“Bir fars şairi türklüyə bu qədər rəğbət bəsləyə bilməzdi. Firdovsinin türklərə neqativ münasibəti bu fikrin tarixi təsdiqidir. Odur ki, Nizamini İran şairi saymaq nə coğrafi, nə tarixi, nə mədəni, nə də etnopsixoloji yöndən özünü doğruldur”.
Ədəbi tənqidçi Əsəd Cahangirin Teleqraf.com-a müsahibəsini təqdim edirik:
- Məlum olduğu kimi, 2021-ci il “Nizami Gəncəvi ili” ili elan olundu. Müsahibəyə elə buradan başlayaq - Nizami sizin üçün kimdir?
- Nizami iliylə bağlı sərəncam Prezident İlham Əliyevin ədəbiyyatımıza ehtiramının ifadəsidir və buna görə çağdaş ədəbiyyatımızın təmsilçilərindən biri kimi cənab prezidentə minnətdarlığımı bildirirəm. Soruşursunuz ki, Nizami mənim üçün kimdir? Mənim Nizamiylə ilk tanışlığım Qəzənfər Xalıqovun çəkdiyi “Nizami” portreti və Üzeyir Hacıbəyovun “Sənsiz”, “Sevgili canan” romanslarıyla başlayıb.
Sonra “Söz” adlı essemdə Nizamidən bəhs etmişəm. Bu, artıq gördüyüm, yaxud eşitdiyim yox, dərk etdiyim Nizami idi. Bir də Nizami deyəndə həyatımın bu və ya digər dövründəki bəlli olaylar yadıma düşür.
- Hansı olaylar?
- Universitetin filologiya fakültəsinin dördüncü kursunda “Nizami” təqaüdünə layiq görülmüşəm. Beşinci kursda oxuyanda dahi şairin 850 illik yubileyi münasibətilə “Xəmsə” motivləri əsasında “Səadət karvanının sarvanı” adlı musiqili tamaşa hazırladım. Dövlət radiosundan musiqi parçaları, Milli Teatrdan dekor və rekvizitlər, Opera Teatrından geyimləri çətinliklə də olsa, əldə etdim. Tamaşanın səhnə və musiqi tərtibatını verdim. Müxtəlif fakültələrin aktiv tələbələrindən truppa yaratdım.
Universitetin böyük akt zalında bir saatdan artıq çəkən tamaşa gözlənilməz maraqla qarşılandı. Bu, universitet tarixində ilk və son belə amatör tamaşa idi.
- Bu haqda nə düşünürsünüz, “Nizami ili” niyə məhz indi, 2021-ci ildə elan olundu?
- Bu il dahi şairin anadan olmasının 880 ili tamam olur. Amma məsələ xronologiya ilə bitmir. Bu elan həm də regiondakı durumla bağlıdır və strateji xarakter daşıyır. Bir qonşumuz torpaqlarımıza iddialıdır və “Qarabağ Ermənistandır” deyir. Digər qonşumuz milli-mədəni sərvətimizə iddialıdır və “Nizami İrandır” deyir. Biz birinciyə qarşı “Qarabağ Azərbaycandır” dediyimiz kimi, ikinciyə qarşı da “Nizami Azərbaycandır” deməliyik.
- Deyirsiniz ki, “Nizami Azərbaycandır”. Bu fikrinizi necə izah edə bilərdiniz?
- Ermənilər deyir ki, türklər Qafqaza on birinci əsrdə gəlib. Əgər Nizami Azərbaycandırsa, biz regiona on birinci əsrdə gələ bilmərik. Çünki Nizami dühasının ərsəyə gəlməsi üçün yüzillər lazımdır. Əgər ermənilər Qafqazda qədimdən yaşayırsa, niyə onların on ikinci əsrdə Nizami kimi şairləri yoxdur?
Ermənilər deyir ki, Azərbaycan türkləri “barbardır”. Bütün şərq poeziyasına ton və yön verən Nizami kimi bir şairi yetirən xalqa necə “barbar” demək olar?
“Nizami Azərbaycandır” fikrinin daha bir yönü İranla bağlıdır. İran bədii sözümüzə iddia edir və “Nizami İran şairidir” deyir. Qərb dünyası da bəzən Nizamini belə qəbul edir. Halbuki dahi şair Səlcuqlar dövründə doğulmuş, Eldəgizlər zamanında yazıb-yaratmışdı. Bunlar hər ikisi türk dövləti idi.
Odur ki, Nizamini iranlaşdırmaq mənəvi işğal cəhdidir. “Nizami Azərbaycandır!” ideyası həm də bu işğala qarşı yönəlib. Təsadüfi deyil ki, Məhəmməd Əmin Rəsulzadə dahi şairə dair kitabını “Böyük Azərbaycna şairi Nizami” adlandırmışdı.
- Nizaminin dil məsələsi ən çox müzakirə olunan məsələlərdən biridir. Fars dilində yazıb deyə, onu “İran şairi” adlandıranlar var. Ümumiyyətlə, hansısa bir şair və ya yazıçı başqa bir dildə yazır deyə, onu o dilin mənsub olduğu ölkəyə aid etmək doğrudurmu?
- Professor Qafar Kəndli özünün Xaqaniyə dair qiymətli monoqrafiyasında yazır ki, Xaqani və Nizaminin yazdığı üslub “torkane-soxən”, yəni “türksayağı üslub” adlanırdı. Yəni Nizaminin əsərlərinin dili farsca olsa da, daxili dili türkcə idi.
Akademik Bertelsin diliylə desək, o, türkcə düşünüb, farsca yazırdı. Ona görə Şirvanşah Axsitan “Leyli və Məcnun”u Nizamiyə sifariş verəndə “türk dili yaraşmaz şah nəslimizə” deyə təzə əsəri fars-ərəb dilində yazmağı məsləhət görürdü. Şirvanşah “dil” deyəndə şairin torkane-soxən üslubunda yazmasını nəzərdə tuturdu.
Nizaminin farsca yazması onun şəxsi seçimindən asılı olmayıb, dövrün ənənəsindən, obyektiv tarixi şəraitdən doğurdu. Onun yaşadığı dövrdə əski ümumtürk mədəniyyəti öz ömrünü artıq başa vurmuş, milli mədəniyyətlər isə hələ formalaşmamışdı. O bu ikisi arasındakı türk-islam mədəniyyətinin təmsilçisi idi. Bu mədəniyyət daxilində isə hər dilin öz funksiyası vardı - ərəb dili elm, fars dili şeir, türk dili hərb dili sayılırdı. Odur ki, təkcə Nizami yox, ümumən dövrün şairləri farsca yazırdı. Nizaminin “Leyli və Məcnun” dastanı üç xalqın müştərək islam mədəniyyətində birləşməsinin ən bariz ifadəsi idi – türk şairi ərəb əfsanəsini farsca yazırdı.
Eyni durum Qərbdə də hökm sürürdü. Danteyə qədər italyan şairləri latın, Çoserə qədər ingilis şairləri fransızca yazırdılar. Amma heç kəs onları latın və ya fransız şairləri saymır. Füzuli öz əsərlərini üç dildə yazır, amma özünü türk şairi sayırdı.
Nabokov Rusiyada doğulub, Avropa və Amerikada yaşayıb, əsərlərini rus, ingilis, fransız dillərində yazıb, amma ilk öncə rus yazıçısı sayılır. Çünki öz itirilmiş cənnətinə - doğulduğu yerə qayıdış ideyası onun bədii düşüncəsinin leytmotivində durur. Çingiz Aytmatovun əsərləri ruscadır, amma o rus yox, qırğız yazıçısıdır. Çünki rus yox, qırğız ruhunun bədii ifadəçisidir, yəni daxili dili qırğızcadır, torkane-soxəndir.
Nizamidə də durum belədir. Nizamişünas Tağı Xalisbəyli öz tədqiqatları nəticəsində bu qərara gəlir ki, Nizaminin əsərlərində türk sözünün 70 sinonimik çaları var, hamısı da müsbət anlamda – gözəl, ədalətli, cəsarətli, səxavətli, sədaqətli...
Bir fars şairi türklüyə bu qədər rəğbət bəsləyə bilməzdi. Firdovsinin türklərə neqativ münasibəti bu fikrin tarixi təsdiqidir. Odur ki, Nizamini İran şairi saymaq nə çoğrafi, nə tarixi, nə mədəni, nə də etnopsixoloji yöndən özünü doğruldur.
- Şairin İranın Qum şəhərində doğulmasına dair fikirlər də var.
- Bu bir fərziyyədir - Qum fərziyyəsi. Guya Nizami “İsgəndərnamə”də yazır ki, Qum şəhərində anadan olmuşam. Bu fərziyyə Nizaminin poemalarının üzünü köçürən İran mirzələrinin on səkkizinci əsrdə şairə elədikləri əlavədən başqa bir şey deyil.
Akademik Bertels sübut edib ki, Qum söhbəti Nizaminin erkən əlyazmalarının heç birində yoxdur. Təəssüf ki, "qum evcik" fərziyyəsinə inananlar hələ də qalmaqdadır.
- Nizami özündən əvvəlki şairlərdən kimlərdən təsirlənib?
- Nizaminin təsirlənməkdən daha çox, yaradıcı dialoqda olduğu şairlər olub və onlardan biri də Firdovsidir. Amma Azərbaycan şairinin İran şairi ilə dialoqu daha çox münazirə, yəni diskussiya səciyyəsi daşıyıb. Nizami “Xosrov və Şirin”, “Yeddi gözəl” və “İsgəndərnamə” dastanlarının mövzusunu Firdovsinin “Şahnamə”sindən götürüb, ona böyük ehtiramla yanaşıb, amma nəinki onu təqlid etməyib, əksinə, onunla ideya-bədii müxalifətdə olub.
Firdovsi “cəngavər”, Nizami “dilbər” eşqindən yazırdı. İran şahlarının tarixini nəzmə çəkmək Firdovsidə məqsəd, Nizamidə vasitə idi. Firdovsi fars millətçiliyinin, Nizami ümumbəşəri idealların daşıyıcısı idi. Firdovsi öz düşüncəsinin səciyyəsinə görə tarixçi, Nizami filosof idi. Firdovsi keçmişə, Nizami gələcəyə baxırdı. İran şairi ilə bu çoxyönlü müxalifətin özü də Nizaminin İran şairi olmadığını göstərirdi.
- Sizcə, onlardan hansı daha böyük şair idi?
- “Firdovsi, yoxsa Nizami?” mövzusunda mübahisələr əsrlər boyunca sürüb. Barışdırıcı mövedə duran məşhur hind alimi Şibli Nemani bu mübahisələrə belə yekun vurmaq istəyib: “Firdovsi Firdovsidir, Nizami də Nizamidir”. Zahirən obyektivlik kimi görünən bu yanaşmada, əslində, Firdovsinin xeyrinə bir ədalətsizlik var. Çünki Firdovsi yalnız əsərinin həcminə görə Nizamidən üstündür, qalan məsələlərdə Azərbaycan şairi onu üstələyir.
Təsadüfi deyil ki, Firdovsidən sonra şahnaməçilik ənənəsi təqlidçilikdən o yana keçmədiyi halda, xəmsəçilik əsrlər boyu bədii fikrin inkişafına təkan verib. Buna görə alman alimi Geroq Yakob Nizamini bir şair kimi Firdovsidən üstün tutur, Bertels isə deyirdi: “Nizami üçün heç bir ölçü yoxdur, o yalnız özü-özünün ölçüsü ola bilər”.
- Bəs, özündən sonrakılardan kimlər Nizamidən təsirlənib?
- Demək olar ki, bütün Şərq və bəzi Qərb şairləri. Nizami öz “Xəmsə”si ilə Şərq ədəbiyyatında dastançılığın əsasını qoyub və onun məktəbinin ömrü əsrlərlə davam edib. Ərəb əfsanəsi “Leyli və Məcnun”u yazılı ədəbiyyata Nizami gətirib. Dahi şairdən sonra bu mövzuda 140-dan çox əsər yazılıb.
Hind şairi Dəhləvi, tacik şairi Cami, özbək şairi Nəvai Nizaminin təsiri ilə “Xəmsə” yazıblar. “Xəmsə” yazmaq şairlər üçün sınağa çevrilib. Amma onların heç birinin “Xəmsə”si Nizami səviyyəsinə çatmayıb. On səkkizinci əsr Osmanlı şairi Ziya Paşanın dediyi kimi, “leyk birdir o piri-fani, yox “Xəmsə”sinə nəziri-sani”. Yəni dünyasını dəyişmiş o qoca birdir, onunkuna bənzəyən ikinci “Xəmsə” yoxdur. Bu üzdən Cami Nizamini “şeirin Allahı”, Nəvai isə “Günəşi” adlandırıb.
Maraqlıdır ki, Nizami ilə başlayan epik dastançılıq ənənəsi digər bir Azərbaycan şairi Füzuli ilə tamamlanıb və öz yerini qəzələ verib.
Qərb ədəbiyyatında Höte Nizamini çox yüksək qiymətləndirərərk, “şeirin Allahı” adlandırıb.
Müasir dünya ədəbiyyatında Nizaminin təsiri türk nasiri, Nobel mükafatçısı Orxan Pamukda qabarıq hiss olunur. Onun bədii düşüncəsinin əsasında Nizaminin “Yeddi gözəl”indəki rənglər konsepsiyasına postmodernist yanaşma durur. Yazıçının “Bəyaz qala”, “Qara kitab”, “Qar”romanlarının adının bu və ya digər rənglə bağlılığı Nizamidən gəlir. “Mənim adım qırmızı”da bu yanaşma alt qatdan üzə çıxır, açıq dialoq səciyyəsi alır.
Yazıçı öz qəhrəmanlarını Nizaminin Xosrov və Şirini ilə müqayisə edir. “Ötəki rənglər” esselər toplusunda isə o özünün rəng konsepsiyasının nəzəri ifadəsini verir. Pamukun Nobel almasında Nizami ilə dialoqun rolu böyükdür. Bir sözlə, bizim nasirlərin görməli olduğu işi türk yazıçısı görüb və xeyrini də götürüb.
- Sizcə, bizim nasirlər niyə Nizami faktına istinad etmirlər?
- Akademik Nizami Cəfərov bu sualın cavabını belə verir: “Çağdaş Azərbaycan bədii fikri Nizamini unudub”. Doğrudan da, bizim milli bədii fikir tariximizlə dialoqumuz Füzulidən üzü bəridir.
Firudin bəy Köçərlinin Azərbaycan ədəbiyyatı tarixinin Füzulidən başlaması fiki bu mənada təsadüfi deyil. Hətta böyük Muğannanın da Nizami ilə dialoq cəhdi uğurla nəticələnməyib. Nəsimi ilə bu dialoq alınıb, Nizami ilə yox. Çünki çağdaş Azərbaycan yazıçısı Nizamini orijinaldan oxumayıb. Nizami ruhundan, Nizami ritmindən uzaq tərcümələrin isə enerji ötürücülüyü zəifdir. Yəni birbaşa təmas yoxdur və nəticədə əlaqə baş tutmur.
Azərbaycan yazıçısının Nizami ilə dialoqu başının üstünə vurduğu “Nizami” xalçasının ölçüləri qədərdir.
- Niyə Nizamini yaxşı öyrənə bilməmişik?
- Müəyyən ideoloji qəliblər çərçivəsində olsa da, Nizami irsinin elmi tədqiqinin əsası sovet dövründə qoyulub. Həmid Araslı, Məmmədcəfər Cəfərov, Rüstəm Əliyev, Xəlil Yusifov, Azadə Rüstəmova, Tağı Xalisbəyli və digər alimlərin dahi şair haqqında monoqrafiyaları işıq üzü görüb. Nizaminin əsərləri Süleyman Rüstəm, Abbasağa Sarovlu, Rəsul Rza, Səməd Vurğun, Məmməd Rahim, Abdulla Şaiq, Mikayıl Rzaquluzadə tərəfindən dilimizə tərcümə edilib. Şair haqqında Ordubadi roman, Mehdi Hüseyn pyes və Muğanna ssenari yazıb, bu ssenari əsasında film çəkilib.
Təbii ki, bunlar yalnız başlanğıcdır. Çünki Nizami dühasının sonu yoxdur və elə buna görə o dahidir. Təsəvvür edin, küllü nizamişünaslıq neçə onillərdir ki, “Yeddi gözəl” – “Həft peykər” dastanının ancaq adının çözümü üstündə çalışır, amma hələ qəti bir nəticəyə gələ bilmir. Nə deməkdir bu “peykər” - gözəl, şəkil, surət, heykəl, planet, bunların hamısı, yoxsa başqa bir şey?
Şekspirin bir müəmması var – bu əsərlərin müəllifi kimdir? Nizaminin isə hər misrası bir müəmma, bir sirdir. Şair özü yaxşı deyirdi ki, "gizlənib özünü verməzmi nişan, sənə hər beytində bir sirr danışan". Amma, əlbəttə, Nizami fenomenini, Nizami sirrini bu və ya digər dərəcədə açan əsərlər də yazılıb. Bu baxımdan yanaşanda, Rəsulzadənin monoqrafiyasını, Mikayıl Rəfili və Nizami Cəfərovun məqalələrini göstərmək olar.
- Onalar hansı sirləri açır ki?
- Sənət adamının həyatında kənar təsirlərdən qurtarıb, özünəçəkilmə və özünüaxtarış dönəmi olur. Elə ki o özünü tapır, öz üslubunu yaradır, artıq başqaları onun yoluyla gedir. Nizaminin həyatında bu dövr “Sirlər xəzinəsi” ilə “Xosrov və Şirin” arasındakı təxminən 10 illik zamandır. Rəsulzadə dahi şairin həyat və yaradıcılığının bu daxili sirrini aça bilib.
Nizamini çox vaxt şairin heykəli ilə dəyişik salırlar - başında çalma, ucaboylu, çox müdrik, daim ciddi... Bircə əlində təsbehi çatışmır. Mikayıl Rəfili öz məqaləsində şairin bu müqəddəslik haləsini çıxarır, onun təkcə dahi yox, həm də insan olduğunu ortaya qoyub, onun xarakterinin sirrini açıb.
Nəhayət, Nizami Cəfərov həcmcə kiçik, qiymətdə ağır məqaləsində şairin öz genotipinə görə türklükdən gəldiyini, fövqəltipinə görə isə İslamı təmsil etdiyini göstərməklə Nizaminin nə dərəcədə türk və ya qeyri-türk olması kimi onillərlə müzakirə edilən problemi çözə bilib.
- Sizcə, “Nizami ili” ilə bağlı nə kimi işlər görüləcək?
- Nə işlər görüləcəyini bilmirəm, amma görülməli işlərdən danışa bilərəm. Məncə, şairin əsərləri haqqında yeni araşdırmalar aparılmalı və “Xəmsə”nin dastanları yazıldıqları vəzndə yenidən tərcümə olunmalıdır. Ölkə daxilində və beynəlxalq səviyyədə Nizami poeziya festivalları, Gəncədə başlayıb, Bakıda başa çatan çoxpilləli yubiley tədbirləri keçirilməlidir.
Şair haqqında yeni nəsr, dram əsərləri yazılmalı, tamaşalar qurulmalı, yeni film çəkilməlidir. Özü də Ordubadinin romanı kimi belletrist yox, ciddi tarixi roman, Eldar Quliyevinki kimi yox, Hollivud səviyyəsində film. Bütün dünya bilməli və təsdiq etməlidir ki, on ikinci əsrdə Azərbaycanın belə bir şairi olub.
- Eldar Quliyevin filmini bəyənmirsiniz?
- O filmi bəyənən birinci adamı sən tap, ikincisi mən olaram. Filmdə orijinal rejissor traktovkası nəzərə çarpmır, süjet və konflikt demək olar ki, yoxdur, tarixi kolorit duyulmur, şairin həyatı ilə bağlı naməlum faktlar açıqlanmır... Məsələn, ismaili terror təşkilatının başçısı Nizamini qətlə yetirmək üçün Ələmutdan qatillər yollamış, şairin yataq otağına soxulan başkəsənlər qaranlqıda səhvən onun zövcəsini öldürmüşdülər. Filmin yaradıcıları isə belə ilginc olayları bir kənara qoyaraq, təxəyyülə uyub, dramatizmdən uzaq, darıxdırıcı bir iş hasilə gətiriblər.
Ssenari müəllifi İsa Muğannadan filmin niyə belə alındığının səbəbini soruşanda dedi ki, akademiyanın bəzi tarixçi alimləri xalqlar dostluğu ideyasına zidd olduğunu əsas gətirib, İsgəndərin ruslarla döyüş səhnəsinin ssenaridən çıxarılmasını tələb etdilər.
Bəziləri hətta filmin ümumən çəkilməsinə qarşı çıxdı. Yalnız Heydər Əliyevin işə qarışması onları bu mövqelərindən geri çəkilməyə məcbur etdi. Film çəkildi, amma ixtisarlar onu şikəst elədi. Amma, məncə, ruslarla döyüş səhnəsi çəkilsəydi də, film xilas olmayacaqdı. Eldar Quliyevin “Babək” filmində döyüş səhnələri nəyi dəyişir ki? Əksinə, bu döyüş səhnələri ümumən yaxşı alınmış filmin “Axilles dabanı”dr.
- Yeni film çəkilsə, döyüş səhnələri alınacaq?
- Əgər Qarabağı döyüşlə almışıqsa, kinoda da döyüşməyi bacararıq.
- “Nizami ili”ndən nələr gözləyirsiniz?
- Arzu edirəm ki, istedadsız, diribaş işbazlar “Nəsimi ili”ndəki kimi “Nizami ili”ndə də bazar açmasınlar, ədəbiyyat, elm, televiziya, musiqi, teatr, kino, təhsildə dahi şairi alver alətinə çevirməsinlər, yuxarıların xoşuna gəlmək üçün dəridən-qabıqdan çıxmasınlar, özlərini dahi şairə yamaq eləməsinlər. Yəni “sən maral, mən maral” söhbəti olmasın.