14 Fevral 2022 14:22
77 841
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Həbsxana yəqin ki, yalqızlıq məskənidir. Doğmalarından kənar, yüzlərlə insan arasında tənhalıq asan məsələ deyil. Bir çətinliyin olarsa, dərdini danışmağa etibarlı kimisə tapmaq çox çətindir. Ətrafındakı xəbərçilik, işverənlik, bir-birindən məqsədli istifadə o dərəcədədir ki, heç kimə inamın qalmır. İllah da evdən yanına gələn, “peredaça” gətirən olmaya, məhkum yoldaşlarının da gözündən düşürsən, işçilərin də”.

Yazıçı Rövşən Yerfinin Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- “Məhbəs” adlı yeni kitabınız çap olunacaq, təbrik edirik. İstərdik elə buradan başlayaq, nədən bəhs edir bu əsəriniz?

- Diqqətinizə görə təşəkkür edirəm. Adından göründüyü kimi, həbsxana həyatından bəhs edir. Onun oxunaqlı olacağına arxayınam. “Məhbəs” bir nakam sevginin kişi və qadın həbsxanalarındakı iztirabları, faciəli sonluğundan danışılan kitabdır. Məzmunu barədə ətraflı danışmayacağam. Amma etiraf edirəm ki, son dörd ildə esse, hekayə, məqalə yazsam da, povest yaza bilmirəm. Hətta yenisini başlamışam, iyirmi səhifə də yazmışam, ardını yazmağa çətinlik çəkirəm.

Kitabın, mütaliənin nəzərdən düşməsi, qurtarmaq bilməyən məişət, dolanışıq çətinlikləri imkan vermir ki, daxili aləmimə, içimə qapanım. İçdən gəlmədisə, özümü yazmağa məcbur etməyi də sevmirəm.

Belə bir vəziyyətdə yaradıcılıq ruhumu tam qırmamaq üçün özlüyümdə yenilənmə, “obnavleniye” üsulu fikirləşmişəm: on il əvvəl ayrı-ayrı çap olunmuş povestlərimdən indi mövzu baxımından yaxın olanları seçib redaktə, düzəliş, əlavələrlə bir kitabda çap etmək. Birinci belə kitab 2020-ci ildə qadın mövzusuna aid olan “Sel”, “Günahsız qatil”, “Müqəssir” povestlərini birlikdə “Qanadı sınmış mələklər” adı ilə “Mücrü” nəşriyyatında çap olunub.

Hazırkı “Məhbəs” kitabı da “Mücrü”də çapa hazırlanır. Fürsətdən yararlanıb yaradıcılığıma göstərdikləri diqqətə, dəstəyə görə oradakı bütün dostlara minnətdarlığımı çatdırıram.

- Yəni yaradıclığa kifayət qədər vaxt ayıra bilmirsiniz?

-Xeyr, iş günləri vaxt ayıra bilmirəm, zehni fəaliyyətdən sonra yaradıcılığa həvəs qalmır. Yalnız istirahət və bayram günlərində nəsə etməyə çalışıram.

- Rövşən bəy, Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq-biblioqrafiya fakültəsində ali təhsil almısınız. Bundan sonra Səhiyyə Nazirliyinin mətbu orqanı “Şəfqət” qəzetində çalışmısınız. Bəs Penitensiar Xidmətə yolunuz necə düşdü?

- Xidmətə keçməyim haqda əvvəlki müsahibələrimdə müəyyən qədər danışmışam, eybi yox, bu dəfə daha ətraflı danışaram. Xidmətə keçməyim sırf təsadüfdən oldu. Həbsxanada işləmək heç vaxt niyyətimdə olmayıb. Sovet ordusunda xidmətdə olarkən ürəyimdə “paqon”a nifrət etmişəm.

Müstəqilliyimizin başlanğıc illərində mənə o zaman Təhlükəsizlik Nazirliyinin tabeliyində olan “Sərhəd” qəzetində mülki işə dəvət etdilər, imtina elədim. Öhdəliksiz, azad vətəndaş kimi yaşamağı üstün tutdum. Üstündən bir-iki il keçdi, o zamankı səhiyyə naziri işlədiyim “Şəfqət” qəzetini aylarla təminatsız qoydu, qəzet çıxmadı, yarım ilədək maaşsız qaldım. Reketliyi bacarmadım, qəzetlərdə günəmuzd işlərdən, qaça-qaçdan yoruldum. Elə bir hala düşmüşdüm ki, çörəyim xatirinə sabit maaşı olan istənilən ağır işə getməyə hazır idim. Məni həmin dövrdə Xidmətin rəisi Çingiz Əmirovun qəbuluna göndərdilər.

Güman edirəm ki, onun atası Cəmşid Əmirov jurnalist, yazıçı olduğuna görə söhbətimiz çox xoş alındı. Bu görüşdən sonra, məni, bəli, təmannasız xidmətə qəbul olnmağıma şərait yaratdı. Ruhu şad olsun! Bu artıq qismət idi! Allahım məni seçmişdi ki, get, türmədə işlə və gördüklərini yaz. İmkan verdi ki, povest, roman, pyes, oçerk, hekayə olmaqla məhbəs mövzusunda 722 min işarəlik həcmdə yazılar yaza bilim.

- Beləliklə, Azərbaycanda Penitensiar Xidmətdə işləmiş ilk yazıçı, ədliyyə mayorusunuz. Eyni zamanda, Azərbaycanda həbsxana həyatından bəhs edən və xidmət əməkdaşı tərəfindən yazılmış ilk romanın – “Üzdəniraq ada”nın müəllifisiniz. Yəni oraları həm görmüsünüz, həm də yazmısınız. O illəri, həbsxanada işlədiyiniz günlərinizi necə xatırlayırsınız?

- Məhbəsdən ilk yazım “Residivist”dir. Ancaq “Üzdəniraq ada” bu mövzuda yazılarım içində ən zəngin, ən maraqlı olanıdır. Mənə etdiyi əvəzsiz yaxşılığa görə romanı Çingiz Əmirovun xatirəsinə həsr etmişəm. Yaxınlarda xidmətdən ayrılmağımın on ili tamam olacaq. Səmimi danışacağam: təzə xidmətə başladığım ciddi rejimli müəssisədə üç ay idi dəstə rəisi işləyirdim, dəfələrlə həbs olunmuş bir məhkum qəbulumda mənə dedi ki, “müəllim, siz mədəni insansız, bura sizin yeriniz deyil, dəyişin yerinizi".

Haqlı idi məhkum. Yazıçı təbiətli, redaksiyadan gəlib, özləri demişkən “canavarların içində” işləməklə içimdə gizlin bir sıxıntı daşıyırdım. Bəzən özümü də məhkum hesab edirdim. Doğrudur, iş ürəyimcə deyildi. Müntəzəm, davamlı maaşa görə dözməli idim. Həm də bir məsəl var, ata minmək bir ayıbdısa, düşmək iki ayıb. Bu minvalla mayor rütbəsini alanadək dözdüm.

Özümü daim “çərçivə”də saxlamağımın əsas səbəbi isə gələcəkdə rəis yox, tanınmış yazıçı olmaq arzusuydu. Ona görə də hər addımımda çalışırdım ki, qəbahətim olmasın, nə vaxtsa mənə irad tutmasınlar ki, sən filan yerdə, filan işi etmisən. Olur, arabir yenə yuxularımda görürəm ki, əynimdə mundir həbsxanada işləyirəm, həmin sıxıntını yuxuda da hiss edirəm. Ayılanda sevinirəm ki, həqiqət deyil, yuxudur. Lakin ömrümün 17 ilini Penitensiar Xidmətdə keçirməyimə peşman deyiləm. Yaxşı sayılan heç nə əziyyətsiz başa gəlmir.

- Həbsxanalar yalnızlıqlarla dolu yer olmalıdır. Məhbuslar bu yalnızlığın öhdəsindən necə gəlirdilər?

- Həbsxana yəqin ki, yalqızlıq məskənidir. Doğmalarından kənar, yüzlərlə insan arasında tənhalıq asan məsələ deyil. Bir çətinliyin olarsa, dərdini danışmağa etibarlı kimisə tapmaq çox çətindir. Ətrafındakı xəbərçilik, işverənlik, bir-birindən məqsədli istifadə o dərəcədədir ki, heç kimə inamın qalmır. İllah da evdən yanına gələn, “peredaça” gətirən olmaya, məhkum yoldaşlarının da gözündən düşürsən, işçilərin də.

Onların vaxtlarını öldürmək üçün müəyyən tədbirlər keçirilir, klub, kitabxana fəaliyyət göstərir. Üç-beş faizi kitab oxuyur. Qalan böyük əksəriyyəti əlində təsbeh, öz aləmlərində müəssisənin həyətində o baş-bu başa “tasovka”, get-gəl edirlər.

- Orada xidməti əməkdaşlar üçün hansı risklər olurdu?

- Məhkum nə qədər cinayətkar olsa da, vicdanını tam itirmiş olmur. Əgər sən ona qarşı qanundankənar, səbəbsiz, günahı olmadan aşağılayıcı, əzabverici hərəkət edirsənsə, şübhəsiz, onda sənə qarşı nifrət əmələ gələcək, fürsət düşəndə əvəzini çıxmağa çalışacaq.

Yox, sən yumşaqlıq etməyib ciddi qaydada, qanun daxilində vəzifəni yerinə yetirirsənsə, belə zabitə həmişə hörmət edirlər. Mən dəstə rəisi işləyəndə istər gündüz, istər gecə yoxlamalarında yüz nəfərlik məhkum yataqxanasında ikimərtəbəli çarpayıların arası ilə sərbəst gəzib müşahidəmi aparırdım və heç kimdən təhlükə, pis hərəkət gözləmirdim. Yəni, bu əminliyi qazanmaq lazım idi.

- Azərbaycan ədəbiyyatında qadın həbsxanası haqqında yazılmış ilk bədii əsərin – “Qadın düşərgəsi”nin də müəllifisiniz. Həbsxanada qadın taleyi necə olur, həbs onlara nə verib, nə alırdı?

- Yeri gəlmişkən, bildirim, o povestin adını dəyişib “Qadın türməsi” etmişəm. Povest 2010-cu ildə çap olunanda türmə sözü mənə yad gəldi. Rus dilindəki “jenskiy lager” ifadəsindən götürmüşdüm düşərgə sözünü. Sonra mənə oxucular dəfələrlə irad tutdular ki, düşərgə sözü yerinə düşmür, türmə sözü daha münasibdir. Ona görə də iradları qəbul etdim, bundan sonra o povest “Qadın türməsi” adlanacaq. Qismət olarsa, ora haqqında yenə povest yazacağam.

Ölkəmizdə qadın cəza evi bir dənə olduğu üçün kişilərdən fərqli olaraq onlara daha artıq diqqət və qayğı göstərilir. Həm təminat, həm də təhlükəsizlik baxımından. Həbsxana onlara hərtərəfli həyat dərsi verir, ömürlərini və zərifliklərini isə alır.

- Qadınlar əsasən hansı cinayətlərə görə həbsə düşürdülər?

- Mən işləyəndə ən çox dörd növ cinayət nəzərə çarpırdı: adam öldürmə, dələduzluq, narkotik satışı və istifadəsi, oğurluq. Adam öldürməyə görə həbs edilənlər əsasən ərlərini və ya nikahdankənar yaşadıqlarını öldürənlərdir. Dələduzların içərisində müxtəlif məsələlərdə dəllallıqla pul atanlar çoxluq təşkil edirdilər. “Narkotiklər” daha çox sərhəddə, gömrükdə tutulanlar idi... Oğurluq üstündə tutulanların əksəriyyəti isə öz qohum-əqrəbalarından oğurluq edənlər olurdu.

- Deyirlər, qadın məhbuslar bir-birlərinə qarşı daha sərt, radikal olurlar, nəinki kişilər. Doğrudurmu?

- Sərt, radikal olmaq ümumi deyil, fərdi hallarda baş verir. Həmişə zərif, incə görmək istədiyimiz qadının kobud, radikal hərəkətlər etməsinə alışmadığımız üçün heyrətlənirik. Bizi heyrətləndirən sərtlik onların həyatdan aldığı ağır mənəvi zərbələrin səbəbindən baş verir.

- 2015-ci ildən isə arxivdə işləyirsiniz. Arxivlər maraqlıdır. Keçmişin – xatirələrin arasında olmaq necə bir duyğudur?

- Bir əsr əvvəlin sənədlərini araşdıranda bəzən qeyri-adi hislər keçirirəm. Sanki uzaqdan-uzağa o zamanın təmasını, ani üzünə toxunub keçən xəyali dalğasını duyursan. Fikirləşin ki, qarşınıza Üzeyir Hacıbəylinin Hadrut məktəbində işləmək üçün yazdığı ərizə çıxıb: hüsnü-xətt kimi yazılmış aydın, səliqəli cümlələrə baxırsınız.

Ardınca gözlərinizin önünə Qori seminariyasını təzə bitirmiş üzündən nur yağan bir cavanın siması gəlir. Yüz on səkkiz il ərzində yazılışı ilə möhtəşəmliyini saxlayan bir ərizənin sahibini başqa cür təsəvvür etmək mümkün deyil. Tarixi hadisələr və şəxsiyyətlərlə bağlı sənədlərlə qarşılaşanda hərdən belə duyğusal anlarım olur.

- Orada işləmək yaradıclığınıza necə təsir edir?

- Arxiv daim axtarış tələb edir, axtaranda keçmişin sirlərinə dair nələrsə tapmaq olur. Axtarışların esse və məqalə yazmaq baxımından xeyri olur.

- Bəs ədəbi mühitimiz haqda fikriniz nədir?

- Ədəbi mühitə qarışmıram. Mən dəstə adamı deyiləm. Kim mənə diqqət yetirir, mən də onu diqqətimdə saxlayıram. Beş-altı həmkarımla ünsiyyətim kifayət edir. Qalanları sadəcə seyr edirəm.

- Niyə prosesdən kənarsınız?

- Zənnimcə, ədəbi proseslərdə fəallıq üçün dövrə məxsus başqa “zəruri” keyfiyyətlər gərəkdir. Boynuma alıram ki, onlar məndə yoxdur. Buna görə kənaram.

- 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüsünüz. Amma AYB-nin fəaliyyətlərində də o qədər də aktiv deyilsiniz. Səbəbi haqda danışa bilirsinizmi? Eyni zamanda, AYB-nin qurultaya hazırlaşması haqda məlumat var. Kimin sədr olmasını istərdiniz?

- AYB-nin üzvü olmuşam, özü də asan yox, bir il gözləyəndən sonra. Gəl ki, ötən on altı ildə bir dəfə axtarıldığımı görmədim. Söz vaxtına çəkər, dörd il əvvəl fevral ayında ədəbiyyatımızda detektiv janrının təməlini qoymuş Cəmşid Əmirovun yüz yaşı oldu, AYB-də heç kimin yadına düşmədi. Yaxud ötən il məhbəs nəsrinin yaradıcısı Çingiz Ələkbərzadənin səksən beş yaşı oldu, haqqında bir məqalə dərc edilmədi. Bu mərhumlara mərkəzləşdirilmiş kitabxana sistemindəki kitabxanalar AYB-dən fərqli rəğbət nümayiş etdirdilər.

Belə bir təşkilatın vəsiqəsin daşımaq mənasız olduğundan, mən daha özümü AYB üzvü hesab etmirəm. Kimlərəsə dəfələrlə ev və təqaüd almaq, kitabını çap etdirmək, hansısa siyahıya düşmək üçün, ya da quru ada görə birlik lazımdırsa, Allah canlarını saxlasın. Kimi istəyirlər sədr seçsinlər, mənə maraqlı deyil.

- Yazarlar oxucuların olmamasından şikayətçidir. Həqiqətənmi yerli müəllifləri oxuyan azdır?

- Əlbəttə, mütaliə var, amma çox azdır. Belə müəyyən olunub ki, ölkədə təqribən hər yüz adamdan üç-dörd nəfər davamlı bədii ədəbiyyat oxuyur. Bunun da xeyli hissəsi pdf oxuyur, kitab almır. Həqiqətdir ki, xalqımız heç vaxt özünü dəyərləndirməyib, həmişə özgənin dilində danışmaqdan xoşu gəlib, yaddan ona nə gəlsə, özününkündən hörmətli, şirin olub. O nöqtəyi-nəzərdən də yerli müəllifləri oxumağa həvəsləri yoxdur.

Düz sözümdür, Çingiz Abdullayev Rusiyada tanınmasaydı, onu Azərbaycan dilində bu qədər oxuyan olmayacaqdı. Biz özümüzünkülərə başqaları qiymət verəndən sonra diqqət verməyə başlayırıq.

- Bəs sizin oxucu probleminiz varmı? Həbsxana həyatından yazırsınız, maraqlı olmalısınız.

- Bilirsiz, mən inanıram ki, məhbəsdən yazdığım yazılarım tam unudulmayacaq, gələcəkdə məhdud sayda olsa da, oxunacaq. Ona gör yox ki, sənətkarlıqla yazmışam, mövzunun spesifikliyinə, cəlbediciliyinə görə. Yenə inanıram ki, bu gün məni görməzliyə vuranların filoloq nəvələri illər sonra Azərbaycan ədəbiyyatında məhbəs nəsrindən söz düşəndə bir cümlə ilə də olsa, adımı çəkəcəklər.

Hazırda bloquma və on iki adda kitabımın doxsana yaxın pdf-lərinə daxilolma, yüklənmə rəqəmlərinə əsasən deyə bilərəm ki, iyirmi beş minə yaxın internet istifadəçisi imzamı tanıyır, povestlərimdən azı birini oxuyublar. Əlbəttə, bunu hələ yetərincə tanınmaq hesab etmək olmaz.

Fəaliyyətimin yeganə məqsədi öz xalqımdan olan sadə oxucularımın mümkün qədər sayını artırmaq və oxucu ehtiramını qazanmaqdır.

- Bəs siz yerli müəlliflərdən kimləri oxuyursunuz?

- Yerli müəlliflərdən Kənan Hacını, Əyyub Qiyası, Azad Qaradərəlini, Müşfiq Xanı oxuyuram. Cavanlardan Həmid Piriyevin, Nemət Mətinin, Nəcəf Əsgərzadənin, Nicat Həşimzadənin yazılarını izləyirəm. Onların gələcəyinə böyük ümidlərim var.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər