21 Oktyabr 15:19
1 215

Prezident İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli sərəncamı ilə 2021-ci il Nizami Gəncəvi ili elan edilməsi, eyni zamanda Nizami irsinin yenidən təbliğ olunması, dünyaya Azərbaycan şairi kimi tanıdılması istiqamətində elm adamları qarşısına mühüm vəzifələr qoyub. Bu yöndə akademiyada humanitar və ictimai əlaqələr bölümünü əhatə edən inistituların hamısı həm akademiya daxili, həm də onlayn olaraq xarici ölkə alimlərinin iştirakı ilə geniş elmi konfranslar keçiriblər. Bu konfranslarda yerli Nizamişünas alimlərlə yanaşı, dünyanın müxtəlif ölkələrində yaşayan görkəmli Nizamişünas alimlərin də məruzləri dinlənilib.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli deyib.

O bildirib ki, 2021-ci ili Nizamişünaslığı öyrənmək baxımından zirvə ili hesab etmək olar:

“Onlayn konransların imkanlarından istifadə edilərək akademiyanın tədqiqatçıları Nizaminin dünyada Azərbaycan şairi kimi tanınması üçün geniş iş aparıblar. Eyni zamanda, akademiyanın müxtəlif elmi tədqiqat institutlarında Nizami Gəncəvi ili ərzində 26 monoqrafiya çap olunub. Müasir dövrdə meydana çıxan yeni akademik nəşrlərdə həm Nizami Gəncəvi irsinə dərindən müdaxilə etmək şərtilə müddəalar irəli sürülüb, həm də müstəqil Azərbaycan dövlətinin prinsipləri, real Azərbaycançılıq əsas götürülüb.

Nizami ilində akademiyada çap olunan elmi-tədqiqat əsərləri Nizami Gəncəvinin fundamental elmi şəkildə öyrənilməsini tamamilə yeni mərhələyə çatdırıb. Akademiya Nizami Gəncəvi ilinə aid yekun tədbirini AMEA-nın Gəncə şöbəsində keçirməyi planlaşdırır. Bu noyabr ayının sonuna təsadüf edəcək. Nizamişünas alimlərin iştirakı ilə Nizami ilinə yekun vurmağı planlayırıq.

Müşahidə edirəm ki, Nizami Gəncəvi ili ilə əlaqədar Mədəniyyət Nazirliyi də geniş işlər görür. Mədəniyyət Nazirliyinin təşkil etdiyi konfransların əksəriyyətinə akademiyanın alimləri cəlb olunub, bunların bir çoxunda mən də iştirak etmişəm.

Eyni zamanda, Mədəniyyət Nazirliyinin xətti ilə Nizami Gəncəviyə həsr olunmuş tədqiqatlar və öz əsərlərinin nəşri istiqamətində addımlar atılıb.

Təhsil Nazirliyinin təşkilatçılığı ilə universitetlərin hamısında seminarlar təşkil edilib. Ölkə miqyasında Nizami Gəncəvi hərəkatının bütün sahələri əhatə etdiyini deyə bilərəm”.


Müəllif: Aysel Azad