Türkiyə tarixinə hərbi çevrilişlə devrilmiş ilk siyasi lider, hökumət başçısı olaraq düşən Adnan Menderesin həyatı maraqlı nüanslarla doludur. Mustafa Kamal Atatürkün nəzarətində fəaliyyət göstərən Sərbəst Cümhuriyyət Firqəsi dövründən etibarən aktiv siyasətə başlayan Adnan Menderes 1946-cı ildə tək partiyalı iqtidar dönəmini sonlandırıb, 1950-ci ildə isə iqtidarı əldə edərək çoxpartiyalı dönəmin ilk zəfərini qazanıb.
Adnan Menderes 1899-cu ildə Aydın şəhərində doğulub. 1910-cu ildə İttihad və Tərəqqi edadisində təhsilə başlayıb, ardınca İzmirdə Kızılçullu Amerikan Kollecində davam etdirib. 1919-cu ildə yunan ordusu Aydına hücum etdiyi zaman bir neçə dostu ilə birgə “Ay-ulduz” təşkilatını quraraq mübarizəyə başlayıb, daha sonra piyada alay yavəri olaraq İstiqlal savaşında iştirak edib, İstiqlal medalına layiq görülüb.
Cümhuriyyət illərində doğulduğu şəhərdə yaşayan Menderes Sərbəst Firqə qurulduğu zaman onun sədri Əli Fəthi Okyarın dəvəti ilə partiyanın Aydındakı şöbəsinin rəhbəri təyin edilib. Cəmi üç ay ömrü olan, azərbaycanlı siyasi xadim Əhməd bəy Ağaoğlunun da yer aldığı Sərbəst Cümhuriyyət Firqəsinin ləğvindən sonra Adnan bəy bu dəfə iqtidardakı Cümhuriyyət Xalq Firqəsinin Aydın şöbəsinin sədri kimi fəaliyyətinə davam edib. Bu illərdə Mustafa Kamal Atatürklə tanış olan Menderes Aydın millət vəkili olaraq parlamentə daxil olub. Millət vəkilliyi dövründə Ankara Universiteti Hüquq Fakultəsini tamamlayıb.
1944-cü ildə parlamentdə torpaq islahatı ilə bağlı məsələdə partiyası ilə qarşıdurma yaşayan Menderes bu reforma qarşı çıxıb, buna görə də Cəlal Bayar, Refik Koraltan, Fuad Köprülü kimi şəxslərlə birgə partiyadan ixrac edilib. Nəticədə 1946-cı il yanvarın 7-də Cəlal Bayarın liderliyində CHP-yə müxalif Demokrat Partiya (DP) qurulub. 21 iyul 1946-cı ildə baş tutan seçkilərdə DP 60-dan çox millət vəkili ilə parlamentdə güclü müxalifət yaradıb. 14 may 1950-ci il seçkilərində isə DP 53 faiz səslə 408 yeri əldə edərək iqtidara sahib olub. Cəlal Bayar parlament tərəfindən prezident seçildikdən sonra yeni hökuməti qurmağı Adnan Menderesə tapşırıb.
Menderes iqtidarının ilk illərində CHP-nin atdığı bəzi addımlar (türkcə azan və s.) ləğv edilib, Türkiyə Koreya savaşında ABŞ-ın yanında yer alıb, 18 yanvar 1952-ci ildə ölkə NATO-ya üzv olub. Bunlara baxmayaraq Türkiyə daxilində azadlıqları boğmağa çalışan Menderes iqtidarı qısa zamanda özü öz süqutunu yaxınlaşdırıb. Müxalif partiyalara, qəzetlərə qarşı sərt tədbirləri ölkə içərisində qarşıdurmalara səbəb olub. Nəticədə 27 may 1960-cı ildə hərbi çevrilişlə DP iqtidarı devrilib, hərbçilərdən ibarət Milli Birlik Komitəsi hakimiyyəti ələ keçirib. Ankara radiosunda Alparslan Türkeş tərəfindən oxunan bəyanatda demokratiyanın düşdüyü böhran və qardaş qırğınının qarşısının alınması üçün Türk Silahlı Qüvvətlərinin idarəçiliyə sahibləndiyi qeyd olunub. Adnan Menderes 17 sentyabr 1961-ci ildə edam edilib. Menderes hökumətində yer alan Əhməd bəyin oğlu Səməd Ağaoğlu, Cəlal Bayar həbsə məhkum olunsalar da, bir neçə il sonra azad ediliblər.
22 may 1950-ci ildə qurulan I Menderes hökumətinin elanından bir ay keçmədən Baş nazir Adnan bəyin maraqlı bir müsafiri olub. Bu müsafir uzun illərdir mühacir həyatı yaşayan Azərbaycan Cümhuriyyətinin sonuncu Daxili İşlər naziri Mustafa Vəkiloğlu idi.
Türkiyə arxivlərində saxlanılan, 28 iyun 1950-ci il tarixli məktubdan aydın olur ki, bu tarixdən bir neçə gün öncə Baş nazir sabiq Cümhuriyyət nazirini məqamında qəbul edib, onun dərdlərini və fikirlərini dinləyib. Daha sonra Mustafa bəy danışılanların tarixə keçməsi üçün Menderesə məktub ünvanlayıb.
Yada salaq ki, Azərbaycan Cümhuriyyətinin Rusiya tərəfindən işğalından sonra Mustafa bəy Türkiyəyə mühacirət edib. 1924-cü ildə o, İstanbulda fəaliyyət göstərən Azərbaycan Milli Mərkəzinin Mərkəzi Komitəsinin üzvü seçilib, 1928-ci ildə yaradılan “Prometey” təşkilatında təmsil olunub. 1929-cu ildə isə Azərbaycan Milli Mərkəzindən istefa verərək Polşaya gedib. Daha sonra Almaniya, Fransa kimi ölkələrdə fəaliyyət göstərib. 1938-ci ildə Atatürkün dəfn mərasimində iştirak edib. II Dünya müharibəsinin sonlarında Türkiyənin Amasya şəhərinə gedib, orada yenidən ailə həyatı qurub, daha sonra Ankaraya köçüb, Vilayətlər Bankının baş hüquq məsləhətçisi olub. Mustafa bəy 1965-ci ilin noyabrında Ankarada vəfat edib, Cəbəci Əsri məzarlığında dəfn edilib.
Türkiyədə ikən Azərbaycanın istiqlal mübarizəsi ilə yanaşı sadə azərbaycanlıların da varlığı üçün çalışan Mustafa bəyin Türkiyə Baş naziri ilə görüşü də məhz bu qəbildən olub. Məktubdan aydın olur ki, Mustafa bəy Baş nazirdən özünün timsalında mühacir azərbaycanlılar üçün iş və milli mübarizəyə dəstək istəyib.
Mustafa bəyin Türkiyə dövlət arxivində saxlanılan Baş nazir Adnan Menderesə göndərdiyi məktubun mətnini dilini müəyyən qədər sadələşdirərək təqdim edirik:
***
Ankara, 28.06.1950
Pək möhtərəm başqan!
Bir neçə gün əvvəl bəndənizi qəbul edərək milli və şəxsi dərdlərimi dinləmək lütfündə bulunduğunuzdan dolayı zat-i dövlətlərinizə candan təşəkkürlərimi ərz edirəm. Müsaidəniz üzərə ziyarətin əsnasındakı məruzatımı bu dəfə yazılı şəkildə də zati-i dövlətlərinizə ərz və təqdim edirəm.
Azərbaycanın Sovetlər tərəfindən istilasından sonra Türkiyəyə iltica edən bizlər – Azərbaycanın məsul siyasi adamları – yurdumuzun qurtuluşu üçün 30 ildir çalışıb-çabalamaqdayıq. Bir çox iztirab və məhrumiyyətlərlə dolu bu mücadilə və çalışmalarımızda qardaş Türkiyə Cümhuriyyətinin mənfəətlərini göz önündə tutmaq bizim üçün bir prinsip məsələsi olmuşdur. Milli davamızın sövq və idarəsində qardaş Türkiyənin maddi və mənəvi dəstəyinə söykənərək hərəkət etmək bizim daimi arzu və əməlimiz olmuşdur. Bu dəstəyi təmin məqsədi ilə 30 ildən bəri Ankara qapılarını döymüş məsul bir şəxs sifəti ilə ərz edə bilərəm ki, bu təşəbbüslərimin həzin hekayəsi qocaman bir kitab mövzusu ola bilər. Bu xüsusda olub-bitənləri tarix bir gün əlbəttə təsbit edəcəkdir...
Bu dəfə də Demokrat Partiya hökumətinə - millətin sərbəst arzu və iradəsi ilə iqtidara gələn və yeni bir zehniyyətlə dövlət işlərinin idarəsinə başlayan Demokrat Partiya Hökumətinə - yenə eyni məqsədlə bu müraciəti etməyi özümə milli və tarixi bir borc və vəzifə ədd edirəm.
Böhranlar içində çırpınan dünyanın bugünkü durumu bir çox ehtimallarla doludur.
Müştərək milli tariximizin belə mühüm bir dövründə qardaş Cümhuriyyət hökumətinin milli davamızda biz Azərbaycan nasionalistlərinə qardaşca əl uzatmasını, maddi və mənəvi dəstəyini, irşad və ikazını əsirgəməməsini ərz və istirham eylərim. Təbii ümumi siyasi vəziyyətin müsaidəsi nisbətində.
Bizim kimi rus-kommunist imperializminə qurban gedən digər millətlərin xaricdəki siyasi adamlarının son zamanlar davalarını canlandıraraq Amerika və Avropada müntəzəm bir propaqanda fəaliyyətinə başladıqları məlumdur. Bu məyanda qonşularımız erməni və gürcülərin də müəyyən bir hərəkətə keçdikləri eşidilməkdədir. Bizlər- Azərbaycan nasionalistləri isə bu gün burada pərişan bir vəziyyətdəyik. Ən kiçik çalışma-çabalama imkanlarından belə məhrum buraxılmışıq.
Əgər bu dəfə də kiçik bir çabalamamıza yenə imkan verilməzsə, heç olmasa bu dava üzərində uzun illərdən bəri milliyyətçi bir idealist olaraq çalışmış və bütün həyatını bu milli davaya həsr etmiş adamların buradakı maddi vəziyyətlərinin düzəlməsi üçün onlara bugünkündən daha münasib bir iş, bir vəzifə verilməsini rica edəcəyəm. Bu bir qardaş borcu olar zənnindəyəm. 30 ildir davaları uğrunda çalışmaqda olan bu adamlar burada hər halda gərək ki məlumdurlar.
Çox eyib və mənən çox üzücü olduğunu bildiyim və hiss etdiyim halda müsaidənizlə özümdən bəhs edəcəyəm və bu gün burada nə halda yaşadığımızı anlatmaq üçün özümü bir misal olaraq göstərəcəyəm.
Moskva Universitetinin Hüquq fakultəsindən məzunam, bir neçə dil bilirəm, 30 ildir Ankaranın gözü önündə və onun məlumatı-taxtında zavallı bəxtsiz yurdumun qurtuluşu üçün çalışmış, çırpınmış Azərbaycanın məsul siyasi bir şəxsiyyətiyəm. Gənc yaşımdan bəri bütün varlığımı milli davaya həsr etmiş, şəxsini deyil, cəhənnəm iztirabları içində qıvranan qardaşlarını, bacılarını, analarını düşünən bir türk münəvvəriyəm. Bu gün Amasiyada Orman İşlətmə Müdirliyində kiçik bir katiblik vəzifəsindəyəm və buna 5 ildir dözmək və davam etmək məcburiyyətindəyəm.
Əcəba, arzu edilsəydi məndən və mənim kimi digər arkadaşlarımdan Azərbaycan davası üçün olmasın, Türkiyə üçün daha başqa sahələrdə və daha məhsuldar bir şəkildə istifadə edilə bilməzdimi? Heç olmasa milli tariximizin bu dövrünü yazacaq olanlar üçün bir qədər də olsun müsbət bir yer verilə bilməzmiydi?
Məruzatıma son verərkən haqqımda göstərmiş olduğunuz əlaqəyə bütün qəlbimlə təkrar təşəkkür edər, dərin və səmimi hörmətlərimi ərz edərəm.
Mustafa Vəkilli
Sabiq Azərbaycan Daxiliyyə vəkili
Mehmetpaşa məhəlləsi, Amasiya