25 Oktyabr 2021 10:19
2 923
12 Punto 14 Punto 16 Punto 18 Punto

1942-ci ildə azərbaycanlı ictimai-siyasi xadim Mirzəbala Məhəmmədzadə milli mətbuatımızın əsasını qoyan Həsən bəy Zərdabinin vəfatının 35-ci ildönümü münasibətilə yazı qələmə alıb. Tarixi “Türk yurdu” jurnalında dərc olunan bu məqalə iki hissədən ibarətdir və Həsən bəyin dövrü, mühiti çərçivəsində onun həm mətbu, həm də ictimai fəaliyyəti tədqiq edilib.

Yazının ikinci hissəsini təqdim edirik:

Əvvəli burada:

Həsən bəy Zərdablının saçdığı milli mədəniyyət toxumlarının əməli məhsulları, bilxassə 1905-ci il ixtilalından sonra vücuda gələn və qüvvətlənən: türkcə tədrisat aparan məktəblər, milli müəllim kadrosu, milli mətbəələr, milli mətbuat və nəşriyyat, milli dram, komediya və opera tiyatroları ilə 1917-ci il ixtilalından sonra milli bir dövlət halında şəkillənən siyasi, iqtisadi və mədəni bir çox milli təşəkküllərdən ibarətdir. Kəmiyyətdən daha çox keyfiyyətləri ilə özünü göstərən fikri əsərləri isə bizə qoyub getdiyi yazılarıdır. Bu yazıları “Əkinçi”, “Həyat” və rusca çıxan “Kaspi” qəzetlərində ziraətə dair olan bir çox risalələrində görürük.

Bütün yazılı əsərlərində Həsən bəy şüurlu bir milliyyətçidir və türklüyünü idrakdan doğan bu milliyyətçiliyi, pək təbii olaraq onu geniş mənası ilə türkçü etmişdir. Yurdunu candan sevər, onu çiçəklənən və mədəni olaraq və yalnız türk vətəni halında görmək istəyər. Həsən bəy azad milliyyətçidir və hürriyyəti tərəqqinin başlıca şərti olaraq qəbul edir. Qərb mədəniyyətinin qəbul və mənimsənməsi üçün çalışan bir mücahiddir.

Darvinin “Struggle of Life” düsturuna çox qiymət verən və “yaşamaq üçün savaşı” “zindəganlıq mübarizəsi” şəklində tərcümə edən Həsən bəy bütün məqalələrində bunu təkrarlamaqda və belə yazmaqdadır: “Bu zamanda məişətin bu ağır günlərində heç bir millət elmsiz keçinə bilməz. Bir millət növbənöv fəndlər ilə nadan qonşusunun ruzisini əlindən alıb onu fəlakətə düçar edəcəkdir. Elm təhsil etmiş dövlətli (yəni zəngin) tayfa 25-30 ildə ilbəil artdığı halda elmsiz tayfa ilbəil azalır. Bu zindəganlıq mübarizəsi insanlarda da, heyvanlarda da mövcuddur” (“Həyat”, N.3, Bakı, 1906).

Həsən bəyin bu məqaləsi bu sözlərlə bitməkdədir: “Qardaşlar, oxuyun, elm təhsil edin, ələlxüsus elm təhsil etmək biz Qafqaz müsəlmanlarına vacibdir. Çünki bizlər ilə zindəganlıq mübarizəsi edənlər kənardan gələn xaricilər deyil, öz qonşularımızdır. Bu mübarizənin qorxusu da artıqdır”. Həsən bəy buna qane idi ki, Avropa kültürü və Avropa təlim və tərbiyə üsulu alınmadığı təqdirdə millətimiz həlakətə düçar olacaqdır. Fəqət bu kültür yalnız öz ana dilimizdə alındığı zaman milli mövcudiyyət baxımından bir məna ifadə edə bilərdi. Həsən bəyin əndişələrini daha yaxşı anlaya bilmək üçün o zamankı vəziyyəti qısaca gözdən keçirmək gərəkdir.

Rusiya 1830-cu ilə doğru Şimali Azərbaycanın istilasını tamamlamış olmaqla bərabər bu məmləkətin idari, iqtisadi və bilxassə mədəni həyatına hələ nüfuz edə bilməmişdi. 13-14-cü əsrlərdən bəri milli bir ədəbiyyata malik olan bu kültür həyatı isə fars kültürünün qüvvətli təsiri altında idi. Bu təsir də Qəznəlilərin ənənəsini davam etdirən Səlcuqluların, Elxanlıların, Şirvanşahların, Səfəvilərin və Qacarların sarayları və din üləmasının vasitəsiylə yerləşmişdi. Mirzə Fətəlinin qurduğu yeni ədəbi məktəb fars kültürü nüfuzunu sarsıtmaqla bərabər onu tamamilə aradan qaldıra bilməmişdi.
Rus hakimiyyəti isə farsın bu kültür nüfuzunu tamamilə qırıb yerinə rus kültürünün hakimiyyətini yerləşdirmək məqsədi ilə ilkin eynilə Finlandiyada İsveç nüfuzuna qarşı fincəni himayə etdiyi kimi Azərbaycan türkcəsini də himayəsi altına aldı. Mirzə Fətəlinin Azərbaycan həyatından götürülmə və təmiz bir Azərbaycan türkcəsi ilə yazılı olan əsərləri də Qafqaz ümumi valisinin təşviq və himayələri ilə meydana gəlirdi. Bu himayənin altında gizli saxlanılan pis niyyəti ilk sezən Həsən bəy olmuşdu. Həsən bəy Mirzə Fətəli ilə başlayan Avropa kültürü tərəfdarlığının rus kültürünə qiyafələnmə şəklini almasına qarşı Avropa kültürünün yalnız türkcə olaraq alınması tezisini irəli sürürdü. Elmin məktəblərdə, hətta gimnaziyalarda ana dilində aparılmasını istəyən Həsən bəy millətə əsri məktəblərin təsisini, əsri metodlarla əsri elmləri ehtiva edən ana dilində kitablar və əsərlərin nəşrini təklif edirdi (Akçuraoğlu Yusuf, “Türk yılı”, İstanbul, 1928). Bu məqsədlə gənc münəvvərlərə belə xitab etməkdə idi: “Ey elm təhsil edən cavanlarımız! Doğrudur, bizim vətən qardaşlarımız ilə üns tutmaq çətindir.
Siz danışdığınızı onlar başa düşmürlər... Sizə kafir deyib incidəcəklər, doğrudur, qeyri millətlər sizin kamalınızı görüb sizə artıq rütbələr verəcəklər. Amma insaf deyil ki, beş gün ömrün ləzzətindən ötrü milləti, qardaşlarınızı atıb, onları kor və sərgərdan qoyasınız... İstəyirsiniz ki, türk milləti yaşasın, qabağa getsin? Elmi və hörməti olsun, mədəniyyəti olsun? Ona dil verin. Türklər öz dillərini itiribdirlər. Sizin sözlərinizi onlar anlamırlar. Onların dilini tapın, verin, onlar yaşasın, qabağa getsinlər... Çox vaxt keçməmiş elm kitabları gətirdib öz dilimizdə təhsili-ümuma məşğul olun ki, müsəlmanlıqda qaim olasınız. Mıx bərk vurulduqca onu çıxarmaq olmaz” (“Dəbistan”, N 9, Bakı, 1907).
Həsən bəyin əndişəsi səbəbsiz deyildi. Azərbaycanda “elm hər dildə elmdir” xəstəliyinə tutulmuş olan bir zümrə doğulurdu. Rus məktəblərindən çıxan kübar çocuqlar rus kültürünün mürəvvici olmuşdular. Mütəəssiblərin təcəddüdə müxalifətlərinin səbəblərindən biri də bu idi. Fars kültürünün hakimiyyəti yerinə rus dili və kültürü yerləşirdi. “Mollaxana” deyilən mədrəsənin yerini rusun “şkola”sı, molla və müdərrisin yerini də rusun “uçitel”i işğala başlayırdı. “Şkola”ya qarşı “məktəb”i, “uçitel”ə qarşı “müəllim”i çıxaran Həsən bəyin bir millətin mövcudiyyətinin qorunması üçün elmin ana dilində alınmasını istəyən və “elm türkcə olduğu zaman faydalı olur” tərzində formulə edilə bilinəcək mütəlaası hər iki cəbhəyə qarşı qoyulmuş milli bir türk tezisi idi. Bu tezis XX əsrin başlarına doğru müvəffəq dəxi olurdu.
Hələ 1896-cı ildə Krımda intişar edən “Tərcüman” qəzetinin 14-cü nüsxəsində bu xəbər oxunurdu: “İştə xəbər, bu xəbər – müsəlman qızların təhsil və tərbiyəsinə məxsus böyük məktəbi-fənniyə və ədəbiyyə təsisinə qərar verilib hakimiyyət və əfkari-maarifpərəstisilə məruf tüccar və fabrikator Hacı Zeynalabdin Tağıyev cənablarının mübaşərəti və təşviqilə Bakıda zadəgan və mötəbərani islamın yüz əlli min rubl cəm etdikləri xüsusi bir teleqrafdan anlaşıldı. Yaşayın, bakılılar. Tərəqqi yolundasınız”.
Hacı Zeynalabdinin təsis və ona məxsus gözəl və şərq üsulu memarlığında bir bina dəxi tikdirdiyi leyli qız məktəbinin başında Həsən bəy Zərdablı və ta son zamanlara qədər onun rəfiqəsi dayanırdı. Məmləkətin ilk münəvvər analarını milli dövlət dövrünə qədər davam edən iştə bu məktəb yetişdirmişdir.
Həsən bəyin ortaya qoyduğu ana prinsiplər arasında hürriyyət fikri də mühüm yer tuturdu. Onun fikrinə görə “məğrib zəmin”də hürriyyət cari olduğu üçündür ki, mədəniyyət inkişaf etmişdir. Bizim “məşriq zəmin”də isə hürriyyət yoxdur və hürriyyət olmadıqca da tərəqqi etməyimiz imkan xaricindədir (“Dəbistan”, il 3, N.9, Bakı, 1907).
İstər Mirzə Fətəlinin avropaçılığında, istərsə də Həsən bəyin “məğrib zəminçilik” hərəkatında biz o dövrlərdə Rusiyanı çalxalamaqda olan rus qərbçilərinin təsirini görürük. Qərb mədəniyyətini inkar edən 9 ortodoks kilsəsi ilə rus çarlığının hüdudsuz hakimiyyətinə söykənən slavyanofillərin xilafına olaraq Qərbi Avropa mədəni əsaslarını idealizə edən rus qərbçiləri rus tarixində müsbət heç bir şey tapa bilmir və bu tarixi “dünyanın əxlaq mənzuməsində bir boşluq” tələqqi edirdilər. Bu hərəkatın ən böyük müməssili Çaadayevin 1836-cı ildə intişar edən və rus cəmiyyəti üzərində uzun müddət dərin əks-səda salan “Fəlsəfi məktublar”ı rus milləti üçün boş bir mazi və qaranlıq bir istiqbal təsvir edirdi. Qərbi Avropanın deyil, əxlaqi bir inhilal halında olan Bizansın təsiri altında olduğu üçün cahan mədəni hərəkatına yad və seyirçi qalmış rusun heç bir mədəni ənənəyə malik olmadığını, insan təfəkkürünün inkişafına əsla yardımı toxunmadığını, bəşəri ideyalar xəzinəsinə heç bir şey əlavə etmədiyini və mədəni nemətlərdən özünə təqdim olunanı da dağıdıb bərbad etdiyini irəli sürən Çaadayev “biz böyüyürük, lakin yetkinləşə bilmirik!” deyə bağırmaqda idi.
Dövrünün ən böyük şair, ədib və mütəfəkkirlərini özünə daxil edən bu cərəyana qarşı bir reaksiya olmaq üzərə doğulan slavyanofillər milli rus kültürünün müstəqil mövcudiyyətini və bu kültürün Qərbi Avropa kültüründən üstün belə olduğunu iddia edirdilər. Ortodoks kilsəsi ilə çarın hüdudsuz hakimiyyətini əsas alan bunlara görə, “rus milləti siyasi ünsürü ehtiva etmədiyi üçün öz-özünə hakimiyyət sürə bilməz”. Eyni əsasdan hərəkət edərək din və vicdan hürriyyətini də rədd edirdilər. Çünki onlara görə “fərd həqiqətin yalnız bir qismini idrak edə bilər. Həqiqət isə bir küll halında yalnız ictimai şüurun müməssili olan ortodoks kilsəsinə məlum ola bilər”. Hürriyyət əleyhdarlığı baxımından kəndlinin şəxsi mülkiyyətini də rədd edən bu cərəyan rus kəndlisinin “obşina” adlanan və bugünkü bolşevik kollektivləşdirməsinin mənşəyini təşkil edən müştərək mülkiyyətində, əski slavyan ənənnəsinin bir təzahürünü görür və onunla iftixar edirdilər (V.Sadovnik, “Oçerki po istorii russkoy literaturi XIX veka”, Moskva, 1915).
Rus təhəkkümü altında millətinin “həlakətə düçar” olmaması üçün və Azərbaycan türklüyünü yaşatmaq əndişəsi ilə çırpınan Həsən bəyin Rusiyada təhsil alarkən mücadilələri hələ davam edən bu cərəyanlardan qərbçilərə simpatiya bəsləyəcəyini çox təbii qarşılamaq gərəkdir.
Həsən bətin tərvic etdiyi və “qarını qocasının, çocuğu atasının, nökəri ağasının və rəiyyəti padşahının təhəkkümündən” qurtarmaq istəyən bu qərbçiliyi, öz təbiri ilə “məğribzəminçiliyi” az bir zaman sonra İstanbuldan gələn yeni havanın təsiri altında türkçülük və islamçılıq ilə birləşərək böyük türkçü Əli bəy Hüseynzadənin “türkləşmək, islamlaşmaq və müasirləşmək” kimi məruf üç üzlü ümdəsinin ən mühüm rənglərindən birini təşkil edəcəkdir. Həsən bəy zatən bu üç üzlü ümdənin baş maddəsinin də yaradıcısıdır. Bir türk qəzeti təsis etmək və Avropa kültürünün yalnız türk dilində alınmasını istəmək, türkcə tədrisat edən məktəblər açılmasını müdafiə etmək, ömrünün sonlarına doğru buna müvəffəq dəxi olmaqla Həsən bəy bəxtiyar bir türkçü sayılmağa layiqdir.
Həsən bəy dildə türkçü idi. Onun bu türkçülüyü dar, məhəlli mənada olmayıb, bilaxirə “Tərcüman”ın müdafiə etdiyi kimi geniş mənada idi. “Əkinçi” qəzetinin 26 sentyabr 1876-cı il tarixli sayında türk dillərinin birləşdirilməsi fikrini ortaya atan bir məqaləsi Həsən bəyin bütün türkçü olduğunu və bu hədəfə doğru yürüdüyünü isbata kafi olduğunu zənn edirik.
“Türk Yurdu”, 1 İlk teşrin Eylül 1942, sayı 3


Müəllif: Dilqəm Əhməd