26 Oktyabr 2020 12:44
6 389
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah vətən müharibəmizin bir ayı tamam olur. Mən bu bir ayı möcüzə adlandırardım. Ona görə ki, 30 illik həsrətimiz var və mən yaşda adamlar fikirləşirdilər ki, biz bu günü bəlkə də görmədik. Birdən məlum oldu ki, biz bunu görürük. Gözümüzün qarşısında müzəffər ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə itirilmiş torpaqlarımızı geri qaytarır.

Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar deyib.

Xalq yazıçısı bildirib ki, böyük qələbə gününü intizarla gözləyir: “Qazandığımız uğurların birincisi bizim ordu ilə qazandığımız hərbi uğurumuzdur. İkincisi, prezident türk, ingilis, azərbaycanca, rusca çıxışları ilə dünya ictimai rəyində fikri dəyişdirə bildi. Əvvəllər Azərbaycanın ərazi bütövlüyü formal şəkildə deyilir və tanınırdısa, indi bu, real anlayışdır. Bu real anlayışı Azərbaycanın öz gücü ilə bərpa etmək iqtidarı var, bu da çox böyük möcüzədir.

Üçüncü möcüzə isə xalqın heç vaxt olmadığı kimi birliyi, həmrəyliyidir. Mən elə bir adam tanıya bilmərəm ki, bu işlərə sevinməsin. Eyni zamanda, bir gözümüz gülür, bir gözümüz ağlayır. Çünki dinc əhalimiz həlak olur, orduda şəhid olanlar var. Cəbhə xəttindən çox uzaq şəhərlərimiz, yaşayış məntəqlərimiz vəhşicəsinə atəşə tutulur, körpələr həyatı görməmiş dünya ilə vidalaşmalı olur.

Amma vətən müharibəsində itkilər, qurbanlar qaçılmazdır. Xoşbəxtəm ki, qələbə gününü görmək mənə də nəsib olacaq”.

Yazıçı ermənilərin tarixi saxtalaşdırmasından da söz açıb: “Ermənilərin böyük alimləri var, xüsusilə də dəqiq elmlər sahəsində, fizika, astronomiya üzrə... Mənə maraqlıdır, niyə belə ağılsız siyasətləri var? Yəni bunlar başa düşmürlər ki, Azərbaycanla, Türkiyə ilə düşmənçilik etməklə heç nə qazanmırlar, əksinə çox şeyi itirirlər? Mən hadisələrin əvvəlindən bu işlərin içində olmuşam, bilirəm. Yalandan nə qədər demək olar ki, onlara qarşı soyqırımı olub?

Tutalım, haçansa müəyyən hadisələr olub. İndi Türkiyədə 200-300 min erməni çalışır. Bəs bunlara qarşı niyə genosid etmirlər? Azərbaycanda, elə Bakıda nə qədər erməni yaşayır, niyə onlara qarşı genosid aparılmır? Soyqırımı etmək istəyən kimdir? Soyqırımı onlar Xocalıda etdilər.

Onların bütün siyasəti yalan üzərində qurulub və buna görə də ağılsız siyasətdir. Əlbəttə, mənə elə gəlir ki, bu müharibədən sonra Qafqazda çox şey dəyişəcək. Azərbaycan haqlı mövqeyini təsdiq edərək Qafqazda ən böyük güc olaraq qalacaq. Uzaq qonşular da, yaxın qonşular da bizimlə hesablaşmalı olacaqlar. Dünya gücə tabedir. 30 ildir deyirsən Azərbaycanın ərazi bütövlüyü var, amma Minsk qrupu bu işlərdə bir addım da atmır. İndi isə deməyə məcburdurlar ki, bəli, Azərbaycan öz ərazisində vuruşur, özgə torpağında işi yoxdur”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər