5 Oktyabr 2019 09:50
1 434
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com “Bədii menyu” layihəsinə start verir. İlk qonaq şair-tərcüməçi Qismət Rüstəmovdur.

- İstər sənət, istərsə də həyat tərzi baxımından bizim ədəbiyyatçılar postmodernizmi həzm etməmiş metamodernizmə necə adlayacaqlar?

- Heç bir müəllifin hansısa ədəbi istiqamətə adlamaq məcburiyyəti yoxdur, amma çağdaş tendensiyalardan məlumatlı olmaq vacibdir. Əvvəla onu deyim ki, mən çox elementar sənət məsələlərinə münasibətdə xeyli həmkarımın, əslində, məşhur tendensiyaların üst qatını, texniki tərəflərini mənimsədiyini görmüşəm. Nə bilim, bəlkə bu da bir yoldur. Halbuki bu tendensiyaların hər birinin ciddi fəlsəfi, nəzəri, elmi arxa planı var.

İkincisi, məncə, bizim əksər ədəbiyyatçılar forma nəzəriyyəsini yaxşı bilmirlər və çox vaxt bu məlumatsızlıq özünü bir neçə cür göstərir: bəziləri formanı əhəmiyyətsiz hesab edirlər, bəziləri isə forma deyəndə mətnin ancaq zahiri korpusunu başa düşürlər.

Forma məsələsinə elə-belə gəlmədim, tutalım, estetik modernizmin əsas cəhətlərindən biri forma məsələləriydi, bunu nəzəri səviyyədə bilmədən metamodernist mətnləri uzağı yamsılamaq olar, bu da olacaq aksesuar metamodernizmi. Bilirsən, brend geyinmək maddi imkanla bağlı məsələdir, amma zövq daxili mexanizmdir.

- İdeya və ya poetik fikir qəflətən beyninizdə doğanda nə edirsiniz? Çünki bildiyim qədərilə uzun illər çalışıb özünüzü yazı masasına oturtmağa öyrətmisiniz...

- Mənim günümün çox hissəsi yazı masasında keçir, amma yazı masasının arxasında olmayanda ağlıma gələn fikirləri həmişə yanımda gəzdirdiyim bloknota qeyd edirəm, hər fikri yazmıram. Gündə beynimdən saysız-hesabsız fikir keçir, amma hamısını yazmıram, qeyd götürmürəm.

Deyəsən, yaxın illər ərzində ən böyük qazancım ötəri sentimental impulsları ötüşdürməyi öyrənmək olub. Bunun isə hələlik bircə yolunu bilirəm: Tərəddüdün sözünə qulaq asmaq...

- İlk cümlə, son cümlə sindromu yaşamısınızmı?

- İlk cümlə sindromum olub, son cümlə isə heç vaxt... Bir dəfə bir hekayə başlamalıydım, ha yazırdım, ilk cümlə ürəyimcə olmurdu, mən də belə bir cümləylə başladım: “Birinci cümlə necə olmalıdır?”

- Fridrix Şillerin qəribə yazı ritualı olub, çürük alma qoxusu olmasa yaza bilməzmiş, yaxud Eliot yaşıl rəngin tutqunu idi, üzünü yaşıla boyayıb yazırmış. O cümlədən Nabakov hər paraqrafı balaca kartlarda qeyd edərdi, beləcə, gəzintiyə çıxanda da yazmağa davam edə bilirdi. Coys çarpayıda üzü üstə uzanaraq böyük mavi qələmlə başdan ayağa ağappaq geyinərək yazarmış. Bəs sizin necə? Yazmaqla bağlı hər hansı bir ritualınız varmı?

- Bir dəfə bu barədə yazmışdım: son iki ildir səhər yuxudan oyanan kimi bir fincan kofe içə-içə dünya mediasından daimi izlədiyim bir neçə sayta baxıram, sonra dünənki gündən qalan qeydlərimə nəzər salmağa başlayıram. Bu qeydlərin yarısı yolda, işdə dama-dama dəftərə yazılmış qeydlərdir, yarısı isə evdəki fərqli-fərqli bloknotlara, balaca qeyd kartlarına yazılmış eskizlər.

Çap hərfləri ilə yazıram, sürətli yazdığım üçün xəttim dağınıq, səliqəsizdir, yalnız özümün başa düşdüyüm işarələrlə, ixtisarlarla doludur. Son iki-üç ildir ki, yalnız “Zebra”, “Piano” markalı 0,7 nömrəli qələmlərlə yazıram. Səhərlər dünəndənqalma qeydlərimi kompüterə köçürməyə başlayanda, bəzən bir mövzu başqalarından üstün çıxır, ona görə köçürmə işini yarımçıq qoyur, həmin mövzuya fokuslanıram.

Amma əsas çətinliyim konsentrasiyamı bir yerə toplamaq, bir işə fokuslanmaq üçün özümü məcbur etməkdir, bunun üçün xırda rituallarım var. Məsələn, eyni musiqiyə qulaq asmaq (axır vaxtlar köhnə Avropa xitlərinə), sevdiyim bir kitabın ən bəyəndiyimin parçasını yüksək səslə oxumaq. Həvəssiz,depressiv olduğum dövrlərdə yapışqanlı rəngli kağızlara direktivlər yazıb üzbəüz divardan asıram: Möhkəm ol! Həvəsdən düşmə!Ucsuz-bucaqsız azlığa yaz! Heç nəyə, heç kimə fikir vermə! Dünya səviyyəli olacaq!

- Bu günün romanında insan ağrısı yoxdur, sizcə olmalıdırmı? Sənət trendlə ayaqlaşmalıdırmı?

- Bu qənaətə hardan gəlmisiniz ki, bu günün romanında insan ağrısı yoxdur? Məsələn, Kazuo İşiquronun əsərlərində insan ağrısı yoxdur?

Trendə münasibət müəllifə görə dəyişə bilər. Mənim fikrim belədir: müəllif oxucunu da, trendi də nəzərə almalıdır, amma onlara hesablamamalıdır. Ən gözəlini isə Kalvino deyib: “Müəllif ehtimal edilən ideal oxucu üçün yazmalıdır.”

- Kimsəsiz kitablar olduğu kimi kimsəsiz yazıçılar da var, gəlin onlara ölü yazarlar deyək. Bəzən vaxt gəlir, onlar dirilirlər. Bizim ədəbiyyatdakı hansı ölü yazarlar dirilə bilər? Yaşayanlar da ola bilər... Proqnozunuz maraqlıdır?

- Marsel Düşamın məşhur pisuar hadisəsində sonra sənətşünasların bir xeylisi (məsələn, Artur Danto) dedilər ki, incəsənət dünyasında şərh, kommentariya, yəni böyük mənada hermenevtika istənilən adi nəsnəni sənət səviyyəsinə qaldıran kran kimidir. Bu mənada istənilən kitabın üstündə hermenevtik “dualar” oxuyub onu diriltmək mümkündür.

- Ədəbi qurumlardan ən çox tənqid olunan AYB-dir. Slavyan Universitetinin Yaradıcılıq fakültəsini AYB ilə müqayisə etsək, sizə də elə gəlmirmi ki, oxşarlıqlar var. Məsələn, xeyli istedadsız gənc Yaradıcılıq fakültəsində də vardı. Bəs Dillər Universitetində təzə açılan və rəhbəri olduğunuz Yaradıcılıq fakültəsində nə kimi yeniliklər olacaq?

- Müqayisə qüsurludur. Birincisi, Yazıçılar Birliyi 1934-cü ildən fəaliyyət göstərən bir qurumdur. Yaradıcılıq fakültəsi 2007-ci ildə universitet tərkibində yaradılan bir yaradıcılıq atelyesidir.

İkincisi, istedad təşkilatlarla bağlı məsələ deyil. Bütün dünyada Yaradıcılıq fakültələri kimi atelyelər istedadı olanların istedadını cilalamaq, öz səsini tapmağa yardımçı olmaq, digərlərinə isə ən azı bir mətni necə oxumaq, necə anlamaq lazım olduğunu öyrətmək üçündür. Təbii ki, ötən illərin təcrübəsi bizə çox şey öyrətdi, bu ilki qəbulda xeyli diqqətcil olduq, 50 nəfər də qəbul edə bilərdik, amma say çoxluğuna qaçmadıq, 22 nəfəri qəbul etdik.

Bilirsiz ki, akademik Kamal Abdullanın ideyası ilə yaradılan bu fakültədə ötən illərdə simvolik ödəniş olsa da, bu ildən təhsil pulsuzdur. Bu il qəbul olunan gənc yazarların xarici dil öyrənməyinə xüsusi diqqətlə yanaşırıq, əvvəlki illərdən fərqli olaraq ikinci kursda tələbələri həm ölkə daxilindəki, həm də xaricdəki yay-qış məktəblərinə cəlb etməyi düşünürük. Çünki təhsil nəzəri biliklərin ötürülməsi deyil, öz mühitini tanımaq, dünyadakı həmkarlarınla ünsiyyətdə olmaq da bilikdir.

- Paytaxtdan kənarda, bölgələrdə fakültəni açmağı düşünürsünüzmü? Sanki bütün mədəni proseslər paytaxtda baş verir. Hətta mədəni proses bir yana, heç kitab mağazası olmayan bölgələr, qəsəbələr görmüşəm.

- Fakültənin miqyasını bölgələrə doğru yaymaq ideyası var, amma bu yaxın zamanın işi deyil. Bunun üçün fakültənin statusunu populyarlıqdan da o yana keçirmək lazımdır, bunu isə ancaq Kamal Abdulla edə bilər. Bu möhtəşəm ideyanın müəllifi kimi 2007-ci ildən bu yana Kamal müəllim bütün işinin-gücünün yanında bu fakültənin yaşaması üçün çalışıb, 12 ildir bu fakültə onun bu ideyaya inamına görə yaşayır.

Dünən sən özün bizim tələbəmiz idin, bu gün artıq mühitə inteqrasiya olursan, işə düzəlmisən, həmkar kimi məndən müsahibə alırsan, elə bilirəm, belə faktlar az deyil.

- Rilkenin və Baxmanın bir-birinə bənzəyən bir fikrini xatırlayıram, təxminən belədir: "Şeir tərcümə edən adam bir növ şair olmalıdır. Ən azından sözün bəstəkarı olmalıdır." Xarici dil bilməklə yanaşı, tərcümə edən adamın mədəni dünyagörüşü də önəmlidir. Tərcümə baxımdan sizi narahat edən nələrdir?

- Bu günün dünyada şeir tərcüməsində poetik tərcümə metodu demək olar ki, işlək deyil, əsas istiqəmət sətri tərcümələrdir. İndiki sürət əsrində maksimalizm effektiv deyil. Rilkenin sonetlərini öz ölçüsündə orijinala yaxın gözəllikdə poetik tərcümə etmək arzusu gözəl olsa da, buna illər, bəlkə də qərinələr lazımdır.

Amma şərhlər əlavə edilmiş sətri tərcümə daha operiv yoldur. Bu təkcə bizim dilə olan şeir tərcümələr üçün keçərli deyil, bizim dildən olan tərcümələr üçün də hələlik ən yaxş yoldur. Maksimalizm anaxronizmə də apara bilir.

- Borxes gəncliyində özünü şair kimi görürdü. Deyirdi ki, elə bilirdim nəsr yazsam, ədəbiyyatda özümü dəvətsiz qonaq kimi hiss edəcəm. Keçirdiyi qəzadan sonra nəsr yazmağa başlayıb. Siz necə düşünürsünüz ədəbiyyat tale məsələsidir, yoxsa?

- Hamı keçirdiyi qəzadan sonra Borxes olmur...

- Cinsi oriyentasiya azadlığı ilə bağlı yazılmış mətn estetik meyarlara cavab verirsə, ona ədəbiyyat demək olarmı?

- Əlbəttə. Bu, neçə əsrdir artıq müzakirə mövzusu deyil.

- Fastfud filmlərə, fastfud ədəbiyyata alternativ olaraq həmin mətnləri bədii menyu kimi sunmaq olarmı?

- Mövzusundan asılı olmayaraq istənilən yaxşı mətni belletristikaya alternativ göstərmək olar. Bizim tələskən dünyamızda insan ac qalmamaq üçün arada fastfud da yeməli olur. Bir dəfə demişdim axı: “...indi hər yerdə tıxacdı, ürəklərdə də...”

- "Çətir eynək və s." verlişi bərpa olacaqmı?

- Çalışırıq ideyanı ölməyə qoymayaq. Bir-iki yerdən işıq ucu görünür, hələ bilmirik ki, nöyüt lampasıdır, yoxsa Edison lampası?


Müəllif: Dəniz Pənahova