13 May 2021 17:50
7 326
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki il öncə İstanbulda bukinistlərin birindən Azərbaycanda çap olunan iki kitab satın aldım. Həmin kitablar kitabxanamda mövcuddu. Amma yenidən almağımın səbəbi hər iki kitabın içərisinə yapışdırılmış qeydlər idi: “Xarı Bülbül” ümumdünya festivalının iştirakçısına. Azərbaycan SSR, Qarabağ, Ağdam şəhəri. 25 may 1990-cı il”. Kitablar isə Firudin Şuşinskinin yazdığı “Cabbar Qaryağdıoğlu” və “Xan Şuşinski” əsərləri idi. Qəribə hisslərdi. Ağdam da işğaldaydı, Xarıbülbül də. Festivalın bir zamanlar mövcudluğu isə heç xatırlanmırdı. Görəsən, kimlərin kitabıydı? İstanbuldan aldığım üçün festivalda iştirak edən türk jurnalistə və ya hansısa formada iştirak edən şəxsəmi aiddi?

Bəlkə də, bu sualın cavabını tapacağıma əmin idim, amma Şuşanın geri qaytarılacağına, festivalı televiziyadan izləyəcəyimizə inanmazdım. Açığı zaman keçdikcə, dünyaya yön verən güclərin ədalətsizliyini gördükcə ümidlərimi tamam itirmişdim. Amma yanılmışam. Ədalətin keşikçisinin Avropa, Amerika və ya başqası deyil, məhz Azərbaycan ordusu olduğunu unutmuşdum.

Səmimi etiraf etmək lazımdır. Həmişə gözləmişdik ki, Rusiya, Amerika icazə verdiyi zaman müharibəyə başlaya bilərik. Çünki böyük güclərdən əleyhimizə sərt addımlar atılacağını hesab etmişik. Amma unutmuşuq ki, bir xalq istəyərsə, bir ordu istəyərsə, onun rəhbərliyi istəyərsə, Fransaya, Kanadaya rəğmən mümkündür. Təki istək olsun.

Azərbaycan milləti və ordusu isə bütün çətinliklərə rəğmən Qarabağı heç bir zaman unutmadı. Ümidsizliyə rəğmən unutmadı. Otuz ilə yaxın müddətə rəğmən unutmadı.

Dünən dövlət başçısı haqlı olaraq qələbəmizin əldə edilməsinin Azərbaycan ordusunun sayəsində mümkün olduğunu dedi. Üç min şəhid və yüzlərlə qazimizin sayəsində dünən Şuşa dağlarında muğam əks-sədası yayıldı, Şuşa səmasında atəşfəşanlıq oldu.

Festivalda bir çox mesaj oldu. Azərbaycanda yaşayan əksər xalqların nümayəndələri Qarabağ səmasında səslərini ucaltdılar. Onların bir-birindən rəngarəng ifaları Şuşanı daha da füsunkar etdi. Talış, tat, yəhudi və s. azlıqlar “Qarabağ Azərbaycandır!” dedilər.

Təkcə bu fakt göstərdi ki, Azərbaycan dövləti Qafqazda yaşayan bütün xalqların nümayəndələrinin vətənidir. Həmin xalqlar Azərbaycanda bərabərhüquqlu şəkildə özlərini ifadə edə bilirlər. Əgər yüz illik düşmənliklərini məhv edə bilib Qarabağ münaqişəsini yaratmasaydılar, bu gün arası kəsilmədən davam edəcək festivalda erməni xalqının da musiqisi səslənəcəkdi.

Amma artıq mümkün deyil. Yüz ildə verilən onlarla şansa rəğmən Qafqazdakı bütün xalqlara düşmən kəsilən bu toplumun səsi Şuşa səmasında əsla səslənməməlidir.

Öz yurdumuza bizi turist kimi qəbul edib muğam dinlədə biləcəyini deyən zehniyyətin səsi birdəfəlik kəsilməlidir.

Şuşadakı festivalda ölkənin bir çox ziyalıları, yazıçıları, jurnalistləri iştirak etdilər. Orada olmaq istəyən biri kimi mən də “paxıllıq” etdim. Əlbəttə, zamanla hamımız müqəddəs torpaqlara qədəm qoyacağıq. Əsas odur ki, Şuşa azaddır, Şuşa bizimdir.

Azərbaycan dövləti Şuşanı necə, hansı formada bərpa edəcəyinin planına malikdir. Şuşa deyəndə ağla bir çox şəxslər gəlsə də, mənə görə Şuşa demək Əhməd Ağaoğlu deməkdir. Unutmayaq ki, Sovet dövründə Üzeyir Hacıbəyli, Natəvan, Bülbül, Haqverdiyev, Vaqif kimi şəxsiyyətlərin xatirəsi əbədiləşmişdi. Amma Şuşa, Qarabağ, Bakı uğrunda ermənilərlə amansız mübarizədə olan Əhməd bəy Ağaoğlunun xatirəsi heç bir zaman əbədiləşmədi. Çünki müstəqillik əldə etdikdən bir il sonra şəhər işğal edildi və Sovet dövründə üzərində qadağa olan Əhməd bəyə olan borcumuzdan çıxa bilmədik.

Bu gün o şansa sahibik. Şuşada Əhməd bəyin əzəmətli heykəli ucaldılmalıdır.


Müəllif: Dilqəm Əhməd