25 Aprel 2022 18:00
3 522
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngilis şair Uilyam Şekspirlə bağlı irəli sürülən iddia ədəbi aləmin gündəmində müzakirə mövzusuna çevrilib. Həmin iddiaya görə, Şekspirin “Simbelin” pyesi I Elizabetin sarayının üzvü olmuş şair Tomas Nortun itirilmiş pyesi ilə şübhəli oxşarlıqlar daşıyır.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

Qəzetə görə, “Fabyan xronikası”nın 1533-cü il nəşri (Roma dövründən VII Henriyə qədər ingilis və fransız tarixinin məcmuəsi) göstərir ki, Nortun əlyazmalarındakı süjet Şekspirin məşhur tragikomediyası ilə paraleldir.

Qeydləri Harvard Universitetinin Huton Kitabxanasından gün üzünə çıxaran Maykl Blendinq bu əlyazmaların Şekspirin əsərinə əsaslana və ondan sonra qələmə alına bilməyəcəyini, çünki Nortun tamaşanın ilk premyerasından təxminən altı il əvvəl - 1609-1010-cu illərdə vəfat etdiyini deyib.

“Bu, inqilabi kəşfdir, onu şərh etmək çətindir, çünki Nortun əlyazmalarını Şekspir öz pyesi üçün istifadə edib və sonradan onu mənimsəyib”, - Blendinq qeyd edib.

Tapıntılar “Hamlet” və digər pyeslərlə Nortun əlyazmaları arasında əlaqələri aşkar etmək üçün 2005-ci ildən araşdırma aparan tədqiqatçı Dennis Makkarti tərəfindən təhlil edilib. Makkartinin araşdırması “Şekspirin kölgəsində” adı ilə növbəti dəfə nəşr olunacaq.

Blendinq deyib ki, araşdırılan əlyazmalar Şekspirin “Simbelin” əsəri ilə çox oxşardır:

"Məsələn, hər ikisi Yuli Sezarın İngiltərəni işğal etmək üçün dəfələrlə etdiyi cəhdlərə istinad edərək, ingilis kralları tərəfindən Romaya ödənilən xərac məsələsinə çox diqqət yetirir. Həmçinin, hər ikisi Simbelinin oğulları Qviderius və Arviraqa diqqət yetirir. Bu, bir düşməni öldürmək üçün maskalanmış xarakter strategiyasını ehtiva edir və tarixən həqiqətən də Şotlandiyada vuruşmuş “ot divarı”nın döyüşündən bəhs edir”.

Tədqiqatlarına Pensilvaniyadakı Lafayet Kollecinin fəxri professoru Cun Şlyüter də daxil olan Makkarti isə söyləyib:

“Düşünürəm ki, Nort bunu pyesinin planı kimi yazıb. Sonradan istifadə etmək üçün tarixi nümunələr toplayıb və onların hamısı eyni mövzuya əsaslanır - İngiltərə Romaya qarşı”.

Makkarti bildirib ki, Şekspiri inkar etmir, amma araşdırmaçılar “Simbelin”in arxasında duran yaradıcı dahinin əslində Tomas Nort olduğuna qəti şəkildə təkid edirlər və mənbə kimi “Fabyan xronikası”nı göstərirlər.

Makkarti bu qeydlərin həm də Şekspirin pyesinin fonu, personajları və dili ilə bağlı olduğunu deyib və əlavə edib ki, Nortun əlyazmalarının əksəriyyəti Şekspirin əsərində qeyd olunan personaj və hadisələrlə bağlıdır və demək olar ki, hamısı birinci dərəcəli əhəmiyyət kəsb edir.

“Kassibella”nın “Kassibulan” olaraq səhv yazılması kimi təfərrüatlara diqqətçəkən Makkarti vurğulayıb:

“Şekspirin “Simbelin” əsərinin 1623-cü il tarixli ilk fəslində kraliça romalılarla döyüşən keçmiş ingilis kralından “Kassibulan” kimi bəhs edir. Dramaturqun “Kassibulan”ı əslində Kassibellanın səhv yazılış formasıdır və bu pyesdən əvvəl adın bu şəkildə yazıldığı heç bir mətn yoxdur. Nortun qeydindən bəlli olur ki, adın səhv yazılmasına görə də onun məsuliyyəti olub”.

Makkarti bəzi elm adamlarının belə tapıntılardan narahat olduqlarını bildirib: “Kəşfin üstünə kəşfə imza atdıq, indi bunu görməməzlikdən gəlmək çox çətindir. Əlimizdə danılmaz sübutlarımız var”.


Müəllif: Mənsur Rəğbətoğlu