8 Oktyabr 2019 10:59
1 134
12 Punto 14 Punto 16 Punto 18 Punto

" Radio Antenn"in yeni layihəsi olan "Canlı kitab" verilişi bu ilin sentyabrından həftə ərzində 5 gün saat 10:00- 12:00 aralığında canlı yayımlanır. Radionun canlı efirində əsərləri aktyor Kamal Yaşar səsləndirir.

Verilişdə yerli və dünya ədəbiyyatından hekayələr təqdim olunur.

Həftənin cümə günləri isə tanınmış ədəbiyyat adamları ilə müzakirə saatı keçirilir.

Teleqraf.com “Radio Antenn”in “Canlı kitab” verilişinin aparıcısı Kamal Yaşarla müsahibəni təqdim edir.

- Sovet dönəmində qiraətlə bağlı müəyyən verilişlər vardı. Nağıllar, hekayələr, şeirlər səslənir, eyni zamanda kitablar təbliğ olunurdu. Ancaq indi nə radioda, nə də televiziyada bu cür layihələrə ə rast gəlirik. Verilişiniz barədə ətraflı danışardınız, ideya sizə məxsusdur?

- Vaxtilə belə gözəl şeylər olub. İndi hər şey, özü də təkcə bizim reallıq yox, hər yer dəyişib, dəyərlər deformasiya olub, münasibətlər qarışıb və bir çox gözəlliklərin üzərini toz basıb.

Bu layihə bir fikir kimi reklamçı-prodüser Vüqar Sənaniyə məxsusdu və radio rəhbərliyinə məhz o təklif edib. “Radio Antenn”in rəhbəri Rövşən bəy də sağ olsun, təklifi isti qarşıladı və həyata keçirilməsinə şərait yaratdı.

- Kitab səsləndirməklə yanaşı cümə günləri kitab müzakirələri də olur. Gələcəkdə yeni nəşr olunan kitablara da diqqət ayıracaqslzmı?

- Bəli, kitabları da müzakirə edirik, özü də olduqca maraqlı müzakirələr keçir. Yeni nəşr olunan kitablar ciddi ədəbiyyat nümunəsi olsa, onları qiraət edə bilərik. Cümə müzakirələri sadə dinləyicilər, eləcə də peşəkarlar tərəfindən çox yüksək qiymətləndirilir. Çalışırıq qonaqlarımız da peşəkarlar olsunlar. Görünür, dinləyicilərimiz belə gözəlliklər üçün çox darıxıb.

- Yeri gəlmişkən, dinləyicilərdən gələn reaksiyalar necədir?

- Çox yaxşı və çox isti qarşılandı. Dinləyicilərimiz yaxşı işə həmişə həssasdı. Sadəcə müəyyən faiz nisbəti var bu məsələlərdə. Ən əsası, biz öz missiyamızı yerinə yetiririk. Gerisi nə olsa, olana şükür.

- Cəmiyyət daha çox şouya, müəyyən qədər ictimai-siyasi xəbərlərə diqqət kəsilirlər. Sanki insanlar bədii zövq almaq duyğusunu itiriblər. “Canlı kitab” verilişi bu ortamda necə qarşılanır?

- İnsanları öyrəşdiriblər... Gözəl şeylər heç zaman itmir. İnsanlar bədii zövq duyğularını qeyb etməyiblər. Sadəcə o duyğuları bir növ kənara qoyublar, o duyğular da tozlanıb. Biz o tozu almağa niyyətliyik.

- Verilişdə həm yerli, həm də dünya ədəbiyyatına müraciət edirsiniz. Əsərlər sizin zövqünüzə uyğun seçilir, yoxsa başqa biri tərəfindən hazırlanır?

- Əsərləri mən seçib prodüserə bildirirəm. O da rəhbərliyə çatdırır, rəhbərlik təsdiq edirsə, prodüser kitabxanalardan həmin əsəri tapır. Yox, təsdiqlənmirsə, alternativ təklif edilir.

- Azərbaycan ədəbiyyatından hansı yazıçların əsərləri nəzərdə tutulub?

- Klassikadan üzü bəri, müasirlər də daxil olmaqla bütün ciddi müəllifləri, xüsusilə hekayə ustalarının əsərlərini səsləndirməyi hədəfləyirik.

- Gənc yazarların əsərlərini səsləndirməyi planlayırsınızmı?

- Aralarında ciddi ədəbi nümunələr olsa təbii ki, seçilib təsdiqlənəcək və səsləndiriləcək.

- Bildiyim qədəri ilə verlişdə kiçik həcimli əsərlər səsləndirilir. Gələcəkdə romanları hissə-hissə səsləndirməyi düşünürsünüzmü?

- Radioformata görə istəyirik ki, dinləyici bir buraxılışda ən azı bir və ya bir neçə materialı dinləyə bilsin. Ehtimal ki, romanlar da olacaq. Çünki bu layihə həm də görmə məhdudiyyətli vətəndaşlar üçündür və qarşıdakı planlarda romanlar da istisna deyil. Görmə əngəlli həmvətənlərimizin də roman dinləməyə haqqı var və çalışacağıq ki, bunu da edə bilək.

- Özünüz hansı əsərləri sevirsiniz? İstər yerli ədəbiyyatdan, istərsə də dünya ədəbiyyatından...

- Daha çox insan hekayəsini ələ alan, maksimum intravert personajlarla zəngin olan əsərləri...

-“Dan yeli” və bu kimi bir neçə qısametrajlı filmlərin rejissorusunuz. Necə oldu müharibə mövzusunda film çəkmək qərarına gəldiniz?

- Mən eyni zamanda tammetrajlı sənədli filmlərin də müəllifiyəm. “Dan yeli” filmi isə Mədəniyyət Nazirliyinin layihəsi idi və “Azərbaycanfilm” kinostudiyasının baza dəstəyi ilə çəkildi. Ssenarisi artıq başqa adla mövcud idi. Yəni məndən öncə artıq mövzu seçimi edilmişdi. Mən sadəcə ssenarini təhvil alıb yenidən işlədim və müharibə fonunda “müharibəsiz müharibə filmi” çəkməyə cəhd etdim.

- Berlin film festivalına da qatılmışdınız. Necə keçdi?

- Çox ali və çox adi!

- Müasir Azərbaycan filmindəki qüsurlardan danışaq bir az... Niyə bizdə dünyada tanınan rejissorlar yetişmir?

- Mən qüsurlardan danışmağı sevmirəm. Zatən problemlər heç vaxt danışıqla həll olunmur. Mənə elə gəlir ki, bizim sevgi çatışmazlığımız var. Həm də fərdi xarakter və orijinallıq... Biz özümüzdən qopmuşuq. Özümüzə qayıtmayınca alınmayacaq... Özümüzə rişxənd etdikcə batacağıq. Məsxərə edərək bir-birimizi məhv edib yoxluğa gömüləcəyik.

- Gəlin bir az da radiodan danışaq. Avropada müharibənin böhranlı dönəmində insanların əsas əyləncəsi radio idi. Ailələr radionun başına toplaşıb böyük maraqla radioda verilişlərini gözləyirdilər. İndisə radionu daha çox maşınlarda dinləyirlər. Sizi filmdən radiyoya gətirən nə oldu?

- İndi alternativ informasiya mənbələri çoxdu. İnsanlar həm də informasiya həmləsindədi. Bu isə ruhi parçalanmalara gətirib çıxarır. İnsanların aram davranışı itib. Hamı səbirsiz olub, ünsiyyət soyuyub. Dövrlə ayaqlaşmaq da lazımdı. Amma özünü itirmədən.

Avtomobildə radio dinləmək normal bir haldı. Ancaq intellektual dalğa tapmaq problemdi. Biz hər günün iki saatını ədəbiyyata həsr etmişik və bununla qürur duyuruq.

Mən təkcə radioda deyiləm, əslində hər yerdəyəm... Nəsimi demiş, laməkanam. Radio, yəni nitq, ünsiyyət, qiraət mənim təhsilimlə bağlıdı. Mən bakalavr və magistr təhsilli rejissoram. Təbii ki, mənim tədrisimdə aktyorluq tərkib hissə idi, yəni mən həm də aktyoram. Nitq, ünsiyyət, səhnə danışığı, bunlar bizim vacib komponentlərimizdi. Bunlara uzun illərin zəhmətiylə yiyələnmişəm.

Paralel sahəm dublyajdı. Eyni zamanda uzun illər televiziya təcrübəsinə sahibəm. Sənədli və bədii filmlər rejissoruyam. Eləcə də kino və teatr tamaşaları haqqında çoxsaylı resenziyaların müəllifiyəm. Yəni əslində əsas peşəm rejissorluqdu - teatr və kino üzrə. Eləcə də TV, mətn, radio, dublyaj, mətbuat bunun tərkib hissələri və alternativləridir ki, mən də onlardan yetərincə yararlanıram.


Müəllif: Dəniz Pənahova