3 Oktyabr 2019 12:35
1 275
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə 25 il əvvəl qurulmuş və erməni ədəbiyyatını nəşr və təbliğ edən "Aras" nəşriyyat evi ilin ən yaxşı nəşriyyatı mükafatına layiq görülüb. Mükafatı "Dünya qəzet, kitab və jurnalı" qurumu təsis edib.

Teleqraf.com ədəbiyyat adamlarının məsələyə münasibətini öyrənib.

Şərif Ağayar


Nəşriyyat separatçı fikirlər yayırsa, haqqında qanuni ölçü götürülməlidir. Dünyanın ən inkişaf etmiş ölkələrində də belədir.

Əgər nəşriyyat sadəcə, hansısa xalqa məxsus ədəbiyyatı çap edirsə, burda qəbahət yoxdur. Ədəbiyyatı milliliyə şərti olaraq bölürlər. Dil, üslub və coğrafi xüsusiyyətləri öyrənib əsərləri daha dəqiq qiymətləndirmək üçün...

Sözün böyük mənasında ədəbiyyatın milliyyəti yoxdur və millətçiliklə məşğul olan ədəbiyyat yoxdur.

Aqşin Yenisey



Türkiyədə "Aras" kimi erməni camaatı üçün işləyən qurumlar çoxdur və qanuna uyğun fəaliyyət göstərirlər.

Ümumiyyətlə, azərbaycanlıların Türkiyədə ermənilərə olan münasibətlərə görə Türkiyə haqqında fikir forlamaşdırması çox yanlış fikirdir. Ermənilər Türkiyədə etnik azlıq təşkil edən bir xalqdır. Türkiyədə baş verən bütün proseslərdə vətəndaş olaraq iştirak edirlər. Türkiyə vətəndaşları üçün qanunların nəzərdə tutduğu bütün imkanlar onlara da aiddir.

Türkiyə dövləti kürd millətçiləri ilə mübarizə aparır və heç bir türk Azərbaycanda kürdlərə olan mehriban münasibətə görə narahat deyil.

"Aras"ın Türkiyədə "ilin yayın evi" seçilməsində heç bir sorun yoxdur. Azərbaycanlılar üçün heç yoxdur. Burada özünü azərbaycanlı hesab edən, Səfəvilərdən qalma xeyli türkləşmiş azərbaycanlı var, onlar təşkilatlanmağa ehtiyac görməyiblər, çünki buna ehtiyacları olmayıb, din bir, dil bir, kültür bir.

Ermənilər isə fərqli durumdadırlar, onların da bir qismi türkləşsələr də, erməni kimliklərini qoruyub təşkilatlanıblar. Çünki türklərlə xeyli fundamental fərqlilikləri var.

Biz Türkiyənin ermənilərlə yox, Ermənistan dövləti ilə münasibətlərinə baxa bilərik. Hətta buna da özümüzü çox kökləməməliyik. Ermənilərlə torpaq problemi olan bizik, özümüz də öz problemimizi həll etməliyik.

Rəşad Məcid



İstanbul kitab sərgilərində olarkən “Aras” nəşriyyatının çap etdiyi kitabları görüb təəccüblənmişdim. Türkiyədə ermənilər var, yaşayır və tutaq ki, orada erməni nəşriyyatının olmasına da heç kim təəccüblü baxmır. İndi o qədər mükafatlandıran qurumlar var ki...

Hətta mənasız bir təşkilatı da böyük bir mükafatla təltif edirlər. “Aras” nəşriyyatı öz məhdud çərçivəsində hansısa nominasiya qalib olub, bunu böyük problem saymıram.

AYB-nin Türkiyədə kitab çapına gəldikdə isə uzun illərdi Avrasiya Yazarlar Birliyi və “Bəngü” nəşriyyatı ilə AYB-nin arasında müqavilə var. İndiyə kimi yüzdən çox ­– Mirzə Cəlildən, klassiklərdən başlamış, çağdaş gənc yazarların əsərlərini Bəngü nəşriyyatı çap edib. “İlesan”la müqaviləmiz var. Orada da Azərbaycan yazıçılarının əsərləri çap olunur.

Eləcə də Türk ədəbiyyat vəqfi ilə son illərdə əlaqələrimiz olur. Onlarla da kitab çapı mübadiləsi gedir. Öz şəxsi yolları ilə də kitablarını çap etdirənlər olur. Arzulayardım ki, Türkiyənin böyük sanballı nəşriyyatlarında da Azərbaycan yazıçılarının kitabları yayılsın.

Azad Qaradərəli



Təəssüf, bu gün Türkiyə reallığı belədir: ad, soyad türkcədir, amma özü ermənidir. Yalnız buynuzları çıxanda erməni olduğunu bildirir. Saytlar, nəşriyyatlar erməni mövzusuna ehtiyatla yanaşırlar. Elə hamımızın sevimlisi Sezen Aksu demədimmi ermənilərə canım qurban?! Əlbəttə, hamısı belə deyil.

O ki qaldı mənim kitablarımın nəşrinə, “Kaynak” nəşrlər evinə təşəkkür düşür. “Boyalıkuş” nəşriyyatına da o cümlədən. Elə bilirəm ki, bu haqda geniş düşünməyin vaxtıdır. Orada o qədər lazımsız kitablar çap olunub Azərbaycan adına, indi bizdən əsər çap etməyə ehtiyat edirlər.

Deyirlər, çap etmişik, qalıb zirzəmilərdə, satılmır. Orada yalnız istedadlı yazıçılar çap olunmalıdır, kim gəldi yox.

Ayxan Ayvaz



Deməli, ermənilərdə kitaba həssaslıq bizdən daha çoxdur. Onlar başa düşürlər ki, ədəbiyyat dünyada bir xalqı daha çox tanıda bilir. Pafosdansa yalançı urra vətənpərvərlikdənsə, ədəbiyyata yaxın gəlmək, kitab almaq, öz yazıçısını söymək yox, onunla fəxr etmək lazımdır.

Bu mənada ermənilər bir-birinin tərəfini tutur, təbliğatını aparır və bu da nəticə. Qonşu Gürcüstan da eynən ermənilər kimi öz yazıçılarını və ədəbiyyatını təbliğ etməklə artıq Avropanın qapılarını döyməkdədir.

Bircə biz hələ də manısları təbliğ etməklə məşğuluq. Hər gün erməniyə söyməkdənsə, bir kitab alsaq, bəlkə də bu gün bizim yazarlarımız dünyaya bir addım daha yaxınlaşardılar.


Müəllif: Dəniz Pənahova