9 Oktyabr 2019 14:08
1 218
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Gənc Ədiblər Məktəbinin üzvləri ilə filologiya elmləri doktoru, mərhum şair Əli Kərimin oğlu Paşa Əlioğlu ilə görüş keçirildi. Görüşdə əsasən Əli Kərimin yaradıcılığından danışıldı.

…Yarım saat tez gəlmişdim AYB-yə. Hələ ins-cins gözə dəymirdi. Eynəkli bir gənc ‘‘Natəvan‘‘ klubunun qapısı ağzında dayanmışdı. Az sonra şair Qəşəm Nəcəfzadə göründü. Yolüstü eynəkli gənclə salamlaşdı. Görüşün kiminlə keçirildiyini soruşanda gənc “Əli Kərimlə” deyə cavab verdi.

Qəribə yanlışlıqdı. Şairin Füzuliyə həsr elədiyi bu misraları xatırladım: ‘‘Dünya səni qocaltdı, yaşıdın olsun deyə…‘‘ Misraları Əli Kərim üzərinə köçürdüm: ‘‘Dünya səni tez apardı, əbədi yaşatsın deyə‘‘. Əli Kərim öz fərqli üslubu, nəfəsi ilə Azərbaycan şeirində həmişə yaşayan şairdi.

Nəhayət, “Natəvan” klubunun qapısı açılır, biz içəri keçirik. Bir azdan universitetin filologiya fakültəsinin tələbələri içəri axışdı. Telefonla şəkil çəkilişlərinə başladılar. Müəllimləri qrup yoldaşım olub. Tələbələrə üzünü tutub dedi: ‘‘Yerinizi elə bərkidin ki, qoca yazıçılar gəlsə durmayın. Bu gün gənclərlə görüşdü. Aranızda bildiyimə görə, şeir yazanlar var, kimlərdi deyin görüm…‘‘

Heç kimin cınqırı çıxmadı, müəllim təkid etdi: ‘‘Niyə çəkinirsiniz, utanmayın, kim yazırsa, onun üçün bir şansdır. Burada ‘‘Ulduz‘‘ jurnalı var, çap olunmaqla yanaşı pul da qazana bilərsiniz. Qonorar da verirlər‘‘.

Bu sözə bəndmiş kimi tələbələrin çoxu əlini qaldırdı. Yanımdakı qız mənə yaxınlaşıb Feysbuk statuslarını göstərdi: ‘‘Bu tipli, çox kiçik yazılar yazıram, görəsən, tədbirdə oxuya bilərəm? Kiçik yazılardı, düzgün olar?..‘‘

Dedim, əlbəttə, olar, yaponlarda hayku janrı var, bizdə bayatı. Çox keçmədi, üzündə təbəssüm AYB-nin katibi Rəşad Məcid göründü. Gənc ədiblərin az olduğunu görüb tələbələri dəyirmi masaya dəvət etdi. İştirakçılara AYB-nin təşəbbüsü ilə təzə çapdan çıxmış Əli Kərimin ‘‘Meronun yaylı qapıları‘‘şeirlər kitabı paylandı. Qeyd edim ki, kitabın önsöz müəllifi Rəşad Məciddir.

Daha sonra Paşa Əlioğlu təqdim olundu.

Açılışı edən Rəşad Məcid Əli Kərimin ‘‘Atamın xatirəsi‘‘ şeirini oxudu. Özü də əzbərdən…

Paşa Əlioğlu ədəbiyyatşünas kimi Əli Kərim şeirlərinin ədəbi-bədii keyfiyyətlərindən, Qorki adına Moskva Ədəbiyyat İnstitutundakı təhsilindən, üslubunun yenilikçiliyindən söz acdı. Bildirdi ki, Əli Kərimin nəinki sərbəst, hətta heca şeirləri də çox sevilirmiş: “Ənənələri dağıtmadan ənənələrə nəfəs gətirdi”.

Gənc ədib və tələbələr şairin məşhur şeirlərini səsləndirdilər. Gənclərdən biri sual verdi ki, Əli Kərim ənənələri dağıtmırdısa, necə yenilikçi şair idi? Görünür, bu gənc Əli Kərimin yaradıcılığına yaxşı bələd deyildi. Onun yadına orta məktəb dərsliyində keçdiyimiz ‘‘Ana‘‘ şeirini saldım:

Demirəm göy kimi ucadır adın,

Yox, yox, alçalmasın söhbətin, sözün.

Məktəb vaxtı şagirdlərin şoxu bu şeiri əzbərləyirdi, fəqət müəllifin kim olduğuna elə də diqqət yetirmirdi. Xatırlayıram, bizim müəllimimiz həmişə sonda müəllifin kimliyini soruşar, bilməyən şagirdlərə şeiri gözəl desə də qiymətini aşağı salardı.

Fürsətdən istifadə edib Paşa Əlioğluya bir sual ünvanladıq: “Paşa bəy, Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alanda Əli Kərimin Boris Pasternakla söhbətləşdiyi haqda eşitmişəm. Bu söhbət barədə sizə xatirələrini danışıbmı?”

Paşa Əlioğlu bu barədə bir şey xatırlmadığını dedi. Həm də o zaman Paşa uşaq olub. Amma Əli Kərimin Qorkidə Nazim Hikmətə şeir oxuduğunu dəqiq bilir. Şeirin son bəndi rusca imiş. Nazim Hikmət o şeiri Əli Kərimdən alır. Sonralar nə qədər axtarılsa da, həmin geri tapmaq mümkün olmur.

Mən özüm Elza xanımın ‘‘Nə xoşbəxt imişəm…‘‘ adlı xatirə kitabını oxuyanda maraqlı bir abzasa rast gəlmişdim. Elza xanım Əli Kərimə həmin şeiri yenidən yazmağı təklif edir. Amma şair birinci yazılanın daha gözəl olduğunu, ikinci dəfə həminki kimi alınmayacağını bildirir.

Tələbələrdən biri Əli Kərimin şeirlərinin ruscaya tərcümə olunub-olunmadığı ilə maraqlanır. Paşa bəy bildirir ki, sovet dönəmində tərcümələr olub, amma o qədər də uğurlu alınmayıb.

Daha bir sualı mən verirəm: “O vaxt Əli Kərim poetik mənada baryerləri, qəlibləri qırmışdı. Bir ədəbiyyatşünas olaraq indiki gənc yazarlarda Əli Kərim kimi üslubçu, yenilikçi ruhu görürsünüzmü?”

O, adlar çəkməsə də çağdaş ədəbiyyatımızda bir çox şairlərin şeirlərində Əli Kərim təsirini gördüyünü bildirir.

Mən sözümə davam etdim:

- Əli Kərimin öz dövründə belə bir tənqidi varmış. Gənclərə, yaşıdlarına deyirmiş, qəhmət çəkin dünya ədəbiyyatını oxuyun. Həmin zamanda dünya ədəbiyyatı nümunələrini tapmaq, hətta türk yazıçılarının əsərlərini oxumaq çətin olurdu. Amma indiki vaxtda bu daha rahat və əlçatandı. İndi də oxucular dünya ədəbiyyatını çox oxuyur, öz ədəbiyyatımızı yaxşı bilmirlər. Ədəbiyyatşünas kimi bunu necə dəyərləndirirsiniz?

Paşa Əlioğlu: “Əli Kərim öz ədəbiyyatımızı oxumayın deməmişdi... İndi vəziyyət bir qədər fərqlidir. Hamı yaxşı ədəbiyyat oxumağa çalışır”.

Rəşad Məcid də gənclərə irad tutur. Bildirir ki, öz yazıçılarımızı oxumasanız, dili gözəl bilməsəniz ortaya heç nə qoya bilməyəcəksiz: “Dünya üçün maraq doğurmaq asan deyil. Müasir Azərbaycan ədəbiyyatını, ən əsası, dastanları, nağılları, klassik ədəbiyyatı dərindən bilmək lazımdı”.

Tədbirin sonunda hamı Paşa Əlioğluna kitabları imzalatdı. Gənclərdən biri pıçıldadı: “Barı, imzanı Əli Kərim kimi çəkin…”





Müəllif: Dəniz Pənahova