2 İyun 2023 12:56
6 916
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fantastik planet”dən danışmazdan əvvəl müəllif Stefan Vul (Stefan Wul) barədə bir neçə kəlmə qeydimi yazım. Vul fransız elmi-fantastik yazıçısı Pyer Peronun ədəbi təxəllüsüdür.

İxtisasca diş həkimi olan Pyer Pero 1989-cu ildə həkimlikdən əmək məzuniyyətinə çıxandan sonra da, 2003-cü ildə vəfat etdiyi günədək elmi-fantastik janra məhəbbətini qoruyub saxlamışdı.

Stefan Vulun tanış olduğum, oxuduğum əsərlərinin dairəsi “Niourk” (uzaq gələcəkdə Yer səhraya çevrilib, dünyada yalnız paleolitik dövr (Qədim daş dövrü) səviyyəsində yaşayan ovçu-yığıcı qəbilələr mövcuddur, əsərin adı “Niourk”sa Nyu York şəhərinin tələffüzündən gəlir) və “Oms en série” ilə məhdudlaşır.

“Oms en série”i fransız dilindən təxminən, ancaq doğru olaraq, belə tərcümə edə bilərəm: “Birləşmiş Omlar”.

Əsər ilk dəfə 1957-ci ildə çap olundu, məzmunu altı il sonra, 1963-cü ildə “Fantastik planet” başlığıyla böyüklər üçün çəkilmiş çizgi filmində də öz əksini tapdı, kitabın ingilis dilində tərcüməsisə yalnız 2010-cu ildə işıq üzü gördü. Ancaq elə təkcə bu iki yaradıcılıq nümunəsi - film və kitab özlüyündə Stefan Vulun yazıçı kimi mahiyyətini üzə çıxarmaq gücündədir.

Onu da qeyd edim ki, bildiyim qədərincə, Steafan Vul heç vaxt indiyədək Azərbaycan oxucusunun diqqət mərkəzində olmayıb, bunun da səbəbini Vulun bizim dilimizə tərcümə edilməməsiylə (hər halda mən belə bilirəm) əlaqələndirirəm.

Romandakı əhvalat uzaq gələcəkdə, Draaqlar adında göy rəngli nəhəng humanoidlərə məxsus Yqam adında planetdə cərayan edir. Draaqlar insanları Yerdəki Post apokaliptik dövrdə (Qiyamət sonrası) gətirib Yqamda məskunlaşdırmışlar, insanlar Yqamda Om adlanır, bu, sözcük dilimizdəki “adam”ın fransızcadakı “hommes” qarşılığıdır.

Yqamda Yer “Terre” ifadəsiylə anılır (“Terre” də fransızcadır, “Yer”in fransız dilindəki ekvivalentidir), bəzi insanlar yeni planetdə ev heyvanı qismində bəslənilir, digərlərisə vəhşi qəbilələr halında parklarda başlarını girləyirlər. İkincilər hər iki Draaq ilindən bir soyqırım edilir, bu yolla vəhşi Omların sayı nəzarətdə tutulur.

Yeri gəlmişkən, bir Draaq ili təxminən qırx beş Yer ilinə bərabərdir. Draaqların insanlara münasibəti, əlbəttə, sahib olduqları yüksək texnologiyalar və ali mənəvi inkişaflarıyla uyğun gəlmir.

Film versiyasında belədir ki, anası Draaq uşaqlarının amansız əyləncəsi vaxtı ölmüş (öldürülmüş də demək olar) Terr adında bir Om körpəsi (oğlanın ismi yenə də fransız sözü “Terre”dəndir, lakin kitabın ingilis dilindəki tərcüməsində, “Terror” sözündən (qorxu, dəhşət) düzəldildiyi yazılıb) Tiva - kiçik bir Draaq qızı tərəfindən xilas olunaraq, ev heyvanı kimi saxlanılıb qaygı göstərilir, zaman ötdükcə Terr yetkinlik yaşına çatır, əsirliyi (ev heyvanı kimi saxlandığı) müddətdə Draaqların möhtəşəm biliklərindən az da olsa öyrənməyə nail olur və nəhayət, Tivanın evindən qaçıb vəhşi Om dəstələrindən birinə qoşulur.

Sonradan məhz Terrin biliyi nəticəsində Omlar yeni düşüncə, dünyagörüş və bilik qazanır, Draaqlarla bərabərhüquqlu münasibət qurub Yqamın idarəçilərinə çevrilirlər.

Mən də istəyirəm ki, indi kitabdan yox, 1973-cü ildə ekranlaşdırılmış “Fantastik planet”dən danışım, düzdür, kitab və film arasındakı süjet fərqləri bəzən həddən artıq nəzərə çarpır, lakin hər iki əsərin müvafiq olaraq oxucuya və tamaşaçıya çatdırdığı hədəf eynidir.

Film Fransa və Çexoslavakiyanın şərikli istehsalıdr, fransızca “Fantastik planet” (ABŞ- da da bu adla bilinir ), çexcə “Vəhşi Planet” adıyla tanınır, “Fantastik planet” özü nəhəng Draaqların doğma Yqam planetinin peykidir, film çəkiliş vaxtı “Yqam planetində” adlanırdı, hekayət də əsasən Yqamda baş verir, ancaq vurğuladığım kimi, indi adı “Fantastik planet”dir, mən də bu filmi məhz bu adla izləmişəm.

Filmin çəkilişləri 1963-cü ildə başlanmış, 1973-cü ildə Kann Film Festivalında xüsusi juri mükafatına layiq görülmüşdü.

“Fantastik planet” ABŞ-da MPA (Motion Picture Association of America) tərəfindən PG (Parental Guidance Suggested) dərəcəsi (yəni, bəzi səhnələr uşaqlar üçün uyğun olmayan film ) verilmiş ilk cizgi filmidir.

Dediyim ki, film də kitabla eyni notlardadır, Draaqlar Omları heyvan sayır, bəzilərini sevimli ev heyvanıtək bəsləyir, bəzi Omlarsa özbaşına, Draaqlardan oğurladıqları qidalarla varlıqlarını sürdürür (bu səhnə filmdən yadıma gəlmir, kitabda belə təsvir olunur), Draaqlar Omların artıb-çoxalmamaları, nəzarətdən çıxmamaları üçün saylarını soyqırımlarla tənzimləyirlər. Draaqların özləri bizim ağlımıza gəlməyəcək qədər uzun ömürlüdür, lakin Omlardan fərqli olaraq, nəsil artımlarının sürəti çox aşağıdır.

Filmin başlangıcında (yuxarıda da təsvir etmişəm) üç Draaq uşağı qucağı körpəli bir ana Oma ölənədək əziyyət verir, sanki üç insan övladı bir pişik balasıyla amansız davranır və körpə Om, Draaq qızı Tiva tərəfindən qurtarılır.

Kitabdasa Tiva Terri-balaca Omu, atası Pravla birlikdə qonşu Faozdan ev heyvanı kimi saxlamağdan ötrü balacalığından, Omun anası Softinadan zorla ayırıb alır. Filmdə Tivanın atası Cənab Sinh kimi təqdim edilir və Draaq cəmiyyətində mühüm fiqurlardan sayılır.

Tiva Terri sevimli pişiyitək sevir, üstündə yarpaq kimi əsir, lakin həm filmdə, həm də kitabda Tiva, Terri valideynlərinin tövsiyəsiylə, balaca Omun boynuna taxılmış, xüsusi cihaza qoşulmuş boyunbağıyla idarə edir, onun uzaqlaşmağına imkan vermir.

Terr Tivanın dərslərində iştirak edir, bu dərslərdə Tivanın təhsili onun şüuruna xüsusi başlıq (qulaqlıq) taxmaqla ötürülür. Terrin boyunbağındakı nasazlıq Tivaya mənimsədilən biliyin Terrin də öyrənməsinə səbəb olur. Vaxt keçdikcə, Tiva gənclik dövrünə qədəm qoyur, Draaqlara fərqli məkanlarda düşüncələriylə səyahət etməyə imkan verən mediasiyaya başlayır və Terrə qarşı marağı azalır, Terr də artıq gənc oğlandır və Draaq elmini mənimsəyib.

Bir gün Terr Tivanın qulaqlığını oğurlayıb qaçır, vəhşi ərazilərdə bir Om qızına rast gəlib, qız tərəfindən Om qəbiləsinə aparılır.

Lakin kitabda, Terr qaçarkən Brave (cəsur) adlı saqqallı bir Omla qarşılaşır və Brave onu öz qəbiləsinə götürür. Həm kitabda, həm də filmdə Terrin, Tivadan oğurlamış olduğu bilik qulaqlığına Omlar əvvəlcə şübhə ilə yanaşırlar.

Filmdə Om qızı, Terrin boyunbağısını kəsib çıxarır (təqibdən qurtarmaq üçün), Terri tərk edilmiş, qəribə mənzərəli və qəribə körkəmli varlıqlarla qaynaşan bir Draaq parkında köç salmış qəbiləsinə aparır.

Terr Om qəbiləsinə bilik qulaqlığından istifadə etməklə, Draaq biliyini necə mənimsəməyi başa salır. Oxuyub-yazmağı öyrənmək Omlara imkan verir ki, məskunlaşdıqları parka Draaqlar tərəfindən tezliklə hücum ediləcəyi və insanların öldürüləcəyi barədə elanı oxusunlar. Və qırğın günü Omların bəziləri qətl olunur, bəziləri qaçıb başqa Om qəbilələriylə güclərini birləşdirir.

Hadisələrin inkişafında bir gün iki Draaq yolçusu rastlaşdıqları insanları öldürməyə başlayır, qeyri-bərabər çarpışmada Omlar da düşmənlərinin birinin canını alır, ardından bir yiyəsiz Draaq Kosmik bazasında gizlənib yaşayırlar. Sözsüz ki, Omların bir Draaqı qətl etməsi xəbəri nəhənglərin rəhbərlərini hədsiz qəzəbləndirir.

Omlar illərlə kosmik bazada yaşayır, sıralarına yeni-yeni insanlar qatılır. Tivanın qulaqlığı vasitəsilə qazandığları bilik sayəsində Omlar Draaq texnologiyasına tamamilə sahiblənir, nəhənglərin təcrübəsi əsasında hazırladıqları iki kosmik gəmiylə Yqamı tərk edib, onun peykində - Fantastik planetdə təhlükəsiz şəraitdə yaşayacağlarına inanırlar.

Lakin yenə faciə baç verir, bazaya geniş miqyaslı Draaq hücumu nəticəsində Omların çoxu öldürülür, yalnlz Terrin rəhbərlyi altında bir qrup kosmik gəmilərlə Fantastik planetə qaçmağa nail olur.

Fantastik planetdə Omlar Draaqların həyati sirrini kəşf edirlər - nəhənglər mediasiya zamanı peykin səthindəki möhtəşəm heykəllər araçılığıyla başqa qalaktikalardan gələn varlıqlarla görüşür, bu zaman icra etdikləri qəribə cütləşmə ayini Draaqların nəsil artımının təminatçısıdır. Omlar heykəllərin bir neçəsini dağıdır və bu dağıntılar Draaqların gələcək mövcudluğunu durdurmaq gücündədir.

Beləliklə, ölümcül təhlükədən vaxtında nəticə çıxaran Draaqlar, Yqamda Omların qırğınını dayandırmağa və sülh danışıqlarına başlamağa məcbur qalırlar. Omlar Fantastik planeti Draaqların ayinləri üçün boşaldır, əvəzində Yqamın orbitində keçmiş ağaları tərəfindən məxsusi onlardan ötrü təzəcə yaradılmış süni peykə köçürlər.

Yeni vəziyyət artıq iki irqin gələcəkdə sülh şəraitində birgəyaşayışının, birinin digərinin düşüncə tərzindən və imkanlarından faydalana biləcəyinin təzahürüdür.

Yuxarıda da dedyim kimi, bu qeydlərim yalnız “Fantastik planet”in film versiyasına işıq salırdı, kitabsa bir az uzundur, Omların qurtuluşunun, azadlıq uğrunda yürüyüşlərinin fərqli çalarlarla geniş təsvirindən ibarətdir, vaxt və imkan olsa, bir dəfə də bu haqda danışaram.

Mənbələr:

Fantastic Planet: (Oms en Serie) - Stephan Wul (PDF)

Fantastic Planet -1973 ( English dub, full animated film)


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər