Teleqraf.com şair Mətləb Ağanın yeni şeirini təqdim edir.
***
Yarpaqlar xışıldayır
yenə yarıyuxulu...
küçədəki o mahnı
ürəyimə toxunur...
indi sənə deməyə
sözüm-filan da yoxdu,
məndə bitdi doğrular,
ancaq yalan da yoxdu...
heç vaxt eşitmədiyin
bir söz deyəcəm sənə,
bilirsən, arxayınam
yerdən göyəcən sənə...
olanın-olmayanın,
nəyin varsa, yığışdır...
leysanda islanmışa,
nə fərqi ki, yağışdı...
...Sonra bir göyqurşağı,
baxıb, lap ölmək olar...
...Qoy bir o mahnı qalsın,
qalsın, nə bilmək olar...