29 Dekabr 2020 13:25
2 818
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu “Azərbaycan ədəbiyyatı tarixi” on cildliyinin ikinci cildini nəşr edib. İnstitut Elmi Şurasının qərarı ilə nəşr olunan ikinci cild “Ortaq başlanğıc və intibah dövrü Azərbaycan ədəbiyyatı” bölməsini əhatə edir.

Teleqraf.com-a Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan verilən xəbərə görə, “Elm” nəşriyyatında işıq üzü görmüş kitab AMEA-nın I vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin “Ədəbiyyatda ortaq başlanğıc” adlı irihəcmli tədqiqatı ilə başlayır.

Kollektiv elmi-yaradıcılıq məhsulu olan fundamental “Azərbaycan ədəbiyyatı tarixi” kitabının ikinci cildi Azərbaycan yazılı ədəbiyyatının ortaq başlanğıc dövrü (VII-X əsrlər) və intibah dövrünü (XI-XII əsrlər) əhatə edir. Ədəbiyyat tarixçiliyində ilk dəfə Azərbaycan yazılı ədəbiyyatı tarixi “Kitabi-Dədə Qorqud”la başlamış, bu ədəbi abidənin şifahi başlanğıc baxımından əhəmiyyəti qeyd olunmaqla bərabər daha çox yazılı ədəbiyyat olması elmi cəhətdən əsaslandırılıb.

Cilddə qədim Alban yazılı abidələri və Azərbaycanda islamın qəbul edilməsindən sonra VIII-XII əsrlərdə ərəb dilində yazıb-yaratmış azərbaycanlı alim və şairlərin yaradıcılığı, habelə Xətib Təbrizinin elmi-ədəbi irsi araşdırma predmetinə çevrilib. Cildin əsas məzmununu XI-XII əsrlər intibah dövrünün Azərbaycan poeziya məktəbi və onun görkəmli nümayəndələrinin yaradıcılıq xüsusiyyətlərinin təhlili təşkil edir. Böyük Azərbaycan şairi Nizami Gəncəvinin ədəbi irsi, onun “Xəmsə”si möhtəşəm ədəbiyyat hadisəsi kimi təqdim olunur, Nizami ədəbi məktəbinin özünəməxsusluqlarından bəhs edilir.

İkinci cild iki hissədən ibarətdir. Birinci hissə “Azərbaycan yazılı ədəbiyyatının ortaq başlanğıc dövrü” (VII-X əsrlər), ikinci hissə “İntibah dövrü Azərbaycan ədəbiyyatı” (XI-XII əsrlər) adlanır. Bu cild ingilis və rus dillərində xülasədən, həmçinin Azərbaycan, türk, rus, avropa, ərəb, fars dillərində ədəbiyyat siyahısından ibarətdir.

Sanballı tədqiqat oçerklərindən ibarət kitabda İsa Həbibbəyli, Azadə Rüstəmova, Qafar Kəndli-Herisçi, Zakir Məmmədov, İmamverdi Həmidov, Nüşabə Araslı, Fəridə Əzizova, Çingiz Sadıqoğlu, Tofiq Hacıyev, Malik Mahmudov, Ülkər Məmmədova, Zakir Məmmədov, Xəlil Hüseynov, Könül Hacıyeva, Nailə Tağıyeva, Akif Əliyev, Leyli Əliyeva, Zəhra Allahverdiyeva, Ruqiyyə Qəmbərqızı, Lalə Əlizadə, Xanəli Babayev, Elnarə Zeynalova, Siracəddin Hacı kimi alimlərin tədqiqatları yer alıb.


Müəllif: Teleqraf.com