23 Yanvar 2021 08:45
3 608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un müsahibi Türkiyədə yaşayan siyasi elmlər üzrə doktor Orxan Vəlidir.

Əvvəli burada

- Sovet Azərbaycanı dövründə millətçilik hansı formada inkişaf etdi? 1988-ci il Meydan hərəkatı Azərbaycan milləti anlayışının tamamlandığını göstərirmi?

- Daha əvvəlki sualınıza cavabımda Cümhuriyyət dövründə milli kimlik siyasətinin tamamlanmamış qaldığını ifadə etdik. Əsaslandırmamı Konstitusiyanın üzərində qurdum. Konstitusiya isə həm hüquq, həm də siyasət anlayışlarını ehtiva edir. Bununla bərabər Cümhuriyyəti quran millətçi aydınlar 1930-cu illərin sonuna qədər modern milli kimliyin, millətin təxəyyül edilməyində əsas rol oynayan mətbuat və ədəbiyyat sahəsində üstünlüyü mühafizə ediblər. Bu səbəblə tarixçilər Sovet dövrünün ilkin mərhələsində türklük vurğusunun olduğunu təkidlə ifadə edirlər. Texniki olaraq doğru ifadədir. Ancaq mahiyyət başqadır, əlbəttə. Bununla bərabər Cümhuriyyətin elan edilməyi və 23 ay da olsa yaşaması Sovet dövründə Azərbaycana SSRİ tərkibində muxtar bir kimliklə bərabər rus dilinin “kölgəsi”ndə də olsa, Azərbaycan dilini yaşatmaq imkanı verdi. Yəni Sovet dövrü ilə Çarlıq dövrünü müqayisə edəndə Sovet dövründə artıq millət şüurunun varlığını görmək mümkündür. Şübhəsiz, burada milli hərəkat dövrü və 23 aylıq Cümhuriyyət aydınlarının xidməti olub. Mən birinci Azərbaycan Cümhuriyyətinə aparan yolu epistemik azlıqların (aydınların) millət və dövlət yaratma prosesi olaraq ifadə edirəm. Bu mənada Türkiyədə nəşr edilmiş və hazırda Milliyyət Araşdırmalar Mərkəzi tərəfindən Azərbaycan dilinə tərcümə edilən bir məqaləmi mənbə olaraq göstərə bilərəm. (Valiyev, O. (2020). Milletini ve Devletini Arayan Bir Etnik Grup: Azerbaycan Örneği. Uluslararası Politik Araştırmalar Dergisi, 6(1), 1-15.)

Bu mənada Meydan hərəkatını dövlətin müstəqilliyi üçün mübarizə olaraq ifadə etmək olar. Onu ikinci Cümhuriyyətə aparan milli hərəkat olaraq da ifadə edə bilərik. Ancaq Meydan hərəkatını Azərbaycan milləti anlayışının tamamlanma prosesi olaraq ifadə etmək doğru olmaz. Əvvəla hərəkatın tərkibində bir ideologiyanın mütləq hakimiyyəti olmayıb. Digər tərəfdən hərəkat Azərbaycan milləti anlayışını və ya milli kimliyin inşasını tamamlamaq prosesinin başlanğıcı olub. Yəni müstəqilliyə aparan yol. XIX əsrin ortalarından başlayıb 1918-ci ildə cümhuriyyəti doğuran milli hərəkatla müqayisə etmək olar. Bu mənada milli kimliyin tamamlanmağı günümüzə qədər davam edəcək uzun bir prosesi ehtiva edəcək. Xülasə Meydan hərəkatı müstəqilliyə aparan yol olaraq ifadə edilə bilər. Vətən müharibəsində əldə edilən zəfər isə Azərbaycan milləti anlayışının, milli kimliyin inşasının tamamlanmağı üçün yetkin bir fürsətdir.

- Elə bununla bağlı sual ünvanlamaq istəyirdim: I Qarabağ savaşındakı məğlubiyyətimiz xalqımızda bir əziklik duyğusu yaratmışdı, 44 günlük qələbəmiz millət olmada hansı üstünlükləri qazandırdı?

- - SSRİ-nin tarixə qovuşması Azərbaycan xalqına müstəqillik qapısını açdı. Lakin ilk Qarabağ müharibəsində torpaqların 20 faizə yaxınının işğal edilməsi, Xocalı faciəsi müstəqil Azərbaycan xalqına millət olmaq yolunda ciddi maneə oldu. Bu mərhələ geridə qaldığı üçün çox toxunmaq istəmirəm. İkinci Qarabağ müharibəsi ifadə edildiyi kimi “Vətən Müharibəsi” idi. Belə ki, əldə edilən qələbə bir neçə baxımdan əhəmiyyətlidir. Birincisi, ilk dəfədir ki, Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı və qələbə qazandı. İkincisi, əldə edilən qələbə Azərbaycanın İran və Rusiya ilə olan münasibətlərinin mahiyyətinə də təsir edəcək. Üçüncüsü, beynəlxalq iclaslarda artıq Azərbaycan rəsmiləri daha fərqli bir diskursu mənimsəyəcəkləri kimi, fərqli münasibət də görəcəklər. Ən əsası əldə edilən qələbə daxildə Azərbaycanın milli kimlik inşasını tamamlamaq üçün, yəni Azərbaycançılıq (Azərbaycan millətçiliyi) müqaviləsini bağlamaq üçün tarixi fürsətdir. Bilirsiniz ki, Qarabağ Azərbaycan xalqının kollektiv hafizəsində xüsusi əhəmiyyət kəsb edir.

Orduya Şuşanın azad edilməsi üçün verilən təkidli əmr bunun bariz nümunəsidir. Şuşa həm Qarabağda Azərbaycan dövlətinin, xalqının siyasi yaddaş mərkəzidir, həm də Azərbaycan mədəniyyətinə kanonik şəxsiyyətlər verən mədəniyyət mərkəzidir. Bunun ən dəyərli nümunəsi, şübhəsiz Üzeyir Hacıbəylidir. Bəlkə ömrünün sonuna qədər Üzeyir bəyin Şuşaya qayıdan büstünü görə bilməyəcəyini düşünən adamlar da bu hadisəyə sevindilər. Çünki Azərbaycan xalqının ortaq dəyəridir. Zənnimcə, belə yekunlaşdırmaq olar: əvvəlcə əsgər Şuşaya daxil oldu, sonra siyasət-dövlət Şuşaya qayıtdı. Artıq bir daha ayrılmamaq məqsədilə xalqın qayıtmağı üçün hazırlıqlar aparılır. Şuşada dalğalanan Azərbaycan bayrağı bizə “Qarabağ Azərbaycandır” demək haqqını verir!

- Rusiya, Türkiyə, Azərbaycan və Ermənistanın münasibətlərinin indiki vəziyyəti gələcək üçün nə vəd edir? On noyabrdan sonrakı hadisələri necə analiz edirsiniz?

- - İbn Xəldun coğrafiyanın tale olması tezisini əsrlər əvvəl ifadə edib, bu gün də elm insanları tərəfindən istifadə edilməkdədir. Məramımı 2008-ci ildə Gürcüstanın sabiq baş nazirinin coğrafiyasını unuduraq atdığı “emosional” addımın gürcü xalqı üçün qiymətini xatırladaraq izah edim. Azərbaycan hər şeydən əvvəl bir Qafqaz ölkəsidir. Belə olduğu halda Rusiyanı (coğrafiyamızı) diqqətə almaq, hesablaşmaq zərurəti ortaya çıxır. Azərbaycan uzun illər bu səpkidə təmkinli siyasət izlədiyi üçün ikinci Qarabağ müharibəsində qələbə əldə edərək torpaqları işğaldan azad etdi. Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan arasındakı münasibətlərin aqibətini Rusiya ilə Türkiyə əlaqələrinin gələcəyi, Ermənistanın ortaq imzalanan mətnə sadiq qalıb-qalmayacağı müəyyən edəcək. Əlbəttə, hazırda “xaos” içərisində olan beynəlxalq siyasətin alacağı yönün də təsiri olacaq.

Ancaq müharibədən sonra rəsmi Bakı, Ankara və Moskvanın mövqeyi Ermənistan tərəfini də ciddi pozuntulara yol verməkdən çəkindirir. Əlbəttə, Azərbaycan xalqı üçün hazırkı vəziyyət tam arzuedilən deyil. Lakin modern siyasi tarixə nəzər salsaq, görərik ki, münaqişələr asanlıqla sonlandırılmır. On noyabrdan sonrakı hadisələri əvvəlcə əsgərin, sonra isə siyasətin-dövlətin və nəhayət, xalqın Qarabağa qayıdışı olaraq qiymətləndirirəm. Azərbaycan uzun perspektivdə qazanan tərəf olacaq. Azərbaycan əldə etdiyi hərbi zəfəri Ermənistanı blokadaya almaq əvəzinə yarana biləcək potensial iqtisadi birliyə daxil edərək, yəni paylaşaraq məsələni həll etmək niyyətində görünür. Xülasə, on noyabrda imzalanan atəşkəs mətni Azərbaycan tərəfi üçün əldə etdiyi zəfəri təsdiq etmək sənədidir. Ermənistan Azərbaycanın tələblərini yerinə yetirəcəyi təqdirdə qazanan tərəf ola bilər.

- Orxan bəy, elmi fəaliyyətinizi Türkiyədə davam etdirmək istəyirsiniz, yoxsa Azərbaycana qayıdıb universitetlərin birində çalışacaqsınız?

- Məncə, müsahibənin ən kritik sualını sona saxlamısınız (gülür). Arzum Bakıya qayıtmaq, oradakı universitetlərin birində çalışmaqdır. Doktorantura dövründə Bakıda qısa təcrübəm oldu. Həmin universitetlərdə dərs dediyim tələbələrimdən bəziləri ilə hələ də əlaqəmi davam etdirirəm. Doktor dərəcəsini aldıqdan sonra Bakıda bir neçə universitet ilə əlaqə saxlamışam. Ancaq hələ ki müsbət nəticə ala bilməmişəm. Halbuki Türkiyədə bir çox dəyərli professor tədqiqatımın müvafiq sahədə elmi ədəbiyyata töhfə olduğunu, Türkiyədə davam etməyimi təklif edirlər. Mən isə ümid edirəm ki, tədqiqatlarımı Bakıda davam etdirəcəyimlə bağlı təklif alacağam. Şübhəsiz, Bakıda axtarışım müsbət nəticələnməyəcəyi təqdirdə Türkiyədə qalacağam. Bütün hallarda tədqiqatımı davam etdirməliyəm.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər