22 Oktyabr 2019 11:47
1 266
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə ilə müsahibəni təqdim edir.

- İntiqam bəy, siz redaktor olmaqla yanaşı sovet dönəmində tərcüməçi, ssenarist kimi də fəaliyyət göstərmisiniz. Yenə tərcümələr edirsinizmi?

- Dolanışıq və maddi vəziyyətimizi yaxşılaşdırmaq məqsədilə müəyyən tərcümələri edirəm. Mən bunu ədəbiyyat işi saymıram. Azərbaycanda rusdilli insanlar çoxdur. Bəzən kimsə mənə yazısını verir, rus dilindən Azərbaycan dilinə tərcümə edirəm. Kitabların tərcüməsindən gələn qonorar çox cuzi məbləğ olur. Ona görə dəymir tərcümə etməyə...

Yaxşı tərcümə problemi gedib maliyyə məsələsinə dirənir. Mən 44 ildir “Azərbaycan” jurnalında çalışıram. Jurnala, əvvəlcə tənqid şöbəsinə ədəbi işçi kimi gəlmişəm. Daha sonra şöbənin müdiri vəzifəsində çalışdım. Ardınca jurnalın məsul katibi vəzifəsinə təyin olundum. Uzun illər bu vəzifəni icra etdim.

Yusid Səmədoğlunun rəhbərliyi dövründə “Azərbaycan" jurnalında baş redaktorun müavini idim. Yusif müəllimdən sonra özünün məsləhəti və təklifi ilə “Azərbaycan” jurnalının baş redaktoru təyin edildim. 22 ildir baş redaktoram.

- “Rast”, “Təxəllüsü Mixaylo” kimi onlarla tanınmış sənədli filmə ssenari yazmısınız. İndiki filmlərimiz sovet dönəmində çəkilən filmlər kimi böyük maraq doğurmur. Sizcə, bunun əsas səbəbləri nədi?

- İstərdim bu fikrimi oxucular düzgün başa düşsün. Bəzi adamlar deyirlər ki, bu bir mənəviyyat işidir, yazıçı yalnız yazıçılıqla, şair şairliklə məşğul olmalıdır. Amma yazıçıların da, sənət adamlarının da əlavə gördükləri iş olur. Onlar da öz ailələrini dolandırmalıdılar.

Son 10 ildə kino sahəsində mənə xeyli sifarişlər gəldi. Orada yaxşı qonorar var, amma sovet dönəmi ilə müqayisə eləsək, yenə çox azdır. Kinodan gələnm qonorar ailə büdcəsinə yetəcək, onu yaxşılaşdıracaq səviyyədədir. Bu mənada mənim “Təxəllüsü Mixaylo”, eləcə də, Topçubaşovun həyat və yaradıcılığından, sülh konfransında iştirakından bəhs edən filmlərim ərsəyə gəldi.

Vaxtilə Azərbaycan televiziyasında “Aztelefilm” Birliyi vardı. Orada da Qara Qarayevdən, Xəyyam Mirzəzadədən, Cahangir Cahangirovdan, böyük ustad, bəstəkar, cazmen Vaqif Mustafazadədən bəhs edən filmlərim çəkilib. Vaqif Mustafazadəni şəxsən tanıyırdım. Onun taleyi məni həmişə düşündürüb. Onunla bağlı həmişə nəsə eləmək istəmişəm.

İndiki filmlərin maraq doğurmamasına gəldikdə, ümumiyyətlə, yaradıcılıq ab-havasının canlanıb-zəiflədiyi, yaradıcılıq prosesinin yüksəldiyi və endiyi vaxtlar olur. Dəniz dalğasına bənzəyir bu qabarmalar, çəkilmələr... Həm musiqi aləmində, həm ədəbiyyatda, həm də rəngkarlıqda, yəni sənətin bütün növlərində 60-70-80-ci illər qabarma dövrü idi. Yaradıcılıq bumu vardı.

- Yəqin ədəbiyyatın sönük duruma düşməsinə Qarabağ müharibəsinin də təsiri oldu...

- Yox, təkcə müharibənin təsiri deyildi. Səbəblər çoxdu, sadalasaq uzun çəkər. Bu problemə hətta yer kürəsinin öz oxu ətrafında fırlanması zamanı baş verən dəyişiklik və planetlərlə müxtəlif dövrlərdə müxtəlif səviyyədə yerləşmələri də daxildir...

Qeyd elədiyim illərdə təkcə Azərbaycanda yox, Rusiyada da, dünyada da sənətdə güclənmə vardı. İstedadlı adamlar bir-birinin dalınca gəlirdi. O dövrdə Argentinada da belə olub. Dünyanın o başında da, bu başında da həmin illərdə sənətin yüksəlişi dövrü idi.

- Qonorarın azlığını vurğuladınız. Bildiyimə görə, sovet dönəmində “Azərbaycan” jurnalında çap olunan yazıçılara çox yüksək qonorar verirlirmiş. Bəlkə mübaliğəlidi, deyirlər, bir kisə qonorar alırdı yazıçılar... Bəs indi sirr deyilsə, jurnalın qonorarı nə qədərdi?

- Yaralı yerimdi qonararla bağlı sual... O vaxt jurnalda bir romanı çıxan yazıçı qonorarla özünə maşın ala bilirdi. Məsələn, Qabil İmamverdiyevin bir poeması çıxmışdı, onun puluna özünə gedib “Moskiviç” almışdı. İndi isə verilən qonorarla uzağı bir cüt babat fransız ayaqqabısı ala bilərsən (gülür)…

Bu, çox ciddi məsələdi. Gülüşümü əsəbi və ironik hesab edin. İndi çox pisdi vəziyyət. İndi hamı öz zəhmətinin dəyərini bazarla ölçür. Bizi bir çox yerlərə dəvət edirlər, televiziya kanallarında, müəyyən qəzetlərdə çıxışlar edirik. Heç kim bir qəpik də vermir.

Bu da intellektual insanın zəkasıdı. Bu da onun əməyidi, əmtəəsidi çıxarıb satışa. Bu barədə düşünülməlidi, hətta qanun qəbul olunmalıdı.

- “Azərbaycan” jurnalında gənclərə yer ayırırsınızmı?

- Bəli, uzun illər bizdə “Ədəbi gənclik” adlı rubrika vardı. Hər nömrədə olmasa da tez-tez gəncləri çap edirdik. Sonra mən düşündüm ki, sənətdə bu ayrı-seçkilik nəyə lazımdır... Yaşa görə qruplaşdırıb çap etməyin nə mənası var? Əsərə dəyərinə görə yanaşmaq lazımdı. İndi isə qarışıq çap edirik.

- Yazılar sizin süzgəcinizdən keçir. Maraqlıdı, kəşf etdiyiniz hansı gənc imzanın adın çəkərdiniz?

- İstedad hər gün yetişmir. Allah rəhmət eləsin, dünyasını çox tez dəyişdi, Anar Həbiboğlu vardı, lənkəranlı idi. Mən onu Lənkəranda tədbirdə kəşf etdim. Çıxdı şeir oxudu, dərhal dedim ki, o şeiri göndər “Azərbaycan” jurnalına. Ondan sonra Anar Həbiboğlunun şeirlərini mütəmadi çap elədik. Jurnalın hörmətli səhifəsi onun nə ilə açılmasıdı. Yəni hətta jurnalı onun şeirləri ilə açmışdıq. Gəncə yox, yazıya qiymət vermək lazımdı.

- Amma sizin jurnalı zəif mətnlər çap edirsiniz deyə tənqid edənlər də olur. Niyə zəif mətnlər çap etməli olursuz? İmza tapılmır deyə?

- Nə qədər ki mətbuat, ədəbiyyat mövcuddur, səviyyə müxtəlif olacaq. Zövqlər müxtəlifdir. Zəif əsər də olur, ortabab əsər də. Burada həndəsi, fiziki düsturlardan fərqli olaraq elə bir ölçü və meyar yoxdur. Bu hardasa subyektiv münasibətdən asılıdır. Bu gün, tutaq ki, min yazıçımız varsa, hamısı yüksək səviyyəli yazıçı deyil. Hərə öz yaradıcılıq potensialı daxilində nəsə yazır.

Jurnallar da, qəzetlər də çalışırlar ki, ən yaxşılarını seçsinlər. Redaksiyalar da çalışır yaxşı mətnləri çap etsin ki, jurnalın imici qalxsın. İstəkdən asılı olan bir şey deyil.

Ədəbiyyat ümumi prosesdir. Bu prosesdə onlarla yazıçı iştirak edir. Biz də onları çap edirik. Aralarında yaxşısı da olur, ortababı da. Bəzən zəif yazılar da sürüşüb düşə bilir ora. Müxtəlif səbəblərdən...

- Hansı səbəblərdən zəif mətn sürüşüb düşür jurnala?

- Adi bir səbəb deyi. Məsələn, neçə ilin yazıçısıdı, 65 yaşı tamam olur. 50 şeir verir. O şeirlərdən 3-nü çapa verib onun yubileyini təbrik edirik. Yaxud elə yazıçı var ki, illərlə gedir-gəlir. O da istəyir ki, yaradıcılığı xalqa çatsın. O da əmindi ki, onun öz oxucusu var. Heç kim öz ayranına turş demir. Hamı elə bilir ki, dahidi. Və kim tənqid edirsə bu da onun haqqıdır. Heç kimin əlini tutmaq olmaz.

- Bəs, jurnal xalqa çatırmı? Oxucusu çoxdurmu? Satılırmı?

- Satılır, amma çox az. Jurnalın yayım məsələsi yaxşı düşünülməyib. Abunə işlərində, yayımında və sairdə problem var. Bununla belə, problem tək “Azərbaycan”da deyil axı.

Rusiyada 100 ildən çox tarixi olan məşhur jurnallar var. “Azərbaycan” jurnalı kimi “Drujba narodov”, “Sovremennik”, “Zvezda” çıxır. Sovet dönəmində “Novıy Mir” jurnalı kimi məşhur jurnal yox idi. Tirajı milyona çatırdı. İndi onun tirajı 2500 nüsxədi. 150 milyonluq Rusiya üçün çox populyar və hörmətli jurnal indi 3000 civarında nüsxə ilə çıxır. Bu onu göstərir ki, tək jurnallarda yox bütün oxu materiallarında münasibət, tələbat aşağı düşüb.

- Kütləvi ədəbiyyata meyl həmişə daha çox olub. Dünya oxucusunun zövqü paslanmış ola bilərmi?

- Dünya indi çox mürəkkəbləşib. İnformasiya vasitələri də çoxdur. İndi daha çox saytlar oxunur. Bunlar daha sürətli və əlçatandı. Heç bir qəpik vermədən oxuyurlar. Biz jurnalları Azərbaycan Yazıçılar Birliyinin saytına da qoyuruq. “Azərbaycan” jurnalının tirajı 600 nüsxədi, “Ulduz” jurnalı isə 300 nüsxə ilə çap olunur. Bu o demək deyil ki, “Ulduz”u 300 adam oxuyur.

- “Ulduz”la “Azərbaycan”ı müqayisə etsək, “Ulduz” daha populyardı, daha çox oxunur, sosial şəbəkələrdə də daha çox təbliğ olunur. Gənclər paylaşır. Sizcə, nəyə görə?..

- Gənclər aktivdilər, yəqin ondan irəli gəlir.

- AYB-ni tənqid edən yazıçılardan kimləri çap eləmisiniz?

- Niyə olmayıb, olub. Çox adamı çap eləmişik. AYB-ni tənqid edənləri isə başa düşmürəm. Bizdə bütün problemləri bir kənara qoyub AYB-dən danışırlar. Səhər-axşam AYB belə gəldi, Anar belə getdi, Fikrət Qoca elə oldu… Başqa söz-söhbətləri yoxdu? Bura Azərbaycan yazıçılarının birliyidi. Bura yaradıcı təşkilatdı, klubdu, bunun nəyin tənqid eliyirlər, anlamıram.

- Passivdi, bəlkə ona görə?

- Nəyi passivdi ki? Bilirsiz kimi tənqid eləyə bilərlər? Tutaq ki, Mədəniyyət Nazirliyini. Tutaq ki, kinoya maliyyə ayırmır... Kino Mədəniyyət Nazirliyinin tərkibində olan qurumdur. Bax bu məsələləri tənqid eləməlidirlər.

AYB-nin əlində elə bir funksional imkanlar yoxdur ki, onu tənqid eliyəsən. Bura bir evdir. Tutalım, siz buranın üzvüsüz. Məgər yazanda gəlib buradan icazə alacaqsız? Kiməsə istedad verməlidi AYB? Boş adamlardı, tənqid eliyib burda 5-6 iş yeri var ora can atmaqdı məqsədləri. Bunu görmək üçün nə eynək taxmaq lazımdı, nə də başqa bir vasitə. Görünən kəndə nə bələdçi?

- “Hökmdarın taleyi” filminin redaktoru olmusunuz. 2014-cü ildə çəkilib. Ən son işinizdi. Niyə onu ekranlarda görə bilmirik? Daha çox kütləvi verlişlər zəbt edir ekranları, sonra deyirlər, ciddi iş ortaya qoyan yoxdu.

- Filmin ssenarisi xalq yazıçısı Elçinindir. Amma çox gözəl sualdır. O film gör nə vaxtdır çəkilib. İlyas Əfəndiyevin əsəri əsasında yazılıb. Rusiyanın, Sisianovun gəlib Azərbaycanı zəbt etməsi, Qarabağ xanlığı ilə müqavilə bağlaması, Gəncənin işğal mərhələsi, Cavad xanın ölümü, İbrahim xanın faciəsi var orda. Ailəsinin faciəsi var filmdə. Necə qırıblar ailəsini...

Bilirsiniz nə qədər zəhmət çəkilib o filmə? 2 ildən artıq böyük bir qrup hər sözünün, hər kəlməsinin üstündə, hər epizodun ətrafında çalışırdıq. Moskvadan aktyorlar gəlmişdi. Dünyanın hər yerində aktyorlar dəvət olunmuşdu. Nə qədər pul xərclənib gözəl operatorlar gətirilmişdi. İş qoyublar ortaya, hanı bəs onun təbliği? Tək odurmu? Bəs o biri filmlər hanı?

Mənim çox sevdiyim bir film var, fəxr edirəm həmin filmlə: “Niyazi- Rast”. 2-3 ildir bu film çəkilib. Bir-iki dəfə göstərilib, ya yox. Böyük Azərbaycan bəstəkarına həsr olunub. Çox istedadlı bir rejissorun böyük məhəbbətlə çəkdiyi filmdir. Yeni düşüncə, yeni münasibət var filmdə. Rejissordan soraqladım ki, bəlkə diski var, özümdə xatirə kimi saxlayım. Yəni, çəkilib təhvil verilir Mədəniyyət Nazirliyinə, artıq onun sahibi Mədəniyyət Nazirliyidi.

- Xəbəriniz var, ya yox, bilmirəm. AYB-nin üzvlərindən 3 gənc qurultay öncəsi sədrlik iddialarını irəli sürüblər. Sizcə, AYB-nin rəhbərliyində yenilənmə olmalıdırmı?

- Qurultayın tarixi bəlli deyil. Sədri qurultay müəyyən edər, seçər. Qurultay nümayəndəsinin seçmək və seçilmək hüququ var. Təşkilata üzv olan hər kəsin nizamnamədən istifadə etmək hüququ danılmazdı. Başqa bir məsələni deyim. Ümumiyyətlə, Bəstəkarlar İttifaqından danışan varmı? Rəssamlar İttifaqından danışırlarmı? Orada heç kim işləmir, gənc-qoca yoxdu?..

Hər bir təşkilatda, o cümlədən AYB-də yeni sədrin, katiblərin seçilməsi qurultayda həll olunur. Qurultayda namizədlər irəli sürülür, qeydə alınır. Bülletenlər hazırlanır. Və yazıçılar bülletenləri qutuya salıb səs verirlər.

Mənim də fikrim var Yazıçılar Birliyinin sədrliyinə namizədliyimi verim. Amma indidən niyə boş-boş danışım?..

- “Azərbaycan” jurnalındanə yenilik etmək istəyirsiz?

- Jurnalın saytını açmağı düşünürük. Biz büdcədən maliyyələşmirik. Dövlət yardım edir. Məbləğ 15 ildir dəyişmir. Halbuki kağızın qiyməti də artıb, çap xərcləri də qat-qat çoxalıb.

Xülasə, bütün söhbətimizi belə yekunlaşdıra bilərəm ki, ədəbiyyat yaradıcılıqdı. Bundan şou düzəltmək lazım deyil. Bax o hay-küylər ədəbiyyatı siyasiləşdirməyə aparan meyllərdi. Halbuki 70 il sovet dönəmində bizim böyük ziyalılarımız bunun əleyhinə çıxıblar. Ədəbiyyatın siyasətə dəxli yoxdur.


Müəllif: Dəniz Pənahova