28 Oktyabr 2019 12:53
1 560
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bədii menyu” layihəsinin qonağı gənc şairə Fəridə Məmmədovadır.

– Dünyada yazıçıların yaradıcılıqla bağlı qəribə ritualları olur. Bu barədə vaxtaşırı yazılar dərc edilir. Öz müəlliflərimizin rituallarından isə xəbərsizik. Sənin necə, hər hansı ritualın varmı?

– Düzdü, yazıçı və şairlərin yazı prosesi ilə bağlı qəribə ritualları olur. Mənimsə xüsusi ritualım yoxdur. Amma gecələr səhərə yaxın saatlarda yazmağı sevirəm. Hamı yatmış olur. Gecəylə səhərin salamlaşdığı, alatoran saatlarda pəncərədən bayıra boylanmaq xoşuma gəlir. Bir də maksimum sakitlik olmalıdır. Ən xırda səs, hətta qonşunun divarındakı saatının uzaqdan eşidilən tıqqıltısı da mənə mane olur. Başqa nəsə qeyri-adi, xüsusi ritualım yoxdur.

– İlk cümlə yaxud son cümlə (misra) sindiromu yaşamısanmı?

– İlk cümlə, son cümlə sindromu yaşamamışam, doğrusu. Nə şeirdə, nə essedə, nə də romanda. Çünki mən yazını yazmaq üçün stolun arxasına o vaxt otururam ki, yazı ilk cümlədən son cümləyə qədər beynimdə hazır olur. Mən həmişə ad sindromu yaşayıram. İstər şeirdə, istər başqa mətnlərdə. Ad seçməkdə çətinlik çəkirəm. Şeirlərimə heç vaxt ad qoymuram.

Prozada ad seçmək məcburluğu hiss edirəm deyə, çox narahat oluram. Düşündüyüm adlar məni qane etmir. İlk romanıma seçdiyim ad çox xoşuma gəlmişdi. İndi ikinci romanım demək olar ki, hazırdır. Yenə ad məsələsində ilişib qalmışam, hələ düşünürəm, axtarıram. Ümid edirəm, xəyallarımdakı o adı tapa biləcəm

– Son 3 ayda oxuduğun kitablar haqda nə deyə bilərsən?

– Son bir ildə bircə kitab oxumuşam. O da ötən qış Svetlana Aleksiyeviçin "Müharibənin qadın olmayan üzü" kitabı olub. İnternet resurslardan oxuduğum mətnləri-filan hesaba almıram. Çap ədəbiyyatını nəzərdə tuturam. Bir ildir əlimə kitab dəymiyib.

– Son vaxtlar ədəbi mühitdə görsənmirsən. İstedadsızlar isə həmişə meydandadı… Özün bir vaxtlar demişdin ki, qadın yazarlar məişətə tez təslim olur. Yoxsa sənin də basin məişət qayğılarına qatışdı?

– Razıyam, meydan istedadsızların əlindədi. Ümumən, istedadsızlar həmişə meydanlarda olublar. Çünki tənbəl deyillər. Necəsə, nəyləsə özlərini təsdiq etmək çabasında olduqları üçün daim göz önündə, ortada olmağa can atırlar və bu bəlkə də qınanmalı şey deyil. Hərənin bir həyat prinsipi, bir məqsədi, bir amalı var.

Sualın ikinci qisminə gəldikdə, müsahibələrin birində bu fikri demişdim. İnkar etmirəm, bizim yaradıcı qadınlar məişətə tez təslim olurlar. Mən inzivaya yox, öz həyatıma çəkilmişəm. Məişət də həyatın bir parçasıdır. Düşünürəm ki, hər şeyi balanslasdırmaq laızmdır. Yaşaya bilmək üçün. Yəni, gəldim – burdayam. Məndən asanlıqla yaxasını qurtara bilməz bu ədəbiyyat…

– Səni qadın şairlər arasında ən istedadlısı hesab edirlər, sən necə düşünürsən?

– Təvazökarlıqdan uzaq olsa da deyim ki, bəli, belə fikir var. Amma bu fikri daha çox dostlar öz aralarında, ya da üzümə deyirlər. İki nəfər bir arada danışanda etiraf edirlər. Amma ədəbi mühit bunu etiraf edəcək qədər cəsur deyil. Paxıllıq edirlər, ən çox da kişi müəlliflər.

– İlk romanın dediyinə görə, eksperiment xarakterli idi. Yeni yazdığın roman nədən bəhs edir, nə vaxt çap olunacaq?

– İlk romanı eksperiment kimi yazmışdım. Şeirdən mətnə keçidi sınamaq istədim. Esselər yazsam da heç vaxt hekayə yaza bilməmişəm. Hekayə alınmır məndə. Ona görə roman yazıb yoxlamaq istədim. Nəşr etdirdim, satıldı da. Amma ədəbi mühit roman haqqında susdu. Hələ də davam edən bu susqunluğu, fikrimcə, ikinci roman mütləq pozacaq. Buna əminəm. Bu romana sakit dayana bilməyəcəklər.

Mövzusu haqda danışmaq istəmirəm, amma bu günkü cəmiyyətin real həyatı, real mənzərəsi və real bir qadının sevgi və ayrılıq hekayəsi əsasında qurulmuş bir romandır

Tənbəlliyimi boynuma alıram. Həm də ad məsələsində qərar verə bilmirəm deyə hələ ki gözləməliyəm. Bir də bu romanla bağlı daha böyük planlarım var.

– Sənətdə cinsi ayrı-seçkilik, deyəsən, tək bizim ədəbi mühitə mənsubdu. Qarşılaşırsanmı bu cür hallarla?

– Sənətdə ayrı-seçkilik tək bizim mühitə mənsub deyil, məncə. Əlbəttə, ağlı başında olan sənət və yazı adamlarından belə reaksiyanı, belə düsüncəni görmək adama pis təsir edir. Məncə, sənətin, yaradıcılığın cinsi yoxdur. Sənət hər şeydən – dindən, dildən, irqdən, cinsdən və insandan daha yüksək, daha ali bir yerdə dayanır.

– Yazı prosesini poetik düşünmək qabiliyyəti ilə əlaqələndirmişdin. Daha poetik düşünə bilmədiyin üçün şeir səndən uzaqlaşıb, yoxsa şeiri köhnəlmiş hesab edirsən? Poetik düşünə bilməməyinin səbəbi nədi?

– Bəli, yadımdadır, elə demişdim. İndi də elə deyirəm, çünki hələ ki bu mövzuda fikrim dəyişməyib. Poetik düşünə bilmirəm deyə, çoxdandır şeir yaza bilmirəm. 4 ildir… 2015-ci ildən bu yana bir dənə də şeir yazmamışam. Poetik düşüncəyə mane olan şey həyatdır, cəmiyyətdir, insanlardır. Özün bir düşün, bu günkü reallıqlar, hadisələr fonunda oturub şeir yazmaq gülünc səslənmirmi? Mənə gülünc gəlir...

Əvvəllər dünya-aləm vecinə olmayan, həyatı əyləncə sayan, burnunun dikinə, üzü küləyə yürüyən sərsəri bir qız idim. İsim-gücüm şeir qoşmaqdır sanırdım. Amma indi alınmır. Düşüncələrim və dünyaya baxışım tamam dəyişib. İndi daha şeir oxumaq da təsəlli verə bilmir adama.

- Dediyinə görə, ilk romanın qısa müddətdə yazılıb. Yeni romanını nə müddətə yazıb bitirdin?

- Əksinə, birinci roman 3 illik əziyyətimin nəticəsi idi. Sadəcə əlyazma şəklində yazdığım üçün kitabı çapa hazırlayanda bir həftəyə oturub onu vörd formatında notbukda yığmışam.

İkinci roman isə daha qısa bir zamanda yazılıb. Demək olar ki, bir neçə aya.

– Müharibə görməmisən, amma şeirlərində müharibə motivləri ustalıqla qələmə alınıb. Səni müharibə mövzusunda şeirlər yazmağa nə vadar etdi?

– Biz müharibənin ən pis ağrılarını görmüsük. Atam orduda könüllü idi. Hər axşam yemək süfrəsi ətrafına toplaşanda ümid edirdik ki, bu axşam atam evə gələcək. Öz rayonumuzda olanda hərdən gəlirdi evə baş çəkməyə. Evdən yeməyə nəsə götürürdü, ən çox isti paltar, corablar götürdüyünü xatırlayıram. Bir də badımcan “ikrası” apardığı yadıma gəlir.

Hərdən bir neçə yoldaşını da özüylə gətirirdi. Əsgər paltarında üzü tüklü, saçları çallaşmış kişilər… Anamın atası ermənilərlə qonşu kənddə yaşayırdı. Onların evində ikinci mərtəbədən baxanda ermənilərin postları aydın görünürdü. Evin ikinci mərtəbəsinə qaça- qaça qalxıb düşürdülər, hər an erməni snayperinin hədəfinə tuş gəlmək qorxusuyla yaşayırdılar.

O kəndin darvazalarında hələ də gullə izləri, deşikləri qalır. Dayımın boynunda, sinəsində güllə yarası izləri hələ də qalır. Biz müharibə uşaqlarıyıq. Bunları yazmışam. Mənim şeirlərimdəki müharibənin tankı, topu, bombardumanları yoxdu.. Sadəcə izləri, xatirələri, gözləməkləri var.

İnan mənə, müharibədən sonrakı dövrdə yaşamaq daha əziyyətlidir, nəinki müharibə dövründə yaşamaq... Bu mövzuda çox uzun danışa bilərəm.

İndi məncə, şeir dövrü deyil. Ümumiyətlə, özümü şeir yazmaq üçün yaşlı hiss edirəm. Otuz yasın astanasında şeir yazmaq... Ən gözəl şeirlər havalı gəzdiyin yaşlarda yazılır, bitir. Otuz yaşda burnudik, havalı gəzməyə risk etmək istəmir adam.


Müəllif: Dəniz Pənahova