmayıb. Mühazirəçi onların sırasında Qazi Bürhanəddinin, Həbibinin adlarını çəkib. Vurğulayıb ki, Nəsimini müasir dövrdə oxumaq və anlamaq daha asandır.
Mühazirəçi diqqətə çatdırıb ki, Nəsimidən sonra ədəbiyyatımızın və dilimizin özünəqayıdışı başlanıb, poetik lüğətlər yaranıb. Nəsimi anadilli ədəbiyyatı zirvəyə yüksəldib. İmadəddin Nəsimi olmasaydı, hürufilik bu qədər əhatəli olmaz və geniş yayılmazdı. Orta əsrlərdə etiraz hərəkatları daha çox şəhərlərdə olurdu. Bu hərəkatlarda hürufilik bir vasitə idi. Nəsimiyə qarşı hökmdarların sərt mövqeyinin arxasında ciddi siyasi səbəblər də dayanırdı. Çünki onun arxasınca gedən insanlar vardı.
Mühazirədə qeyd edilib ki, Nəsimi irsi, həmçinin təriqətlərlə bağlı insanların düşüncələrinə təsir göstərib. Məsələn, Nəsimi ənənəsi Anadoluda XX əsrin əvvəllərinə qədər davam edib.
Nəsiminin xidməti təkcə Azərbaycan türkcəsində yazması ilə bitməyib. Onun, həmçinin davamçıları yetişib ki, onlar da öz yaradıcılıqlarında Nəsimi kimi saf bir dildə yazmağa çalışıblar və bütün bunlar Azərbaycan dilinə, ədəbiyyatına öz təsirini göstərib.
Sonda Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalının əhəmiyyətini vurğulayan akademik Rafael Hüseynov festival çərçivəsində çox dəyərli tədbirlərin keçirildiyini bildirib.