(Hekayə)
Bir əyyaşların, bir də məhəbbətin ilk dəfə ürəyini yox, gənziyini dalayan uşaqların hissləri iki yerə bölünür: yaxşılar və pislər... Ovqat və önyarğılı halda dolaşan bu insanlar vəziyyətə uyğun olaraq, həmişə iki hissdən birini istifadə edirlər. Əlbəttə, insan uşaq yaşında hisslərini bu formada iki yerə bölübsə, yaxud hisslərini iki yerə ayırmaq məcburiyyətində qalıbsa, bu, əyyaşlığın özünü göstərməyə başlayan ilk əlamətidir...
Həmin uşaqlardan biri gənziyi dalanmağa başlayanda, ümidləri alüminium məftillərdən asılaraq sallanmışdı. Paltarlar sərilmiş məftillər, yemək qazanları, qab-qacaq - alüminium olan hər şey bir qığılcımın parıltısı idi. Evin damından yuxarı – Allaha boylanan alüminium məftilli antenna da, bu közərən ocağı yelləyərək qızışdırırdı.
Antennanın məftilləri ən azı yarım kilo edərdi. Lakin bir yandan da dəqiq bilirdi ki, məsələnin həllini ümidə buraxmaq olmazdı. Bu, yersiz işdir.
Beləliklə, yeddinci sinifdə oxuyursunuzsa və sizin on dörd yaşınız varsa, ən əsası da qeyd edəcəyiniz ilk sevgililər günündə atanızın cibləri sevgilinizə hədiyyə almaq üçün ümid yeri deyilsə, işi şansa buraxmaq lazım deyil. Qısa yoldan pul əldə etmək imkanı olmayan biri üçün ən ideal yol, bildiyin işin qulpundan yapışmaqdan keçir. Məsələn, zibilliklərdən alüminium yığıb satmaq kimi... Bu, bir kənd uşağının sevgi hekayəsidir.
******
Ağaclara baxır, şişuclu tumurcuqlar uzanıb-uzanıb alüminium məftillərə çevrilirlər. Otlara baxır, üzərlərinə külrəngi alüminium tozu səpilib. Gecə kürəyini pilləkənlərə söykəyib səmaya baxanda ulduzlar da, xırda alüminium kürələrinə çevrilmişdilər. Aya nərdivan söykəyərək bu kürələri torbasına dolduranda sevgilisi arxasınca ona baxıb özü üçün çəkilən bu ağır zəhməti yüksək qiymətləndirmişdi. Altı manatlıq alüminium yığdıqdana sonra aşağı düşmüşdü, daha doğrusu, qanadlanıb yerə qonmuşdu. Gecə beləcə yuxuya gedib səhərin alatoranında küçəbəküçə zibilliklərin canına daraşdı. Torbasına atdığı ən xırda alüminium parçası da, sinir sistemlərinə ərimiş metal töküb onu yorulmayan robota çevirirdi. Özünü ümidsizliyə təslim etmək olmazdı. Düşünəndə ki, bu işi nə üçün görür, qoca Allahın əsası alüminiumdan olsaydı, Aya bir nərdivan söykəyib onu da əlindən alıb satardı.
Qızın atdığı hər addım da, torpağa alüminium toxumları səpir. Sonra bu toxumlar cücərərək məftillərə çevrilirdilər, uzanaraq boynuna dolaşır və onu arxasınca sürüyürdü.
Məftil məsələsi ağlına biologiya dərsində müəllimin əlində süni insan skeleti üzərində gəzişən metal çubuğu görəndə gəlmişdi. Bundan sonra hər yer məftilə çevrilib onun torbasına dolmağa başladı. Yer də ilanlara oxşayan bu məftillərin yuvasına çevrilib qaynaşdı. Planetlər də, bu məftillərdən asılıb yellənirdilər. Bütün insanların dişləri də alüminiuma çevrildilər.
Bu xəyal dünyasında gəzişəndə sinəsinin altında keşniş toxumu boyda bir həyəcan dolaşırdı. İçində toxunduğu hər şeyə qanad verib uçuran bu şey, onu şüşələri çatlamış məktəb pəncərəsindən içəri boylanmağa tələsdirirdi, hərəsi on keşniş toxumu boyda bir cüt gözün hərəsindən bir ümid qoparmaq üçün...
*****
İçinə atdığı ən xırda alüminium parçasına görə torbanı çəkirdi. Hələ lazım olan pulun yarısınadək yığa bilmişdi, qeyd edəcəyi ilk sevgililər gününə qalmış gün qədər... Lakin saat addımlarını iri-iri atıb həmin günə çatanda alüminium yığmaq gözlərində dünyanın ən asan işinə çevrildi. Hətta buradan qaçaraq, bütün dünyanın məftillərini bir göz qırpımında yığa bilərdi. Aradan keçən on altı ildən sonra da, bu fikrində qəti şəkildə dayanmışdı.
*****
Kirimişcə yaxınlaşdı. Deyəsən, heç yaxınlaşmadı, ona elə gəldi ki, addım atdı. Gödəkçəsinin altında bərk-bərk sıxdığı hədiyyə ayaqlarına ağırlıq verərək, onu yerin dibinə çəkirdi. O, durduğu yerdə batırdı, sanki ayaqları ox ucluqlarına çevrilmişdilər və bu oxlar ağırlığa dözməyərək, onu batırırdı. Hansı qərarı verəcəyi barədə heç bir fikri yox idi. Qolları da bir yandan, qanadlara çevrilib sürətlə ürəyinə çırpılırdı. Şiddəttini artıran həyəcan artıq ağrı verirdi. Bütün bədən üzvləri ona mane olurdu. Dizləri də yerində dayanmırdı. Elə ən çox da dizlərindən utanırdı. Ümumiyyətlə, insan utananda onu ən tez dizləri ələ verir, bir dəqiqə yerində dayana bilməyən diz qapaqları... Fırladılmış val kimi ayaqlarını o tərəf-bu tərəfə çırpırdı. Bu, həmin dizlər idi ki, bir neçə gün küçə-küçə, qapı-qapı, adam-adam kəndə salaraq alüminium yığmağa məcbur etmişdi. Bu, həmin dizlər idi ki, onu neçə gündür can atdığı yerə gətirərək ələ salıb gülürdülər.
Halbuki ona elə gəlmişdi ki, vitrində gördüyü o hədiyyəni almaq üçün altı manata görə arxasında özünə bağlanmış qapıları hansı əziyyətlə araladığını sevgilisi də görmüşdü. Keçirdiyi hisslərin, həyəcanın ona nəyə başa gəldiyini duymalı idi və bunu yüksək qiymətləndirməliydi. Biabırçı vəziyyətdən çıxarmaq üçün ona ürək-dirək verməli idi. Elə buna görə idi ki, etinasızca qabağında dayanaraq gülümsəməsini ona bağışlaya bilmirdi. Öz-özlüyündə onu kor olmaqda, ən az da nəzakətsizlikdə ittiham edirdi. Lakin ona mühakiməsiz cəza kəsilən bu müttəhim kürsüsünə sürüyərək salan qüvvənin özü olduğunu bilmirdi. Sanki yaranmış bu biabırçı hadisənin səbəbkarı özü deyildi. Lakin bütün bu mühakimələr ürəyində özlərinə nəfəslik tapmadan boğularaq ölürdülər. Yenə də yerdə keşniş toxumu boyda olan həyəcan qalırdı. Onu xoşbəxt və bədbəxt edən də, altı manat üçün zibilliklərə çəkən şey bu keşniş toxumu boyda olan həmin həyəcan idi.
Axı bura qədər onu xoşbəxtliklə cəmi altı manatın ayırdığını düşünmüşdü. Bir manat rayon mərkəzinə gedib kəndə qayıtmağın xərci, beş manat da, virtindəki həddiyyəni götürüb gödəkçənin altında gizlədərək kəndə qayıtmağın xərci... Xoşbəxt olmağın xərcinin bu qədər olduğunu düşünmüşdü. İndi isə bu beş manatlıq hədiyyəni gödəkçənin altından çıxararaq, ona uzatmaq ən müşkül məsələyə çevrilmişdi. Buna təkcə cəsarət bəs etmirdi, eyni zamanda, bunu ən bahalı hədiyyə kimi qəbul edən balaca bir qadın da tələb olunurdu.
Elə bu yerdə qərarını verdi ki, onu heç sevgilisinin başında qaynaşan bit topası da xilas edə bilməz. Sevgilisinin başının bitli olması da vəziyyəti dəyişmirdi. Kaş ki, indi bu bitlər ürəyindəki həyəcanına daraşıb yaddaşını yeyib bitirərdilər. Bu haqda bir dəfə də, zibilliklərdən satmaq üçün alüminium yığarkən düşünmüşdü. Lakin elə həmin vaxt da, bu bitlərə ürəyinə hücum əmrini vermək istəmədiyini bilmişdi.
“Sevgilinin başında bit var”, əlində torba keçdiyi küçələrdə, dirəndiyi dalanlarda oynayan uşaqların onu ələ salmaq üçün dedikləri bu sözlər onu xəyal dünyasından qopara bilməmişdi. Hətta, böyük məmnuniyyətlə, başını onun başına söykəyərək, bitləri öz başına daraşdırardı. Bu barədə Allaha duasında da çatdırmışdı. Bir yandan da, bu qüsuru sevgilisini ona bir qədər də yaxınlaşdırırdı. Ən pis məqamlarda “bitli baş”, deyərək qüsurunu üzünə vurub əlçatmaz olmadığını diqqətinə çatdıra bilərdi. Lakin bu ittihamlarını indiyədək üz-üzə bir kəlimə də kəsmədiyi, sinif yoldaşlarıyla içindəkiləri ala-yarımçıq çatdırdığı bu qızın üzünə deyəcək cəsarətin yiyəsi deyildi. Ünsiyyətə iradla başlamaq hər şeyi korlaya bilərdi. Buna görə də, bitləri də özü ilə bərabər mənimsəyərək içəri – ürəyinə ötürmüşdü. Bitləri də, onu da sevirdi. Bəlkə indinin özündə də, sinəsinin altını lərzəyə gətirmiş bu şey keşniş boyda olan həyəcan yox, əl-ələ verərək halay çəkən həmin bitlərdir...
“Onun başında bit yoxdur”, hər dəfə kənardan ünvanlanmış ironiyalı ittihamlara öz içində cavab versə də, üzdən də olsa, bu ittihamlardan xilas olmaq üçün uşaqları da, sevgilisini də səsini başına ataraq söymüşdü. Lakin indən sonra heç kəsi həmin qızı sevmədiyinə inandırmaq mümkün deyildi. Buna heç özü inanmamışdı. Bunu ürəyinin içi alüminium məftillər dolu əlində sallanan torba kimi yellənməsindən bilirdi...
Ən azı öz yanında səmimi görünmək naminə həyata keçirdiyi missiyanın adını belə müəyyən etmişdi, “Sevgilimin başında bit yoxdur”. Bir bitli baş üçün bu ağır zəhmətin öhdəsindən gəlmədiyinə özünü inandırmaq üçün bu düşüncəni başından atmışdı. Bir az da yarıhəqiqət olan bu ittihamı irəli sürən uşaqların paxıllığına bağlamışdı. Bəs öz-özünə də bu barədə danışanda səmimi idimi? Buna da inanmırdı. Bu, ən sonda əlçatmazlığa qarşı başlayacaq etirazın əsas şüarı idi, “Sənin başında bit var”...
O, özünün və başqalarının mühakimələrini unudaraq, altı manatlıq alüminium üçün öz xəyal dünyasının da altını üstünə çevirmişdi. Ən axırda yeddi kilo yarım alüminium yığa bilmişdi. 50 qəpilik ətir almağa pul da qalırdı. Bu, onun üçün göydəndüşmə olmuşdu. Hədiyyəsinin üstünə yağlı ətir də çəkə bilərdi. Həmin düşüncələrdən onda ayıldı ki, ilk sevgililər gününə bir gündən də az qalmış kənd avtobusunda gödəkçəsinin altına gizlədiyi hədiyyəsi ilə kəndə qayıdır.
Lakin indi əl atsa, toxuna bildiyi bir şeyi götürüb kiməsə vermək nə qədər çətin ola bilərdi? Halbuki o, dünyada ən ağır işin öhdəsindən də gəlmişdi. Günlərlə Aya söykədiyi nərdivandan yıxılmaq qorxusuyla ulduzları torbasına yığmışdı. Lakin indi özü ilə içində qurduğu dialoq, özünümühakimə onu xilas etmirdi. Başı yerində dayanmırdı və bu, onu ən pis formada təhqir edirdi. İndi göz-gözə gəlmək üçün böyük məmnuniyyətlə və özünə hörmət əlaməti olaraq, başını yerindən qoparıb ciblərinə basardı. Bu təlaşı, yarı qorxu, yarı həyəcan, yarı xoşbəxtlik qarışıq utancaqlığını örtməyə cəhd edən vəhşi heyvan hissiyyatının içində əlini nə vaxt gödəkçəsinin altına salıb, hədiyyəni nə vaxt ona uzatdığından xəbəri olmadı. Əlləri sanki duman içində sezdiyi insan siluetinə uzanmışdı. Daxilində davam edən təlatümün – on altı ildən sonra da öz şiddətini səngitməyən nifrinin uğultusu da, o sözü eşitməsinə icazə vermədi:
- Götürə bilmərəm. Evdən bunu haradan aldığımı soruşsalar, nə cavab verəcəyəm?