22 Oktyabr 2019 09:30
1 608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son vaxtlar kitaba, ədəbiyyata maraq artıb. Kitab sərgilərinin, festivalların təşkili, sosial şəbəkələrdə kitab təbliği mütaliədə canlanma yaradıb.

Bu canlanmanı, kitaba, mütaliəyə, teatra marağı öyrənmək üçün sorğu keçirdik. Sorğumuz bir avtobus marşrutunu əhatə edirdi. Suallar sadə idi: Axırıncı dəfə nə vaxt kitab oxumusunuz? Nə vaxt pul verib kitab alıbsınınız? Evinizdə kitab rəfi varmı? Son dəfə hansı tamaşanı izləyibsiz?

Öncə “Aranızda kitab oxumağı sevən varmı? - deyə soruşduq. - Əgər aranızda kitab sevən varsa, lütfən əlini qaldırsın‘‘

Adda-budda əllər göyə qalxdı. Arxada oturan bir neçə gənc oğlan gülüşdü, biri mənə yaxınlaşdı. Sevindim, heç demə, düşməyə hazırlanırmış. Əl qaldıran adamlara bir-bir yaxınlaşdım. 35 yaş civarında bir kişi məni çağırdı. Gedib yanında əyləşdim.

- Nə sorğudu? Kitabla bağlıdırsa, əlbəttə, iştirak etmək istəyərəm. Mən özüm nəşriyyatda çalışıram, kitab çap edirəm. Amma ad çəkə bilməyəcəm, təəssüf ki.

Təsadüfə baxın, bu adam elə bil göydən zəmbillə enmişdi. Adının Ziya olduğunu bildirdi:

- Axırıncı dəfə ‘‘Cinayət və cəza‘‘ əsərini oxumuşam. Hələ bitirməmişəm. Qeyd edim ki, əsər Dostoyevskinin deyil. Müasir türk yazarı, 19 yaşlı Kənan yazıb, soyadını unutmuşam.

- Bəs axırıncı dəfə hansı teatra getmisiniz?

- Teatra getmirəm. Mənə nə verəcək axı? Amma kitab oxumağı sevirəm. Nəşr etdiyimiz kitablar maraqlı gəlir, oxuyuram. Bu yaxınlarda yerli müəlliflərdən birinin kitabını çap elədik. Elə də məşhur imza deyil. Adını da unutmuşam. Polisdən bəhs edirdi.

- Bəs, evinizdə kitab rəfi varmı?

- Əlbəttə, var. Nəşriyyatdakı kitablardan sevdiklərimi toplayıb evdə kolleksiya yığmışam.

Daha bir həmsöhbətim Aytəkin xanım isə Mark Levinin rusca “Kölgə oğruları” əsərini oxuduğunu vurğuladı. Axırncı dəfə pul verib kitab aldığını isə xatırlamadı. Buna baxmayaraq evlərində kitab rəfi var. Teatra isə axırınca dəfə uzun illər bundan öncə Rusiyada gedib.

Yaşlı nəslin nümayəndəsi olan Nəcibə xanım məni yanına çağırdı. Onun da öz fikri var:

- Qızım, gənclər kitab oxumurlar. Düzünü deyəcəm... Mən özüm çox oxumuşam. Vaxtilə mütaliəni çox sevirdim. Daha oxuya bilmirəm. Vaxt yoxdu, teatra da getməyə macal tapmıram. İlyas Əfəndiyevin bir çox əsərlərini oxumuşam. Kitabın bahalığına qalanda, kitabı sevən adam üçün bu, problem olmamalıdı. Necə olsa gedib kitab tapıb oxuyacaq.

Kitab gərək adamı özünə çəksin. Mən kitab oxuyanda, onu əlimdən yerə qoymaq istəmirəm. Hardasa sonuncu dəfə 5 il qabaq pul verib kitab almışam. Evimdə çox böyük kitab rəfi var.

Gənclərdən biri bizə yaxınlaşdı. Axırıncı dəfə Dostoyevskinin ‘‘İdiot‘‘ əsərini oxuyub. Təxminən 3-4 ay bundan öncə kitabı bitirib: “İşimlə əlaqədar çox oxuya bilmirəm. Düzü, özüm pul verib kitab almamışam. Adətən, hədiyyə ediblər. Mən özüm də bu yaxınlarda kitab hədiyyə etmişəm. Ahmet Batmanın ‘‘Gök yüzüne not‘‘ əsərini. Axırıncı dəfə Akademik Dram Teatrında ‘‘Qacar‘‘ tamaşasını izləmişəm.‘‘
Ədalət Xudaverdiyev isə bizimlə söhbətə qoşulan ən yaşlı sərnişin oldu. 63 yaşında idi: ‘‘Əvvəllər çox oxuyurdum. Əsasən bədii-dedektiv kitablara marağım vardı. Cəmşid Əmirovun kitablarını çox sevirdim. ‘‘Qara volqa‘‘, ‘‘Brilliyant məsələləri‘‘. Filmlərinə də baxmışam. Sonuncu kitabı 1988-ci ildə oxumuşam.

Şəhərdə ətrafa baxıram, kitab dükanı gözümə dəymir. Teatra getmirəm, teatra maraq göstərən adam deyiləm. Evimizdə oğlumun kitab rəfi var. Amma zövqümüz toqquşur. Onun oxuduğu kitabları mən oxuya bilmirəm... “


Müəllif: Dəniz Pənahova