18 Dekabr 2019 19:23
1 528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət Nazirliyinin sifarişi ilə Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamına əsasən “Мир мой умерший” (“Ölən dünyam”) adlı kitab işıq üzü görüb.

Teleqraf.com xəbər verir ki, roman böyük yazıçının həyatının son illərində, özünün yüksəldiyi mənəvi-intellektual mövqedə dünyaya və insana münasibətinin ədəbi fəlsəfi təzahürüdür.

Eləcə də Mədəniyyət Nazirliyinin sifarişi ilə görkəmli heykəltəraş Mirəli Mirqasımovun həyat və yaradıcılıqından bəhs edən kitabının nəşri başa çatdırılıb. Kitabda heykəltəraşın həyat yoldaşı Gültəkin xanım Mirqasımovanın xatirələri sayəsində böyük sənətkar haqqında bilinməyən səhifələr açılıb. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə musiqişünas, pedaqoq Kəmalə Cahangirovanın “Qanun məktəbi. Qanun partiyası” adlı dərslik işıq üzü görüb. Dərslikdə qanun alətinin yaranması, tarixi inkişafı və təkamülündən bəhs olunur. Həmçinin dərslikdə qanun alətində çalğının əsas qayda və üsulları, metodiki göstərişlər, melizmlər, ştrixlər, templər, alterasiya və dinamik işarələr, not, xana ölçüləri haqqında geniş məlumat verilib.

“Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilən kitablar Mədəniyyət Nazirliyinin tabeçiliyində olan kütləvi kitabxanalara və musiqi məktəblərinə paylanılacaq.


Müəllif: Teleqraf.com