25 Aprel 2019 08:45
1 696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uşaqlarda kitaba marağı necə yaratmalıyıq? Uşaqların aşağı yaşlarından kitaba yox, telefona, internetə meylləndirilməsi nə dərəcədə doğrudur?

Teleqraf.com xəbər verir ki, “Becoming a Nation Readers” adlı kitab bu barədə yazır: “Uşaqlara kitab oxumağı aşılamaq üçün əsas məsələ onlara yaxşı mətn seşməkdir. Bu, xüsusən 5 yaşa qədər keçərlidir”.

Riçard Eyrin “Güclü bir ailə üçün 3 addım” adlı kitabında isə deyilir: “Hazırda uşaqlarımız televiziya və internetdən o qədər dəyərsiz şeylərlə zehnlərini doldururlar ki, onların uyğun davranışlarına və öz həyatlarına düzgün yanaşmalarına kömək edəcək zehni qidaya, məntiqli düşüncəyə ehtiyacları var”.

Araşdırmalar göstərir ki, insan beyni 3-5 yaş civarında daha yaxşı inkişaf edir, qavrama qabiliyyəti güclü olur. Orta yaşlı bir adam dilini bilmədiyi ölkəyə getdikdə yerli dili 1 ilə öyrənirsə, təzə danışmağa başlayan uşaqlarda bu müddət qat-qat azdır.

Kiçik yaşlarından şahmatla məşğul olan idmançıların daha böyük uğur qazanma ehtimalı digərlərindən daha yüksək olur. Buna görə də, əksər inkişaf etmiş ölkələrdə uşaqlara kitab oxuma vərdişi məhz kiçik yaşlarından qazandırırlar.

Fransada uşaqlar arasında keçirilən bir sorğuya əsasən, uşaqların 89 faizi valideynlərinin onlara hədiyyə kimi kitab almalarını istədiklərini deyiblər.

Məktəb yaşlarına qədər uşaqlara kitab oxunması onların təhsilə də uğurlu başlamasına səbəb olur. Kitablar uşağın xəyal gücünü artırır, nitqini təkmilləşdirir, uşağa real həyat barədə düşünməyə imkan verir, hərflər və durğu işarələri ilə bağlı ilkin təsəvvürlər yaradır.

Həmçinin kitab valideynlə uşaq arasında yaxşı kommunikasiya vasitəsidir. Lakin kitab oxunması uşağa cəza olaraq yox, əyləncə olaraq göstərilməlidir. Kitab seçimində isə əvvəlcə şəkilli dərgilərə, kitablara, sonra isə nağıl, hekayə kitablarına üstünlük verilə bilər.

Argentinalı yazıçı Borxes deyib: "Mən cənnəti bir kitabxana olaraq təsəvvür edirəm".
Gəlin uşaqlarımız cənnəti smartfonlarda yox, kitablarda tapsınlar.


Müəllif: Zəhra Rəsul

Oxşar xəbərlər