18 Dekabr 2019 09:57
1 813
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com tənqidçi-ədəbiyyatşünas İradə Musayevanın “Təranə Vahidin hekayələrində yoxluqdan sonrakı qələbələr...” yazısını təqdim edir.

Son illərin Azərbaycan nəsrində, xüsusən də hekayələrdə mövzu, məzmun və hətta obrazlar bir-birinə çox bənzəyir. Qarabağ müharibəsinin ağrıları, tam səciyyəsini tapa bilməyən “Azərbaycan kapitalizmi” formasiyasının anormal təzahürləri, deqradasiyaya məruz qalan cəmiyyətin travmalı qəhrəmanları və s.

Ədəbi gənclik yaradıcılıq axtarışları üçün müxtəlif istiqamətlərə üz tutsa da, çox zaman nəticədə eyni “tapıntı” ilə geri dönür... Yuxarıda sadaladığım oxşarlıqları nəzərdə tuturam. Və daha çox azadlıq harayı, cəsarətli iddialar, qəhrəmanlıq ədası, barışmazlıq tezisləri mətnin süjeti boyunca yüksələn səs kimi diqqəti çəkir. Sanki bütün müəlliflərin daxili “mən”i qəhrəman kimi doğulur və şəhid kimi ölür...

Təranə Vahidin bir çox hekayələrində isə bütün bu məsələlərə yeni yanaşma və yeni ifadə üslubu diqqətimi cəlb etdi. Onun obrazları qarışqaya, toza, dibçəkdə əsir edilmiş çiçəyə, durnaya çevrilmiş, birinci həyatında mənəvi təcavüzə, zora, haqsızlığa məruz qalmış adamlardır. Bu adamlar çevrilişdən sonrakı həyatlarında belə yenə insanlardan, haqsızlıqdan, zordan qorxur. Onların şüuraltına atılmış yaddaş fraqmentlərində həyəcan yaradan siqnallar tam yox olmayıb. Bu adamlar param-parça olmuş mənliklərinin qəlpələrini xilas edib başqa forma və qəliblərdə yenidən var ola bilirlər. Öz azadlığını və rahatlığını insan kimi yaradılışından imtina edərək əldə edə bilən qəhrəmanların yoxluğa, boşluğa doğru gedişində özünü yenidən tapma həqiqəti ilə qarşılaşırıq. “Qərib gül” hekayəsində Çin qızılgülünün bircə günlük ömrü olan balaları, qönçə qəfəsində gözünü günəşə-vətəninə açıb onun göy üzündən çəkilməsi ilə də ömrünü başa vurması nisgilini insan taleyinin ağrısı kimi qəbul edirik. Dibçəkdə baş-başa verib günəşə gülümsəyən güllər otağa daxil olan qızcığazın istəyindən qorxur:

“- Anacan, olmaya insan o balaca qızcığazdır? - deyə soruşdu.

Konfet sora-sora otağa soxulan dəcəl qızı görəndə Çin qızılgülü narahatlıq keçirdi.

- Hə, odur...

- Mənə niyə elə baxır?..

Ananın yarpaqları titrədi. Qızcığaz oğrun-oğrun gülə baxdı. Yaxşı ki, uşağın anası gəldi. Qız barmağı ilə gülü anasına göstərib dedi:

- Ora bax, ora... gör necə qəşəngdir, gül sinəsinə gül taxıb. İstəyirəm onu dərib mənə verəsən.

- Olmaz. O da sənin kimi körpədir. Onu da Allah baba yaradıb.

Qızcığaz bu sözlərdən sonra könülsüz də olsa güldən əl çəkib anasının ardınca otaqdan çıxdı.

Qızılgülün ürəyi yerinə gəldi”.

Günəşdən ayrılan çiçəklərin ömrü qısa olurmuş. Onlar hətta bir gecəlik zülmətə tab gətirmir, Günəşi azadlıq, vətən kimi sevirlər. Canlıların azadlıq istəyi qəfəsləri, evləri, dibçəkləri dağıdır, sərhədləri pozur...

“Gülün ləçəkləri əzablar içində bükülüb əvvəlki qönçə formasını aldı və səssiz-səmirsiz anasını tərk etdi.

Çin qızılgülü yarpaqlarını gözlərinə sıxıb doyunca ağladı. Qərib gül bilmirdi ki, onun dünyaya gətirdiyi qəşəng güllərin bircə günlük ömrü var, qərib gül bilmirdi ki, səhərlər sevinib gecələr ağlamaq onun qismətidir. Qərib gül onu da bilmirdi ki... Nə yaxşı ki, bilmirdi”.

Təranə Vahidin bir çox hekayəsində F.Kafkanın həşərata çevrilmiş qəhrəmanının cizgilərini və Səməd Behrənginin “Balaca qara balıq” əsərinin kiçik qəhrəmanının sərhədlərdən, dənizlərdən, keçidlərdən, tunellərdən o üzdəki həyata –azadlığa olan marağının mesajlarını oxuduq...

“Mən toz dənəsiyəm” hekayəsində azadlığa toz kimi qovuşma həqiqətinin ağrısı var. Səni tikə-tikə, zərrə-zərrə, səs-səs, söz-söz, hərf-hərf bölükləyirlər və sən heç nə - toz olursan. Toz kimi havada azadlıq tapırsan, istədiyin yerə uça, istədiyin çiyinə qona bilirsən. “Bilmirəm, ürəyinizdən nə vaxtsa toz olmaq istəyi keçib, ya yox, amma mən bir gün toz olmaq istədim. Elə ürəkdən, elə cani-dildən, elə içdən istədim ki, əlüstü toza çevrildim. Sizə deyim ki, insanın toza çevrilməyi qəribə, həm də xoşagələn hissdi. Bölünürsən, bölünürsən, bölünürsən, bütün sıfırların töküləndə, yerdə özün qalırsan. Sənə əzab verən, səni incidən hisslərdən arınıb-
durunanda hiss edirsən ki, bu sənsən, özünsən, gözünü açandan adamların hörümçək kimi beyninə, ruhuna hördüyü torlardan xilas ola bilmirsən.
Mən toza çevriləndə əlüstü qorxu hissini itirdim”.

“Toz adam” olmağın rahatlıq və azadlıq nəğməsində kəskin bir ironiya var. Ən dəyərsiz, ən lazımsız bir materiya elementində var ola bilmə yanğısı... Hər gün qəlpə-qəlpə qopub xırdalanmaqdansa, əzilib kiçilməkdənsə, birdəfəlik toz olmaq qəhrəmanlıq kimi bir dəyərə çevrilir. Onların zamansızlıq, məkansızlıq boyda azadlığı var. “Toz adam”ların nəğməsi də varmış və bu nəğmələrdə insanlar hüdudsuz genişliyə özü kimi deyil, dəyişilmiş, təhrif hisslərlə üz tutacaq:

“Qədim toz nəğməsində deyilir: sabah açılacaq, günəş çıxacaq, ağ ilxı
sürüsü yaşıl çəməndə otlayacaq, sular, min illər axdığı kimi, yol tapıb
axacaq, amma sənin hisslərin dünənki olmayacaq...”

Toz dili, toz əyləncəsi, toz xəyalları da varmış...

Azad olmaq bütün canlıların yer üzündəki ana mücadiləsi imiş. Hamı nədənsə, kimdənsə azad olmaq istəyir. İnsandan toza çevrilib sevinirsən yüngül, az qala sıfır çəkisizliyinlə. Amma səmada bu halınla yenə səni iradəndən asılı olmayaraq qəflətən hansısa güc, hansısa təlatüm harasa itələyir, harasa sürükləyir:

“Amma hardansa külək peyda olub kəkilimdən yapışır, məni şəhərin bu başından o başına sürükləyir. Mən yöndəmsiz göydələnlərə, xəstəhal ağaclara, kirli pəncərələrə çırpıla-çırpıla uçuşun son nöqtəsinə - doğum evinin pəncərəsinə ilişirəm. Əlimi qaşımın üstünə qoyub xırda gözlərimlə jalüzün arasından içəri boylanıram. Tərsliyə bax, bura doğum şöbəsidir. Gənc xanım ana olmağahazırlaşır. Görən, bu dünyaya gələn hər kəs anasına belə əzab verir? Qadının bircə arzusu var: azad olmaq. Bu azadlıq nə olan şeydi, ilahi, hamı onu arzulayır?! Ana canının bir parçasından - balasından belə, azad olmaq istəyir”.

Toz dənəsinə çevrilməsi sirrini heç vaxt deməyəcəyini israr edir. Lakin ədalət, haqq axtara-axtara əzilib, tapdanıb, parça-parça olduğu günün yaddaşı hələ də onu tam azad olmağa qoymur. Onun toz yaddaşında insan olduğu zamanın travmaları qalıb. “Tozlar ağlamır, tozlar xatırlayır” – fikri də buna əsas verir.

“... toz olmaq üçün həyat səni dəyirmanda buğda kimi əzməlidir, insanlar səni bilərəkdən sındırmalıdır, haqqı çatmayan haqqını yeməlidir, sənə məxsus olanı kimsə qamarlayıb zorla əlindən almalıdır, ən yaxın dostun gözünün içinə baxa-baxa sənə xəyanət etməlidir. Və günlərin birində son qüvvəni toplayıb “Əl çəkin yaxamdan, əl çəkin, istədiyiniz oldu, mən məğlub oldum, uduzdum, mən heç kiməm, heç kim, mən toz dənəsiyəm!” - deməyi bacarmalısan. Mən bunu bacardım. Günlərin birində toz olmaq istəsən, ürəyinin səsinə qulaq as, istəsən bağır, istəsən pıçılda, amma nə isə de...”

Təranə Vahidin nəsrində əzilənlərin hekayələri silsilə nağıllar kimi söylənilir. Bir adamın içindən uçub gedən can, nəfəs müxtəlif detallar, böcəklər,quşlar, bitkilər şəklində obrazlaşır. Yadlaşma, yer üzündən sürgün, vətənə çevrilmiş yuvalardakı sızıltılı həyat, azadlığa məhv olaraq qovuşma paradoksallığı fəlsəfəsi izahını bədii mətn kontekstində fərqli üslubda tapır. T.Vahidin dili və kompazisiya, süjet qurma üslubundan daha çox onun fərqli qəhrəmanları diqqətimizi çəkir: içimizin dərinliklərindən sivrilib çıxan, üsyan edən, özünü yandırıb kül edən və külündə eşələnib yenidən Səməndər quşu kimi var olan qəhrəmanları...

“Qarışqa təqvimi” hekayəsindəki toz boyda balaca qarışqanı unutmaq olmur. Oğurlanmış yumurtanın içindən dünyaya göz açan andaca bədheybət bir qarışqanın soyuq, yad, hədələyici səsi onu üşüdür, qorxudur. Dünyaya əsir kimi qədəm qoyan bala qarışqanı iki donqabel qarışqa amansızlıqla işlədir, ona yer qazdırırlar. Əl-ayağı bərkiməmiş körpə qarışqa qaranlıq tuneldə iynə ucu boyda irəliləyir, tunelin o tərəfi haqqında xəyallar qururdu. Günlərin birində böyük-böyük qarışqalar onu səbəbsiz yerə döyür və təhqir edir. “Sən köləsən, kölə!” aşağılaması bala qarışqanın varlığını tar-mar edir. Bala qarışqa “kölə” sözünün mənasını bilmirdi, amma o kəlməni hərf-hərf ona dadızdırır, dərisinə saman kimi təpirdilər. Köləliyin anatomiyasını təhqirlə öyrədirdilər. Bala qarışqanın yadında qalan izahlardan biri də bu olur: “Heç vaxt özün olmayacaqsan. Dərinin üstündə də həmişə yad bir dəri gəzdirəcəksən, bu dərini yırtıb parçalamağa cəsarətin, hünərin, fərasətin çatmayacaq! Hamının yanında başıaşağı, gözükölgəli olacaqsan, hamıdan qorxacaqsan, hamı səndən uzaq gəzəcək, sən ömrünün sonunacan yaşamağın nə olduğunu bilməyəcəksən!”

Bu təhqiramiz və əzici münasibəti bala qarışqa öz həmcinslərindən görürdü... Amma hər istehzalı, hədələyici fikir onu oyadır, yoxdan var olmağa səsləyirdi.

“Sən adsız doğulub adsız da öləcəksən, ay yazıq. Sənin heç adın da olmayacaq!”

Bu kəlmələrin ağırlığı altında əzilən bala qarışqa bir anda böyüdü, müdrikləşdi, mübarizləşdi... Nəhənglər oylağında kimsəsiz və tənha halı ilə mücadiləyə qalxdı. İlk növbədə kimliyini, adını bəyan etmək istədi və özünə ad qoydu: Doğma... Onu hətta başqa kaloniyaya işləmək üçün göndərəndə öz taleyini minlərlə kölə qarışqnın taleyinə qarışdırmaq istəmədi. Tuneldə işləyib orada da torpağa gömülmək kimi rəzil bir həyata “yox!”-dedi... Qoca, əldən düşmüş bir qarışqanın “Taleyi ilə barışanı Tanrı da xilas edə bilməz” pıçıltısı onun qulağında ildırım kimi şaqqıldayır və taleyini dəyişir. Bala qarışqa keçilməz qapıları açır və yeni bir aləmə düşür. Təmiz, yeni bir aləmə... Öz doğma yuasının qrşısında dayanır, sevincinin həddi-hüdudu yoxdur. Yaddaş kodları onun üçün bağlı qapıları açır. Lakin bala qarışqa ikinci və daha sarsıdıcı zərbəni elə öz doğma yuvasından alır. Doğmalarına, anasına qovuşma sevinci aşıb-daşır. Fəqət məhkəmə qurulur və hakimlər 11 günlük körpə qarışqanı kölə taleyi yaşadığı üçün düşməndən də təhlükəli hesab edir, edam qərarı verir...

Doğmalarından aldığı ölüm hökmü faciə qəhrəmanının bütün ümidlərini yerlə yeksan edir. Haqqa, ədalətə, vətən, yuva sevgisinə, doğmalara məhəbbətə qara və qorxulu əl uzanır, dünya başına uçur...

Edam anında gölməçəyə düşən şəklinə baxıb “Mən kölə deyiləm!” nidasını dönə-dönə təkrarlayır...

Dünya ədəbiyyatı nümunələrindəki kimi maraqlı final qurulur: qəhrəmanlar ölür, qəhrəmanlıq təkrar-təkrar doğulur... Azadlıq final deyil, əsl azadlıq ona doğru hərəkət və istəkdir! Bala qarışqa özünü var edir, özünə ad qoyur, taleyini dəyişir. Ölümə gedən yolda təkrar-təkrar böyüyür, müdrikləşir. Ölümə azadlığa qədəm qoyurmuş kimi üz tutur. Köləlikdən azad olaraq...

T.Vahidin qəhrəmanları azadlığa yalnız çevrilmələrlə nail ola bilir. Sadə, adi insanlar yerə sığmır, okeanların, dənizlərin, meşələrin üstündə cövlan etmək, hər şeyi ovcundakaı kimi aydın görmək istəyirdi. Başqa bir canlıya, əşyaya çevrilən adamlarda hər şey dəyişsə də, yaddaş diri qalırdı. Və bu sağlam, salamat yaddaş yenidən əzab verməyə başlayırdı. Lakin bu yaddaş əzabının özündə də lirizm, ləzzətli bir ağrı vardı.

Toz adam bir dəfə də Durna adam oldu sanki... Əlif kişi hər payız durnalara qoşulub getmək, azad olmaq istədi. “Durna adam” hekayəsinin qəhrəmanı Əlif kişinin arzusu xöşbəxtlikdənmi, bədbəxtlikdənmi həyata keçdi.

“...Əlif kişi iynə olmamışdı, amma quş olub göyə uçmuşdu. Göylərin genişliyi, rahatlığı, azadlığı ağlını başından almışdı. Qocalıqdan canı qurtarmış, işıqsız gözlərinə haradansa işıq axmış, nəfəsinin yeri genəlmiş, ayaqları, qolları quş kimi yün gül - ləşmişdi. Uzun qanadları enib-qalxdıqca, ürəyində “İlahi, kərəminə şükür, bəxtimdə durna olmaq da varmış” – deyib Yaradandan dualarını əsirgəmirdi”.

Amma Əlif kişi heç vaxt ağlına gətirməzdi ki, öz həyətinə durna kimi qayıdıb toyuq-cücəylə birlikdə yaşadığı zamanda elə həmin kötüyün üstündə yenidən adam olmaq xəyalı ilə əzab çəkəcəkdi...

Durnabaşı onun insan yaddaşından əl çəkməsini istəmişdi. Yad dünyada belə yaddaşına sığınıb yaşayan Əlif kişi yenə dikbaşlıq edib cızıqdan çıxmışdı.

“Yaddaşınıza yazın, durna üç iqlim, üç sərhəd keçə bilər. Dördüncü sərhədi keçən geri dönməyəcək. Sonra durnalar yox oldu, Əlif kişiyə bərkbərk tapşırıldı ki, keçmişini yaddaşından silib atsın, durna olduğunu unutmasın. Əlif kişinin yuxusunu durnaların səsi qırdı. Durnabaşı uçub Əlif kişinin daşına qondu, onu dimdiklədi, gözlərinin içinə baxdı, dəstəsindən ayrı düşmüş durnaya nədənsə qanı qaynamadı, ağbaş durnaya inanmadı”.

Ardı var.

18.12.2019.


Müəllif: İradə Musayeva