28 Sentyabr 2020 13:35
2 234
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilərlə təmas xəttində bütün cəbhəboyu şiddətli döyüşlər getdiyi bir vaxtda virtual məkanda da eyni şiddətlə informasiya müharibəsi gedir.

Təcavüzkar düşmənlər bütün gücləri ilə çalışırlar ki, müxtəlif dezinformasiyalar, ideoloji təxribatlar yolu ilə ölkəmizin əhalisində çaşqınlıq yaratsınlar, döyüşən ordunun qolunu soyutsunlar, insanları düşmən üzərinə, qələbəyə fokuslaşmaqdan yayındırıb, diqqətlərini başqa məqamlara yönəltsinlər. Ona görə də son günlər ermənilər internet resurslarında son dərəcə fəallaşıblar, gah Azərbaycan ordusunun çoxsaylı şəhid verməsi, gah da məşhur komandirlərin əsir düşməsi barədə dezinformasiyalar yayırlar.

Onlar bu kimi yalan informasiyaları həm də daxili auditoriyaya hesablayırlar. Erməni fəallar çalışırlar ki, Ermənistan əhalisi panikaya qapılmasın, öz ordularının guya müzəffər olduğuna, “düşmənə layiqli zərbə vurduğuna”, “əks-hücuma keçdiyi”nə inandırsınlar, öz itkilərindən diqqət yayındırsınlar.

Bu məqsədlə ermənilər “Gənc bozqurdlar” adlı internet resursu yaradıblar, orada milli adlarımızla yaratdıqları niklərlə Azərbaycanın ziyanına paylaşımlar edir, sonra bu saxta mənbələrə istinad edərək “mötəbər informasiya” düzəldib yayırlar.
Belə feyk informasiyalardan biri də şücaətli komandanımız, general Mais Bərxudarovun guya əsir düşməsi barədədir. Lakin bu xəbər anındaca təkzib olundu, saytlarda Bərxudarovun döyüş bölgəsindən verdiyi müsahibə dərc olundu.

Aşağıda həmin saxta paylaşımlardan bir neçəsini dərc edərək, oxucularımıza tövsiyə edirik ki, nə belə saxta paylaşımlara, nə onların əsasında hazırlanan məlumatlara inanmasınlar, həm də özləri düşmənin əlinə oynaya biləcək heç bir mesaj yazmasınlar.

Bu vətən müharibəsidir. Hər birimiz döyüşçüyük və hamımız ayıq-sayıq olmalıyıq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər