25 Noyabr 2018 01:30
1 390
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankarada Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın 80 illik yubileyi ilə bağlı konfrans keçirilib.

Anarın 80 illik yubileyi münasibətilə il boyu qardaş ölkədə təşkil edilən silsilə tədbirlər Ankarada Türkiyənin ədəbi dairələrinin tanınmış nümayəndələri, nüfuzlu ictimai xadimlər, ziyalıların qatıldığı konfransla yekunlaşıb.

Konfransın açılışında çıxış edən Türk Dünyası Sənətçilər və Yazarlar Vəqfinin sədri Yahya Akengin, Ahmet Yesevi Vəqfinin rəhbəri, Türkiyənin sabiq mədəniyyət naziri Namiq Kamal Zeybək, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibinin müavini Fırat Pürtaş və digərləri əsərləri 30 dilə tərcümə edilən Anarın zəngin yaradıcılığının bütün türk dünyasının ortaq dəyəri olduğunu vurğulayıblar.

Konfransda məruzə ilə çıxış edən tanınmış ədəbiyyatşünas Əhməd Bircan Ercilasun, gənc tədqiqatçı Gökan Tunç və yazıçı İmdat Avşar Anarın yaradıcılığının müxtəlif aspektlərini təhlil ediblər, Türkiyədə də geniş oxucu kütləsinə təqdim edilən və sevilən əsərləri haqqında danışıblar.

Sonra Anar 80 illik yubileyinin Türkiyədə yüksək səviyyədə qeyd edildiyi üçün təşkilatçılara və tədbirin iştirakçılarına, qardaş ölkənin ədəbi ictimaiyyətinin nümayəndələrinə minnətdarlığını bildirdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər