12 Oktyabr 2021 16:37
3 170
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əvvəli burada

... Mələkli Iğdırın mərkəzinə bağlı bir qəsəbədir. Tarixçilərin yazdıqlarına görə, Səlcuqlu sultanı Məlik şah Qarsı fəth edərkən ordugahını burada qurub. 1913-cü ildə aparılan qazıntılar zamanı Urartu dövrünə aid nümunələr tapılıb. 1923-cü ildə kənd, 1970-ci illərdə isə qəsəbə statusunu alıb. Qəsəbədə yaşayan əhalinin əsasını Azərbaycan türkləri təşkil edir.

Ötən il 44 günlük Vətən müharibəsi dövründə qəsəbə bələdiyyə məclisinin 07.10.2020 tarixli qərarı ilə Günəşli məhəlləsinin adı Qarabağ məhəlləsi olaraq dəyişdirilib. 2018-ci ildə isə qəsəbədə Şəhriyarın büstü qoyulub.

Qəsəbənin qədim Çaybaşı məzarlığındakı qoç başları da ərazidə qədimdən türklərin yerləşdiyini göstərir.

Məzarını ziyarət edəcəyimiz şəxs də bu məzarlıqda dəfn olunub...

Əli Əkbər Tufan kimdir?

Ramazanoğulları nəslindən olan Əli Əkbər Tufan 1874-cü ildə Iğdırın Mələkli kəndində doğulub. İrəvan gimnaziyasında təhsil alıb, iddialara görə erməni general Dro (Drastamat Kanayan) ilə məktəb yoldaşı olub. Erməni zülmünün başladığı illərdə Droya qarşı Azərbaycan türklərini təşkilatlandıran Əli Əkbər Tufan olub.

Tufan fəaliyyəti ilə bağlı illər sonra “Pamukova” qəzetində xatirələrini dərc etdirib. Məcid Hunun rəhbəri olduğu qəzetin 17 noyabr 1954-cü il tarixli 45-ci sayında çıxan xatirəsində Tufan Qurtuluş savaşı illərində Iğdırın azad edilməsindən bu şəkildə bəhs edib: “1905-ci ildə türklərlə ermənilər arasındakı gərginlik və mücadilədən sonra milli hissiyyatın oyanması və İslam-Türk aləminin ittihada qarşı təmayül göstərməsi mövzusunda sərf etdiyimiz qeyrətlər və etdiyimiz nacizanə xidmətlərdən bəhs etməyəcəyəm. Ancaq qurtuluşun bəzi xatirələrindən bəhs etməyi faydalı görməkdəyəm. 1918-ci ildə ordumuz Qafqaz və İrandan çəkilmiş və firqə komandanı Əli Kamal bəy minbaşı Məhməd bəydən xalqı təşkilatlandırmaq məqsədilə 4 nəfər istəmişdi. Məhməd bəyin tənsibi ilə Həmid bəy oğlu Fəttah Günəş, Əlibəy oğlu Tayfur, Mələklidən Ağabəy və mən vəzifələndirildik. Cəbbəxana və tüfəng ilə xalqı intizamlı bir şəkildə təşkilatlandırmaq üçün zabit gətirmək məqsədilə Qarsda Yaqub Şövqü paşa nəzdində bir heyət göndərilməsi qərarlaşdırıldı. Gedən heyət mərhum Əli Əşrəf bəy (Günəş) və İrəvanlı Rza bəylərdi. Yaqub Şövqi paşa ogünkü vəziyyət icabı yardım edə bilmədiyi üçün heyət əliboş dönmüş və mənəviyyatı qırılan xalq da Iğdırı tərk edərək İrana getmək məcburiyyətində qalmışdır. Çobankərəli və irəvanlılar Xoyda, saraclılar, gödəklilər və axuralılar da Qarakösə və Ərzurumda yerləşdilər. Təbii ki, zəif qalan bizlər də təşkilatı qurmağa müvəffəq ola bilmədik. Bu arada mən ailəmlə birlikdə Şərilə, əqrəbalarım Əsəd, Qurban, Mədəd və Cəlil də Doğu Bəyazidə getdilər. Bir müddət sonra gəlib bizi də İran yolu ilə Doğu Bəyazidə gətirdilər. Bu arada ermənilər Iğdır və civarında müsəlmanları təzyiqə və qətliam hazırlıqlarına başladılar və türklərin ən çox barınağı olan Mələkliyi Kirə tərəfindən mühasirə etmişdilər. O zaman Bəyaziddə mühacir olan Söyüdlü məhəlləsindən tüccar Abbasla birlikdə firqə komandanı Cavid bəyə gedərək vəziyyəti danışdıq. Bir neçə günlük intizardan sonra bizə bir şey edə bilməyəcəyini, ancaq əşirət rəisləri ilə görüşməyimizin faydalı olacağını rəsmən bildirdilər. Dərhal Bəyazid məbusu Şövkət bəyə getdik. Şövkət bəy Şeyx İbrahim bəyi, Əbdülvahab bəyi və Zorzadə İzzət əfəndini çağıraraq qısa bir müşavirədən sonra şəxsən özü də iştirak etmək surətiylə Mələklini qurtarmağa qərar verdilər. Fəqət Şövkət bəyin bu hərəkəti təhrirat qələmindən istefasını icab etdirdiyindən yerinə BroHesso Telli namı ilə bilinən İbrahim ağa göndərildi. Gedən bu əşirət qüvvəti ermənilərə böyük tələfat verərək üç minə yaxın türkü qurtarıb Erhacıya gətirdilər. O zaman ermənilər də qətliama başlamışdı. Qılıncdan və zülmdən qurtulanlar Erhacıya sığınırdı. Kərimbəylidə Çingiz bəy adında bir zabitimiz təşkilat qurur və bir tərəfdən də Bulaqbaşı mövqeyinə əsgər göndərilirdi. Bu yeni təşkilatlanma Erhacıya da sirayət etdi və buradakı dağınıq qüvvətlər təlimli şəkildə bir araya gəlmək məqsədilə əsgərə göndərildi. Erhacıdakı təşkilatda Hacı Xanlar bəy, Şəfi Öcal, Mələkli Mirzəməhəmməd oğlu Həsən və Əlihüseyn oğlu Hənifənin böyük əməyi vardır. Bunlar bir tərəfdən də ərzaq toplayırdılar. Bir neçə gün sonra Erhacıdakı topluluq Iğdıra hücum etdi. Əvvəlcə bu camaatı əsgər zənn edən ermənilər qaçsalar da, daha sonra vəziyyəti öyrəndikdən sonra təkrar Iğdıra qayıtdılar. Bunun üzərinə Erhacıdakı xalq Orqofa çəkilmək məcburiyyətində qaldı. Buradan da Bəyazidə gedilərək İrana keçildi. Bu surətlə istər erməni zülmü və istərsə də ərzaq nöqsanlığı üzündən Iğdır xalqı İrana çəkilmişdi. Bizlər əksəriyyətlə Xoy civarında olan Senger, Təzəköy və Kişmiştəpədə yerləşdik. Qışı burada keçirdikdən sonra təkrar Bəyazidə gəldik. Bu əsnada ordu Iğdırın işğalına hazırlığa başlamış və Gündeli Süleyman bir neçə nəfərlə birlikdə Mələkli Cavad xan, Abdullaoğlu Yusif və Salmanoğlu Feyzullar olduqları halda Bəyazidə gəldilər. Iğdır üzərinə yürüyən əsgəri qitədə qardaşım Əsəd, Bahçeli oğlu Hüseyn, Abbas oğlu Haşim də könüllü olaraq vardılar. Birinci dəfədə Iğdırı ala bilmədik. İkinci səfərdə əşirət alaylarının iştirakı ilə Iğdır 12 noyabr 1920-ci ildə işğal edildi”.

1926-cı ildə Əli Əkbər Tufan ağa və bəy sürgünü ilə bağlı Iğdırdan getmiş, daha sonra geri qayıtmışdı. O, əvvəlcə Ermənistana, daha sonra Azərbaycana gedib, ardınca İrana yola düşüb. Onunla birlikdə Paşa Ekinçi və Hüseyn Əli Başkentli adlı iki azərbaycanlı lider də sürgün edilib. Bu iki şəxs İstanbulda 6 ay sürgündə qaldıqdan sonra məcburi şəkildə Ayvalıq bölgəsində məskunlaşırlar.

Həcc səfəri və Drodan xəbər

Tədqiqatçı Mücahit Özden Hun Iğdırla bağlı kitabında Əli Əkbər Tufanın II Dünya müharibəsindən sonra, 1950-ci illərdə Həcc ziyarəti bərpa edildiyi zaman yolda başına gələn bir hadisəni qeyd edib: “Həccdən qayıtdığımız zaman avtobusumuz Beyrutda yarım saatlıq fasilə vermişdi. Aşağı düşüb alış-veriş etməyə qərar verdim. Bir qrup yoldaşla qarşımıza çıxan bir manifaktura dükanından içəri girdik. Aramızda türkcə danışdığımızı eşidən dükan sahibi də bizimlə türkcə danışdı. “Hacı bəylər haralısınız?” deyə soruşdu. Hamımız növbə ilə cavabladıq. Növbə mənə gəlincə “Iğdırlıyam” dedim. Bu sözümü eşidən şəxs həyəcanlandı, sevinərək “bizim patron da ığdırlıdır” dedi. Maraq məni bürüdü, “patronunuz kimdir?” deyə soruşdum. Satıcı tək kəlmə ilə “Dro” deməzmi? Satıcı tez telefonu götürdü, “patron, burada bir hacı bəy ığdırlı olduğunu söyləyir” dedi. Mən telefondakı satıcıya əyilərək “Mələkli kəndindən Əkbər Tufan deyin, o məni tanıyır” dedim. Dro satıcıya “həmən o yoldaşı evə göndər! Müsafirim olacaq” şəklində əmr verdi. Ancaq bizim avtobus yola çıxmaq üzrə idi. Avtobusa minib oturucağıma əyləşdiyim zaman qəribə bir hisslə irkildim. İllər öncə ölümünə savaşdığım Dro ilə bir gün Beyrutda bu şəkildə qarşılaşacağımı söyləsəydilər, necə inana bilərdim. Onun düşmənliyini və dostluğunu içimdə yad edərək Beyrutdan ayrıldıq”.

Əli Əkbər Tufanın bu xatirəsi doğrudur. Çünki Dro, həqiqətən, II Dünya müharibəsindən sonra Beyruta yerləşərək ticarətlə məşğul olub.

Tələt paşanın istəyi

Əli Əkbər bəyin oğlu Tələt Tufan 15 aprel 1915-ci ildə Mələklidə doğulub. Əli Əkbər bəylə Zivər xanımın tək övladı olub. Yazılanlara görə, Tələtin bir yaşı münasibətilə keçirilən ad günü mərasimində Sarıqamış fəlakətzədələri üçün 90 Rəşad altını yardım toplanıb. Tələt paşanın istəyi üzərinə Əli Əkbər Tufan oğluna Tələt adını verib.

Ələkbər Tufanın nəvəsi Həsən Tufan “Ay işığından gün işığına Azərbaycan” adlı məqaləsində babası haqqında bunları yazıb: “Babam Əli Əkbər Tufan iki dönəm xalqı təmsil etdiyi Çar duması başda olmaqla Azərbaycan və Türkiyənin şərqi ilə bağlı tarixə iz salan olduqca önəmli mövzuları danışardı... 1918-ci ilin baharında Gürcüstanda Məhəmmədəmin Rəsulzadə və yoldaşları ilə ortaq işlər görmüşdü babam. Orada Azərbaycanın ilk cümhurbaşqanının Məhəmmədəmin Rəsulzadə olacağı, bir müddət Gəncənin paytaxt olacağı, daha sonra da Bakının düşməndən qurtarılması ilə paytaxtın Bakı olacağı qərara alınmışdı. Babamı Bakıya dəvət edən cümhurbaşqanı Məhəmmədəmin Rəsulzadə bir neçə gün görüşdükdən sonra babamın “Iğdır çətin günlər yaşayır, Naxçıvan da elə, həmən dönməliyəm” deməsindən sonra vidalaşıb ayrılırlar. Rəhmətlik babam həmişə söyləyərdi: “Bu nəsil hazıra nazir nəsildir. Ümid edirəm ki, bizim yaşadıqlarımıza və qazandıqlarımıza sahib çıxar. Yoxsa əski günlər geri gələ bilər. Bu ölkənin və torpaqlarınızın qiymətini bilin. Azadlığınıza sahib çıxın. Öz torpaqlarınızda əsir olaraq yaşamayın”.


Müəllif: Dilqəm Əhməd