13 Aprel 2022 16:31
3 254
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədəbiyyat adamlarımızın Azərbaycanın Qarabağ zəfərinə, ümumiyyətlə, Qarabağ məsələsinə münasibəti gündəmdədir. Yazarlarımızı tənqid edənlərə görə, bu məsələni diqqətdən kənarda saxlayırlar, ögey münasibət göstərirlər, qələbəmizi görməzdən gəlirlər – zəfərdən əvvəl də beləydi, indi də. Əlbəttə, bununla razılaşmayanlar da kifayət qədərdir, onlar isə bu haqda xeyli bədii nümunənin olduğunu, sadəcə oxucuların bunları görmədiklərini, görmək istəmədiklərini və ya oxumadıqlarını deyirlər.

Həqiqətənmi deyildiyi kimidir, yəni yazarlarımız Qarabağ məsələsinə bu qədərmi ögeydirlər?

Ədəbiyyat adamlarımız Teleqraf.com-un bu mövzu ətrafındakı sualını cavablandırıblar.

“Şəhid qanı ilə alver eləmək olmaz”

Ədəbi tənqidçi Əsəd Cahangirə görə, Qarabağ mövzusu ilə bağlı bədii əsərlərin yazılması məsələsinin gündəmdə olması qanunauyğundur:

“Doğrudan da, bu məsələ gündəmdə olmalıdır. “Bu mövzuda əsər yazılmır” deyənlər də, onlara qarşı çıxanlar da haqlıdır - tənqid edənlər keyfiyyət, müdafiə edənlər isə kəmiyyət baxımından. Ən haqlı isə “keyfiyyət həm də kəmiyyətlə qoşa olsa, verər, əlbəttə, əhəmiyyət” deyən Rüfət Əhmədzadədir. Hər iki tərəf bir məsələdə də ortaq məxrəcə gəlir: tənqid edənlər fərqində deyil ki, sifarişlə ədəbiyyat olmaz, bədii əsər yazıçının daxili sifarişindən doğulmalıdır. Bu doğuş üçün isə doqquz ay kifayət eləmir. Bədii ədəbiyyat şərab kimidir, yazıçının şüuraltında nə qədər çox qalırsa, bir o qədər keyfiyyətli olur. O şüuraltının vam odunda illərlə gizli surətdə bişəndə süfrəyə daha dadlı qoyulur.

Baxın, İkinci Cahan savaşı barədə ən yaxşı əsərləri müharibə dövrünün yazıçıları olan Əbülhəsən, yaxud Hüseyn Abbaszadə yox, müharibə dövrünün uşaqları – İsa Muğanna, Sabir Əhmədli yazdılar. Sizcə, hansı daha yaxşıdır – “Dostluq qalası”, “General”, yoxsa “Saz”, “Tütək səsi”, “Gedənlərin qayıtması”? Əlbəttə, ikincilər.

Müdafiə edənlər fərqində deyil ki, örnək olaraq göstərdikləri əsərlərin olduqca böyük qismi ədəbiyyata yaxından-uzaqdan dəxli olmayan maklatura nümunələri, xaltura örnəkləridir. Bu “əsərlər”i yazanları örnək göstərmək yox, tənqid eləmək lazımdır ki, Qarabağ mövzusu ilə oyun oynamaq şəhid qanı ilə alver eləmək olmaz”.

Əsəd Cahangir hesab edir ki, tələb edənlər bədii ədəbiyyatın yaranma özünəməxsusluğuna, spesifik daxili təbiətinə önəm vermir, zorən əsər istəyirlər:

“Mən Qarabağ zəfəri ilə bağlı əsər deyəndə hələ ki, Sabir Əhmədlinin “Ömür urası”, Elçinin “Baş”, Aqil Abbasın “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz” romanlarını və Ramiz Qusarçaylının “Vətən” poemasını xatırlayırıam.

İlk üç əsər zəfər haqqında zəfərdən öncə yazılmış, zamanı qabaqlayan əsərlər idi. Ramiz Qusarçaylının poemasında isə ədəbiyyat Mahmud Kaşğarlının diliylə desək, tarixlə bərabər at başı yürüdür. Və qeyri-təvazökarlıq da olsa, indiyə qədər yazılan və bundan sonra yazılacaq “Qarabağnamə”lərin ən gözəli olan “Səs” essemi də müsaidənzlə bura daxil edərdim”.

“Bəs indi kimlər bu mövzuda yaza bilərlər?” sualına isə ədəbi tənqidçi belə cavab verib:

“Elçin, Aqil Abbas, Elçin Hüseynbəyli, Rəşad Məcid, Qulu Ağsəs, Şərif Ağayar, məncə, yaza bilərlər. Çünki mövzunun yazıçıya bir az da genetik bağlılığı olmalıdır. Necə deyərlər, aşıq gördüyünü çağırır, yazıçı da yaşadığını yazır. Bu gün hamı qarabağlıdır, amma digər bölgələrdən olan yazarlar bu mövzunu ümummilli problem kimi yaşayır və yazır, birbaşa Qarabağdan olanlar isə həm də fərdi ağrı və problem kimi.

Amma istənilən məsələdə istisnalar olur, eləcə də bu məsələdə. Bir də görərsən ki, nəinki başqa bölgədən, hətta planetin o başından bir adam gəldi və bu mövzuda hamıdan gözəl yazdı”.

“Azadlıq olarsa, hər şey olacaq”

Yazıçı Şərif Ağayar isə bildirib ki, ədəbiyyat öz üzərində heç bir ideologiyanı qəbul eləmir:

“Ədəbiyyata bu cür beşillik plan tapşırıqları səviyyəsində yanaşmaq sovet totalitarizmindən qalan zərərli tendensiyadır və xeyli gülməlidir. Təəssüf edirəm ki, iyirmi birinci əsrdə də, Azərbaycanda belə düşününlərə rast gəlmək olur. Ədəbiyyat öz üzərində heç bir ideologiyanı qəbul eləmir. Yazaradıcı şəxs azad buraxılmalıdır. Azadlıq olarsa, hər şey olacaq”.

“Hələlik böyük ədəbiyyat yaratmaq şansımız yoxdur”

Şair Aqşin Yeniseyin fikrincə, sifarişlə əsər yazmaq ənənəsi klassisizmdə qalıb:

“Artıq üç əsrdir ki, böyük ədəbiyyat aristokratiyanın, hakim elit zümrələrin diktəsi və sifarişi ilə yazılmır. Ortada müvəqqəti peyda olan sosrealizm birhəqiqətliyi isə bu gün dünyada tənqid və təhqir hədəfidir. Dünya sosrealizmi totalitar düşüncəyə xidmətdə günahlandırır. Bizim ədəbi vəziyyətimizə gəlincə, bunu amerikalı ədəbiyyatşünas alim Fredrik Ceymison “milli alleqoriya” dediyi ifadə ilə daha dəqiq ifadə edir.

Ceymison yazır ki, Üçüncü Dünya ölkələrinin ədəbiyyatları mütləq şəkildə milli məsələyə diqqət yetirir. Bu ölkələrin ölkə, millət, kimlik kimi problemləri hələ həll olunmamış qaldığı üçün bu coğrafiyada doğulub boya-başa çatan personajlarının acısı, sevinci və bir sözlə, həyatı, əslində, öz xalqlarının, ölkələrinin taleyindən azad deyil. Ona görə də bu personajların hekayələri və tarixçələri, əslində, onların öz “millətləri”, “xalqları” ilə bağlı alleqoriyalardır.

Siyasət, kollektiv tarix və şəxsi təcrübə mütləq şəkildə bu ölkələrin mətnlərində istər-istəməz iç-içə keçir. Üçüncü dünya mətnləri milli alleqoriya şəklində siyasi üsluba sahibdir; fərdi qəhrəmanın taleyi həmişə üçüncü dünya mədəniyyətində və cəmiyyətində mübarizə aparan toplumun alleqorik ifadəsidir. Yəni Ceymison deyir ki, biz azərbaycanlıların da daxil olduğu Üçüncü Dünya ölkələrinin hələ böyük ədəbiyyat yaratmaq şansı yoxdur. Biz ədəbiyyatda hələ milli problemlərimizi çək-çevir etməklə məşğuluq”.

Aqşin Yenisey bildirib ki, biz indi böyük ədəbiyyata gedən yolun başlanğıcındayıq:

“Ola da bilər ki, biz əbədi olaraq bu başlanğıcda qalaq. Heç o böyük ədəbiyyat okeanına çıxış əldə edə bilməyək. Çünki ədəbiyyatımızın problem kimi gördüyü mənzərəni cəmiyyətimiz öz mədəniyyəti kimi qəbul edir. Ədəbiyyat tariximizin bütün dövrlərində böyük əsərlər hakim zümrələrin sifarişi ilə yazılıb. Bu gün bu klassik ənənə yuxarıların, yəni Azərbaycanın hakim elitası tərəfindən unudulub.

Bu gün Azərbaycan özünü mədəniyyətə ehtiyacı olmayan ölkə kimi aparır. Sabiri, Cəlili, Hacıbəyovu, Axundovu yetişdirən də rus çarının imperiya siyasəti idi. Çar Hindistana getmək istədiyi yolunun üstündəki bütün müsəlman xalqların, ən azı, rus dilini bilməsini istəyirdi ki, bu ölkələrdə öz siyasətinə xidmət edən rusdilli elita formalaşdıra bilsin. Bundan ötrü bu xalqların mentaliteti, adət-ənənələri gözdən salınmalı idi. Və bu sifarişi Azərbaycan maarifçiləri canla-başla görürdülər.

Bugünkü dillə desək, Azərbaycan maarifçiləri rus çarının trolları idilər. Sonrakı ədəbi nəslimiz də Stalinin, sosrealizmin trolları oldular”.

Aqşin Yeniseyə görə, böyük ədəbiyyat milli məsələlər bəşəri ölçülərdə yazıldığı zaman yaranır.


Müəllif: Mənsur Rəğbətoğlu