31 Oktyabr 2019 08:38
1 867
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhəmmədəmin Rəsulzadənin baş mühərrirliyi ilə İstanbulda nəşr edilən “Odlu Yurd” jurnalının 19-cu sayında “Bu il məzun olanlar” başlıqlı xəbər verilib. Xəbərdə 1930-cu ildə Türkiyədə təhsil alan tələbələr haqqında qısa bilgi təqdim edilib:

“Bu il azərbaycanlı gənclərdən Baykara Hüseyn bəy Ankara hüquq fakültəsindən, Rüstəmbəyli Şükrü, Tofiq Rahim bəylər İstanbul oğlan liseyindən və Zeynəlzadə Hakimə xanım İstanbul qız liseyindən məzun olublar. Məzunlardan Baykara bəy Diyarbəkir vilayəti Osmaniyyə qəzası prokurorluğuna təyin edilib. Şükrü bəy bu yaxınlarda təhsil üçün Avropaya gedəcək. Hakimə xanımın hökumət hesabına Avropaya göndəriləcəyi söylənməkdədir. Məzun vətəndaşlarımızı bu münasibətlə təbrik edir, müvəffəqiyyətlər diləyirik”.

Hüseyn Baykara (Azərbaycanda: Qara Hüseynbəyli) 1904-cü ildə Şuşada məşhur Şirinbəyovlar ailəsində doğulub. Anası Mina xanım Həsən bəy Şirinbəyovun qızı, atası Nəsir bəy Hüseyn bəy Şirinbəyovun oğlu olub. Ulu babası Şirin bəy Ənnağıoğlu Qarabağ xanlığının paytaxtı Şuşanın əsasını qoyan ailələrdən biridir. Rus mənbələrinə əsasən, 1830-cu ildə Şuşada 56 bəy ailəsi olub. Bunlardan biri də Şirinbəyovlar və ya Kavalerli Şirinbəyovlar idi.

Üç oğul, beş qız atası olan Nəsir bəyin böyük oğlu Bahadur 1918-ci ildə rus-türk müharibəsində türklər tərəfdən vuruşaraq həyatını itirib. Filoloq olan ikinci oğlu Surxay Qazax seminariyasında işləyib. Qızların adları Firəngiz, Uruh, Texu, Rəna, Sərəncam olub.

Qara bəy gənclik illərindən bolşeviklər əleyhinə mübarizəyə başlayıb, 1923-cü ilin sonlarında həbs edilib. İstiqlalçı şair Əhməd Cavadla məhbəs yoldaşı olub:

“Şeirlərini oxuduğum və sevdiyim bu şairi “ÇeKa” tərəfindən tutulduğum 1923-cü ilin sonunda Bakının Staro-Politseyski küçəsində yerləşən həbsxanada tanıdım. O da həbs edilmişdi. Onunla bir neçə ay hücrə dostu oldum. Orada bizə kitab, dəftər, qələm vermirdilər. Necə oldusa, mənim əlimə üç santimetr ölçüsündə bir karandaşın ucu keçdi. Bu qələmlə Əhməd Cavadın “ÇeKa” şeirlərini divara yazır, əzbərləyirdim. Bir gün nəzarətçi Nikolay məni pəncərənin deşiyindən güdmüş, divara nəsə yazdığımı görmüşdü. Bir də gördük ki, qapını açdı, divara yazılan yazıları bir taxta parçası ilə sildi. Cavadın 4-5 şeiri beləcə unuduldu, itdi. Bu hadisədən sonra yazdığı iki şeirini əzbərlədim... Bu şeirlər “Ay ellər” və “Neyləyim” başlıqlı idi”.

Qara Hüseynbəylinin həbsinə mühacirətdə çap olunan “Yeni Kafkasya” jurnalında da yer verilib. Jurnalın 45-ci sayında yayımlanan “Azərbaycan həbsləri haqqında yeni təfsilat” adlı xəbərdə həbs olunanlar siyahısında onun da adı var.

Bu hadisədən bir neçə il sonra Qara bəy dostlarına mühacirətə getməyi təklif edir, lakin etirazla qarşılanır. Bu hadisə ilə bağlı kitabında yazır:

“Bu həbsdən sonra Əhməd Cavad Azərbaycan kommunistlərinin müdaxiləsi ilə, mən isə bir təsadüf nəticəsində qurtulduq (Əhməd Cavadın çıxarılmasına kömək edən kommunistlər sonradan Stalin tərəfindən güllələndi). Mən bəzən onu evində ziyarət edərdim. Bir gün təsadüfən Əhməd Cavad, gizli milli istiqlal komitəsinin rəhbəri Dadaş Həsənzadə və liderlərdən Rəhim bəy Vəkilli ilə görüşdük. Uzun söhbətdən sonra mən gizli komitənin tanınmış üzvlərindən bir qisminin Azərbaycanın xaricinə çıxmasını təklif etdim. Azərbaycan istiqlal mücadiləsinin hər üç lideri də mənim bu təklifimə qarşı çıxdılar və dedilər: “Mən xarici ölkəyə gedim, sən get, o biri də getsin, bu bədbəxt və talesiz günləri bu millətlə kim paylaşsın?”

Baykara bu təklifinin dostlarını çox hiddətləndirdiyini və bir daha bu mövzuya qayıtmamasını çistədiklərindən bəhs edir. Onlar sözlərinə sadiq qalaraq mühacirətə getmirlər. Hər üçü bolşevik zülmünün qurbanı olur.

Dostlarından fərqli olaraq, Qara Hüseynbəyli mühacirəti seçir. 1927-ci ildə –mühacirətə gedəndə o, Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil alırdı.

1927-ci ildə universitet tələbələri Novruz bayramı ilə əlaqədar tədbir keçirməyi planlaşdırırlar. Ancaq bundan öncə Qara bəyin dostlarından biri ehmalca bildirir ki, tədbirdə bolşevik casusları onu tutacaqlar. Bolşevik təpkilərinə görə tələbələr arasında qapalı və simvolik keçirilən Novruz tədbirlərində gözə dəyməyən Qara NKVD-çilərin əlinə keçməmək üçün Azərbaycanla vidalaşmalı olur. Baharın xoş günlərində əyninə çoban paltarı geyinib cənuba üz tutur. Araz çayının sahilinə çatır və oradan İrana keçir, sonra da Türkiyəyə gedir.

Fəal mübarizlərdən olan qardaşı Surxay bəy ozamankı Azərbaycan Pedaqoji İnstitutunu bitirib, Qazax gimnaziyasında dərs deyib. Siyasi düşüncələrinə görə 10 il SLON-a (Solovetski xüsusi təyinatlı düşərgəsi) göndərilib (Solovetski Arxangelsklə Murmansk arasında yerləşib). Solovetski düşərgəsindən dönəndən sonra Surxaya Bakıda məskunlaşmağa icazə verilməyib. Ona görə də Qazaxıstana köçüb. Orada dörd uşağı olub: Bahadur, Gülnar, Nəsir, Telman. İlk arvadı doğum zamanı vəfat edib. Bundan sonra o, öz dostunun dul qalmış arvadı qazax Nafiqə xanımla evlənib. Bu nikahdan üç uşağı doğulub: Züleyxa, Murad, Gülçöhrə. Dəfələrlə qardaşını tapmağa cəhd edib, amma buna nail ola bilməyib. Surxay bəy 1956-cı ildə yük maşınının altında qalaraq faciəli şəkildə həyatını itirib. Bu ölümdə NKVD izi olduğu ehtimal edilir. Suraxay bəy Almatıda dəfn edilib.

İstanbula gələn Qara Hüseynbəyli burada Hüseyn Baykara adı ilə yaşayır. İstanbul Universitetinin hüquq fakültəsini bitirir. Bir müddət Elazığda hakim işləyir, İstanbula döndükdən sonra burada prokuror vəzifəsində çalışır.

Hüseyn Baykara İstanbulda Rəsulzadənin çap etdiyi “Yeni Kafkasya” jurnalı ilə əməkdaşlıq edir. Onun jurnalda “Ailə faciələri”, “Doktor Dadaş Həsənzadə” adlı yazıları çap olunur. Mücadilə dostu Dadaş Həsənzadə ilə bağlı yazdığı məqaləsində Baykara onun tərcümeyi-halını, onunla bağlı xatirələrini qeyd edir.

1966-cı ildə maestro Niyazi həyat yoldaşı Həcər xanımla Türkiyədə olarkən mühacirlərdən İsmayıl bəy Saryal, Nuru bəy Saryal, professor Dilşad xanım Elbrus, Saleh bəy Gəncə, doktor Sultan Hacıoğlu və Hüseyn Baykara ilə görüşür. Maestro dönəmin şərtlərinə baxmayaraq, Azərbaycan televiziyasında səfər təəssüratlarından danışanda görüşdüyü şəxslər arasında Hüseyn Baykaranın da adını çəkir. Qara Hüseynovun bacısı Sərəncam xanım qardaşının yaşadığını öyrəndikdən sonra qohumu vasitəsilə Niyazi ilə əlaqə saxlayır, beləcə, 40 il sonra ailə qovuşur. 1967-ci ilin sentyabrında Baykaranın qohumları Türkiyəyə gedir. Rəhman Salmanlı bu görüş haqqında “Azərbaycan” qəzetində yayımlanan məqaləsində yazır: “Gəncədən, Şuşadan və Bakıdan müxtəlif ailələrdən bir məqsəd dalınca eyni ünvana gedən qonaqların İstanbulda Hüseyn Baykaranın evində təntənəli görüşü olur. Hüseyn Baykaranın doğmalarından “Mənə bir ovuc Vətən torpağı gətirəydiniz!” istəyi hamını kövrəldir. Bu gəlişə, bu görüşə Hüseyn Baykaranın övladları - jurnalist Odhan bəy, inşaatçı-mühəndis Surxay bəy, uşaq həkimi Mina xanım, mühəndis Gülqənd xanım: “Axır ki, babam arzusuna çatdı”, – deyə hamıdan çox sevinirlər”.

Bu görüşdən sonra Baykara qardaşının həyat yoldaşı Nafiqə xanımla oğlu Muradı qonaq çağırır.

Hüseyn Baykara 1984-cü il iyulun 1-də Kayseridə vəfat edib. Nəşi İstanbula gətirilərək iyulun 4-də Qaraca Əhməd Seyid Əhməd Dərəsi məzarlığında dəfn olunub.

H.Baykaranın mühacirətdə üç kitabı yayımlanıb. Arxivimizdə iki imzalı kitabı var. “Azərbaycan istiqlal mücadiləsi tarixi” (İstanbul, 1975) adlı kitabını “Sayın Osman Nebi Beyefendiye sayğılarımla. 9/7/976” şəklində bir şəxsə imzalayıb. “Azərbaycanda yeniləşmə hərəkatı. XIX əsr” (Ankara, 1966) kitabını isə “Sayın ve idealist Türkçü Fethi Beyefendiye sayğılarımla. 17.XI.966” imzası ilə məşhur türkçü Fethi Tevetoğluna imzalayıb.

Baykaranın digər bir kitabı isə “İran inqilabı və azadlıq hərəkatları” adlanır. 1978-ci ildə İstanbulda nəşr edilən kitabın girişində yazılıb: “Bu kitabımı İran inqilabı və azadlıq hərəkatları uğrunda canlarını verən, adları bilinən və bilinməyən əziz şəhidlərə və indi İranda şahların şahı Məhəmməd Rzanın zindanlarında inləyən azadlıq savaşçılarına ithaf edirəm”.

Kitab Güney Azərbaycanda baş verən Səttarxan və Xiyabani inqilablarından bəhs edir.

Baykara mühacirətdə “Odlu yurd”, “Azərbaycan”, “Türk kültürü” jurnalları ilə əməkdaşlıq edib, Azərbaycanla bağlı müxtəlif yazılar yazıb.


Müəllif: Dilqəm Əhməd