16 Mart 2020 10:58
2 976
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Düşünmək vaxtı” rubrikasının qonağı yazıçı Şəhla Nihandır.

Onunla müsahibəni təqdim edirik.

- Nitsşe deyirdi ki, inanclar həqiqət düşmənidir, yalanlardan daha təhlükəlidir. Nitsşenin iddiası doğrudursa, inanclarımızı bizi aldadır. Siz nə düşünürsünüz?

- Bu suala cavab vermək üçün əvvəl həqiqətin nə olduğunu bilmək lazımdır. Bunu bilirikmi? Nədir həqiqət? Zənni azdırmaq üçün həqiqəti növlərə, tiplərə, hətta az qala cinslərə bölüb klassifikasiyaya məruz qoyuruq, çünki birmənalı cavab vermək mümkün deyil. Bəşəri həqiqət, ilahi həqiqət, ümumi həqiqət, hərənin öz həqiqəti, yəni fərdi - nə qədər absurd səslənsə də belədir.

İnsanın həyatında var olan bir çox doqma və kateqoriya onun yaşamını yüngülləşdirmək, ətrafı dərk etmək, nələrəsə sahib olduğunu kimlərəsə isbatlamaq üçün onun özünün uydurduğu yalandan başqa bir şey deyil. Yəni özü ilə dünya arasında bir irtibat yaratmaq üçün düşünüb tapdığı ünsiyyət vasitəsidir.

İnsan ətrafıyla hansısa “dil”də danışmalı idi. Bunsuz varlıq mümkün olmazdı. Həqiqət də bu qəbildəndir, inanc da, yalan da. Hətta azadlıq və ədalət də!

O baxımdan inanclar insanın yalan həqiqətidir və onların varlığı mütləqdir, həyata tutunmaq üçün tutacaqdır. Kök və gövdədir. İnanclar insan delüziyasıdır, yəni yanılmadır. Bunlarsız insan həyatı yeknəsəq, maraqsız olardı, dualizm pozulardı, mübahisə, mübarizə, mücadilə dayanardı, öz-özünlə, ya da başqasıyla. Heç kəsin inancını əlindən almaq olmaz. Hərə öz bildiyi kimi və istədiyi qədər yanılmaqda azaddır.

Hər şey illüziyadırsa, çıxış nöqtələri yetərincə səbatsızdır və mütləq istinadsız hər hansı fəlsəfi vahidə yanaşma, anadan kor doğulmuşa “rənglər haqda fikir söylə” müraciətimizə aldığımız cavabın təqribi oxşarı olacaq.

- Bu fikriniz diqqətimi çəkdi, deyirsiniz ki, dünyanı qanunauyğunluqlar deyil, xaos idarə edir. Bunu necə izah edərdiniz?

- Xaos variantlar çoxluğu, imkanlar bolluğu, perspektiv nəhayətsizlikdir. Orada hər şey ola bilir, hər cür alternativ addım mümkündür. Xaos mənin anlamımda anarxiya təyinatı almır. Niyə Xaos? İstənilən qəlibə oturaqlığı, istənilən hədəfə tuş gəlməsi, axıcılığı və çevrilmə çevikliyinə görə məhz o! Xaos hardasa Yoxluğun özü deməkdir. Yoxluq isə məlumdur nədir - potensial hər şey!

Sizin müsbətiniz başqası üçün mənfi ola bilir. Hər zaman hamını təmin edə biləcək, bütün zövqləri oxşaya biləcək bir şeylər yox. Nəzəri olaraq belə bunu təsəvvür etmək çox çətindir. Qələbələr uzaq məsafələrdən baxıldıqda, məğlubiyyət məğzini ortaya qoyur. Məğlubiyyətdə də həmçinin qələbə payı var.

İnsan özünü dünyanın ağası sayır, onu idarə edirmiş kimi xülyalara qapılır, amma yeraltı sulardan xəbəri yoxdur. Çoxluğun xoşbəxtliyi özünə məmnunluğu və özünə vurğunluğundadır. Düşünərlər, ümumən düşüncə adamı deməzdim, dünyaya qara eynəklə baxırlar, hər halda o qədər də xürrəm görünmürlər, yəqin ki, bu əsassız deyil.

Xaosa gəldikdə, insan elə varlıqdır ki, tanıdığı, bələd olduğu hər nəyisə sevə də bilər, əzizləyib bağrına basa da bilər, fikrindən daşınanda (ani ola bilir) tüpürcəyinə bulayıb ayaqlar altında tapdaya da bilər. Yəni insanın təbiəti belədir. İnsan adətən bilmədiyi, tanımadığı nəsnəyə ehtiramla yanaşır. Bu ehtiramınsa ayaqları qorxudan yoğrulub məchul bir oreola büründüyü üçün o məqam insana görə ucadan ucadır.

Bir az optimist yanaşsaq, nə zaman ki, bu günümüz üçün sabah peşman olmayacağıq, nə zaman ki, özümüzü hər şeydən hali göstərmədən həqiqətən hər şeydən hali olacağıq, nə zaman ki, “həyat nədir, xoşbəxtlik nədir, azadlıq nədir” kimi suallar beynimizi məşğul etməyəcək, demək o zaman xaosa qovuşacağıq və onu idarə etmək hüququ qazanacağıq, çox güman onda bu hüquqdan istifadə isə lüzumsuz olacaq.

- Sizcə, insan natamamdırmı?

- İnsanın natamamlığı bilgilərini tətbiq edə bilməməsidir. Nəzəriyyə daim praktikaya uduzur. Bu bir lozunqdur və onu özümüz düşünüb tapıb həyata yeritməkdəyik. Çünki xəyallarda, ideyalarda, kağız üzərində hər şey çox asan, rəvan və alınandır. Praktika isə maneələrlə qaçış deməkdir, yüzlərlə nüans, badalaq, nəzərə almalı olduğun xırdalıqlar deməkdir. Tətbiq mürəkkəb işdir və tətbiq sahələrinin məhdudluğu bu işi bir az da müşgülə salır.

İnsanın natamamlığı həmçinin bilgilərinin natamamlığından qaynaqlanır. İnsan oğlu hər şeyi bilə bilməz, hər halda hələlik belədir. Rabitə orqanlarımızın qeyri-kamilliyi çevrəmizin tamlığı ilə dərkinə imkan vermir. Bu bir tərəfə, dərk edə bildiklərimiz haqda da kifayət qədər biliyə malik deyilik.

İnsanın natamamlığı daim başqalarından asılı olması ilə müəyyənləşir. Bu yerdə “İnsan sosial varlıqdır” nidası gələcək. Bəli və eyni zamanda da deyil. Bəli, ona görə ki, müəyyən zamana qədər belə sayıla bilər. Deyil, ona görə ki, gərək tamlığın qoltuq ağacına ehtiyacı olmasın. Tarix boyu aydınlaşmışlar kahalara çəkilmiş və sair və ilaxır. Bu barədə sonsuz danışmaq olar.

- İnsan bəşəri şüura çata bilirmi? Hegel deyirdi ki, bu şüura çatmaq üçün əvvəlcə onu istəmək lazımdır.

- Biz dar mühitdə reallaşdırılmış ideyalar, röya fraqmentləri, böyüməsi, kamilləşməsi gözlənilən, daxilində ehtiras qığılcımları daşıyan zərrəciklərik. Əsas qayə Ali Şüura qovuşmaqdır. Hegel və Şellinqdə oxşar fikirlərə təsadüf etmək olur. Mütləq ideyanın yad reallıq müstəvisində (Yer yad müstəvidir) subhissəciklərə bölünərək bəsitləşməsi və bu bəsitlikdə öz aliliyini dərk etməsi, nəhayət Ata stixiyaya dönüşü.

Bir insan ömrü bəs edərmi o şüura çatmağa? Bəs iki, üç, dörd? Beş necə? Bəlkə on? Əfsus, biz səhvlərimizi dönə-dönə təkrarlamağı sevən məxluqlarıq.

Biz sözü məqsədə, məqsədi isə işə çevirməkdə aciz qalırıq, ələlxüsus o iş bəndəmiz üçün heç bir mənfəət daşımırsa. Hegel doğru buyurmuş, çoxluğun belə bir məqsədi yoxdur. Səbəb - bu ona lazım deyil.

- Haydegger sual verir: niyə var olduq, olmaya da bilərdik? Problem də budur.

- Bu sualın cavabı yuxarıda səsləndirilib. Haydegger kifayət qədər ziddiyyətli şəxs olub. Ümumiyyətlə ekzistensial qatlara nüfuz etmək cəsarətində bulunan hər kəsdə bu ziddiyyət olmamış deyil. Çünki dərinlik saflıq sevir. Saflığa gedən yol isə ziddiyyət burulğanından keçir.

Bu sualı başqa bir ekzistensialist – Kerkeqorun sualı ilə davam etdirmək istərdim (məhz davam, tamamlamaq yox):

“Haradayam? Bura haradır? Kim məni bura atıb? Mən kiməm? Bura necə düşmüşəm? Niyə fikrimi soruşmadan reallıq adlandırılan bu məkanda tərk edildim?”.

Varlıqla bağlı sualların ən qorxulusu “Mən kiməm? Kimə lazımam?” yox, “O kimdir? Nəyimə lazımdır?” sualıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər