Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında dünyaca məşhur olan, amma azərbaycanlı olduğunu çox az adamın bildiyi, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.
Haqqında internet vasitəsilə məlumat əldə etdiyimiz şəxs klassik rus ədəbiyyatının tanınmış simalarından biridir.
Olqa Forş — Azərbaycan əsilli rusiyalı yazıçı. Rusiyada inqilabi-demokratik mübarizəni əks etdirən tarixi romanların müəllifi kimi tanınır. Anası yarı gürcü, yarı azərbaycanlı olan Nina Şahəddinova olub.
Olqa general Dmitri Komarovun qızı idi. Qafqazda xidmət edən atası 1877-1878-ci illərdə baş vermiş Rus-Osmanlı müharibəsinin iştirakçısı olub. General qızı, eyni zamanda şair Nina Xabiasın bibisi idi.
Ögey ananın əllərində
Olqa 1873-cü il mayın 16-da (28) generalın hərbi dairənin başçısı olduğu Günibdə (indiki Dağıstan) anadan olub. Anası Azərbaycan əsilli Nina Şahəddinova idi. Olqa anasını erkən itirib, atası bundan sonra yenidən evlənib. Nina Şahəddinova filosof və Rus Pravoslav kilsəsinin keşişi Pavel Florenskinin əmisi qızı olub.
Nina Şahəddinovanın 1881-ci ildə ölümündən sonra ögey anası Olqanı Stavropoldakı Olginskaya gimnaziyasına və Moskva Nikolayev Yetimlər İnstitutuna verib. Başlanğıcda rəssamlıq Olqanın diqqətini özünə cəlb edib. P.P.Çistyakov da daxil olmaqla, Kiyev, Odessa və Sankt-Peterburqda bir çox rəssamlıq məktəbində oxuyub.
Olqa Kamarova 1895-ci ildə hərbi topoqraflar korpusuna rəhbərlik edən general-leytenant Eduard Forşun oğlu Boris Forşun həyat yoldaşı olub. Forş ailəsi tez-tez Borisin bacısı və onun əri Aleksandr Meşerskinin sahibi olduğu Smolenskdəki mülkündə yaşayıb.
Qadağan edilmiş kitablar
Olqa Forş əsərlərini 1907-ci ildə nəşr etməyə başlayıb. İlk uğurlu hekayəsi “Bir general var idi” 1908-ci ildə “Rus düşüncəsi” jurnalında dərc olunub. İlk əsərlərinə “Nürnberqli cəngavər” (1908), yarımçıq qalmış “Boqdan Suxovski” (1910) romanı daxildir.
Forşun romanları Rusiyadakı inqilabi düşüncə və hərəkat tarixinə həsr olunub. İnqilabçı Mixail Beydemanın taleyi haqqında “Daşa bürünmüş” (1924-1925), 1905-1907-ci illər inqilabı haqda “İsti sex” (1926), "Radişşev”, Dekabristlər haqda “Azadlığın ilk doğuluşu” (1950-53) əsərlərinin müəllifidir.
Despotik rejim şəraitində yaşayan yaradıcı şəxsiyyətlərin taleyindən bəhs edən “Müasirlər” və “Mixaylovski qalası” (1946) adlı əsərlər də onun qələmindən çıxıb.
Yazıçı “Dəli gəmi” (1930) və “Quzğun” adlı xatirə kitablarında XX əsrin ilk iki onilliyində yaşamış Petroqrad rəssamlarının və müasirlərinin portretlərini yaradıb. Əsərlər Forşun şahidi olduğu real hadisələri əks etdirir. Hər iki kitab proletar tənqidin hücumuna məruz qalıb və uzun müddət təkrar çapı qadağan edilib.
Forş, eyni zamanda, inqilabdan əvvəl şəhər və kənd həyatından bəhs edən hekayələr, müxtəlif mövzuları əks etdirən satirik hekayələr kitabları, film ssenariləri və pyeslərin müəllifi olub. Yazıçının əsərləri SSRİ xalqlarının və digər xarici dillərə tərcümə olunub.
Əcəlin gətirdiyi unutqanlıq
Həyatının son illərinə qədər Olqa Forş həmkarları və oxucuları tərəfindən layiqincə hörmət görürdü, əsərləri tez-tez böyük tirajlarla çap olunurdu. Lakin ölümündən sonrakı illərdə onun adı təkcə ədəbi çevrələrdə yox, kitabxanalarda da unuduldu.
Olqa Forş 1961-ci il iyulun 17-də Pavlovsk yaxınlığında - Tyarlevoda vəfat edib və Kazan qəbiristanlığında dəfn edilib.
Yazıçı iki dəfə SSRİ rəhbərliyi tərəfindən “Qırmızı Əmək Bayrağı” və “Fəxri Nişan” ordenlərinə layiq görülüb. Habelə, digər medalların sahibi olub.