21 Oktyabr 09:29
713

Bakıda yenicə istifadəyə verilən ‘‘Kitab dayanacağı‘‘ Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti əməkdaşları tərəfindən sökülüb. Layihə “Proqress klub”un təşəbbüsü ilə yaradılmışdı.

Teleqraf.com bu layihənin yaradılması və sökülməsi məsələsinə münasibət öyrənib.

Şair Salam Sarvan

Yaxşı təşəbbüs idi, dünyada belə təcrübə var, faydası da çox olub. Bilmirəm, niyə götürüblər, ancaq hərdən mənə elə gəlir ki, bu ölkədə kitab görəndə qıdığı gələn xeyli sayda məmur var.

Yazıçı Şərif Ağayar

Bu cür hadisələr gözləniləndir. Çünki kitab sənayesində bu cür məsələlərin kökündən həlli üçün bunlar incə detallardı. Ola bilsin, təşəbbüskarlar Ticarət Departamentindən icazə almayıb və onların əllərində bir əsas olub. Hərəkətə maneə törədib və sair.

Bu iş sistemli şəkildə qurulmalıdı. İctimai təşkilatlar yaradılmalıdı. Media, qələm adamları məsələni qaldırmalıdırlar və kitab sənayesinin, bütöv bir sistemin tamamilə müasir prinsiplərə uyğun qurulması dövlətin dəstəyi və yerli icra sturukturlarının köməyi ilə həll olunmalıdı.

Söhbət beynəlxalq kitab sərgilərində təmsilçilikdən, müstəqil nəşriyyatların formalaşmasından, kitab mağazalarının açılmasından, Bakı kitab sərgisinin müntəzəm keçirilməsindən gedir. Demək istəyirəm ki, kitab sənayesi köklü şəkildə inkişaf etdirilməlidir. Tamamilə əminəm ki, ölkə rəhbərliyi bu təşəbbüsə heç vaxt yox deməz.

Yazıçı Azad Qaradərəli

Onu sökənlər və sökdürənlər kimdirsə, adları üstündədir. Kitabsızlardır. Nənəm bir şeyə ürəkdən and içəndə kitab haqqı deyərdi, bu barədə bir essem də var. Kitab bizdə müqəddəs anlayışdır. Təəssüf edirəm.

Şair Aqşin Yenisey

Lap aksessuar kimi də olsa, kitabı kütləviləşdirən işartılara bu şəkildə müdaxilə gələcəyimiz üçün təhlükədir.

Nəzərə almaq lazımdır ki, müsəlman ölkəsiyik, birkitablı cəmiyyətik. Kitab alternativsizliyi düşüncə, fikir, həyat tərzi alternativsizliyini yaradacaq.

Mən nə baş verdiyindən xəbərsizəm, amma o köşkləri sökən, yaxud sökdürən məsul şəxslərin düşüncəsi ilə kütləvi düşüncənin üst-üstə düşdüyü ortadadır. Çünki xalqımızın böyük bir qismi o köşkləri fitə basırdı sosial şəbəkələrdə. Pozitivizmin yer-göyü bürüdüyü bir zəmanədə belə darğavarı qanqaraçılıqlar adamı ruhdan salır. Gələcəyə olan inamını azaldır.

AYB-nin katibi Rəşad Məcid

Həmin layihə ilə bağlı geniş məlumatım olmadı, amma Çingiz Abdullayev açılışda iştirak etmişdi. Soruşdum ki, məğzi nədi ? Satışdı, yox, kitab dəyişdirməkdi, yox, boş yerə ora kitabı qoyublar hansı məqsədlə? Çox mənasız ideya idi. Əslində kitabı hörmətdən salmaq idi. Necə yəni çölün ortasına kitabı qoy ki, kim istəyir, gəlib götürsün?

Kitabı o dərəcədə ucuzlaşdırdılar? Məncə, düz deyildi, yaxşı edib söküblər.

Yazıçı Ayxan Ayvaz

‘‘Kitab dayanacağı‘‘ yaradılanda ilk sevinənlərdən biri mən oldum. Həqiqətən çox gərəkli layihə idi. Xaricdə kitablar üçün bu cür yerlər var. Bilirəm ki, Moskva metrolarında kitab köşkləri olur. Gedəcəkləri stansiyaya qədər sərnişinlər oxuyurlar kitabı, sonra düşdükləri stansiyadakı digər köşkə qoyurlar.

Hər ölkə öz qaydasını tətbiq edir. Məsələn, Londonda hekayə köşkü var. Terminala vurursan, 5-10 dəqiqəlik, yaxud neçə dəqiqəlik istəsən o dəqiqəyə uyğun hekayə çıxır və sən oxuyursan. Avtobus gözləyənəcən vaxtını keçirmək üçün nəzərdə tutulub.

Bizdəki “kitab dayanacağı”nı hətta lağlağıya qoydular, dedilər “bomj”lar girib dağıdacaq oranı.

Kampanya başladıb yuxarı dairələrə çatdırılmalıdı. Şəhərin görüntüsünü pozmadığı haqqında məlumat verilməlidi. Bu addım əksinə, Bakını daha gözəl edir. Turistlər buranın mədəni şəhər olduğunu görərlər.

Kampaniyaya media, deputatlar, sənət adamları, ziyalılar qoşulsa, layihə yenidən bərpa olunar.

Radio-aparıcı Kamal Yaşar

Mən departamentin iş mexanizmini bilmirəm. Təbii ki, ölkədə hər şey, hətta bütün yaxşı şeylər də qanun çərçivəsində olmalıdı. Amma bu, əvvəl hesablansa daha yaxşı olar. Çünki həssas məqamda belə şeylər əks-təsir yaradır, aqressiyaya səbəb olur və insanlar haqlı şəkildə inciyirlər.

Əhali belə gözəl işlərə təşnədi. Onları belə gözəlliklərlə tez-tez sevindirmək daha uyğundu, faydalıdı, nəinki əksinə. Ona görə ümid edək ki, əlaqədar qurumlar belə həssas məsələlərdə daha diqqətli olacaqlar.

İnanıram ki, məsələ həllini tapacaq və bu dəfə nəinki bir, hətta bir neçə bu cür “kitab dayanacağı” yaradılacaq.


Müəllif: Dəniz Pənahova