8 Oktyabr 2020 15:57
46 705
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan baş naziri növbəti dəfə danışıqlar prosesinə ciddi zərbə vurdu”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Azər Qasımlı deyib.

Ekspert Nikol Paşinyanın son bir neçə gündə Dağlıq Qarabağdakı münaqişə ilə bağlı bir-birinə zidd açıqlamalarına diqqət çəkib:

“Ermənistan Baş Naziri Nikol Paşinyan RBC kanalına müsahibəsində bildirdi ki, Qarabağ bundan sonra heç vaxt Azərbaycanın tərkibində olmayacaq. Az sonra eyni tezisi öz Tvitter hesabında da paylaşdı.

Paşinyanın bu bəyanatı danışıqlar prosesinə ən böyük zərbədir. İki gün əvvəl “Ermənistan güzəştlərə hazırdır” demək, iki gün sonra “Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq” demək daban-dabana zidd iki fikirdir. Minsk qrupu və Azərbaycan bu fikirlərdən hansını əsas götürməlidir?

Ermənistan tərəfi bu iki tezis arasında zidiyyət görmürsə, onda Paşinyan Ermənistanın hansı güzəştə gedə biləcəyini nəzərdə tutur? İşğal olunmuş ətraf rayonları nəzərdə tuturlarsa, onları hazırda Azərbaycan ordusu geri alır”.

Azər Qasımlı qeyd edib ki, Paşinyanın bugünkü tezisi mənasız şantaj və mümkün danışıq prosesini əngəlləmək cəhdi kimi qəbul edilməlidir:

“Əsas məqsəd sülhdürsə, Qarabağda sülh yalnız Azərbaycanın ərazi bütövlüyü təmin edildiyi təqdirdə mümkündür. Kim nə deyir-desin, reallıq budur! Hətta bu dəfə atəşkəs olsa və danışıqlar nəticəsində Qarabağ Azərbaycana qayıtmasa, yenə də müəyyən vaxt keçəndən sonra yeni müharibə başlayacaq. Ən doğru çıxış yolu - hər iki icmanın birgə yaşamasıdır. Lakin bunu təmin etmək üçün həm Ermənistanın silahlı qüvvələri və ağır silahları Qarabağdan çıxarılmalıdır.

Azərbaycan isə Qarabağda yaşayan erməni əsilli vətəndaşlarına beynəlxalq səviyyədə təhlükəsizlik qarantiyaları verməlidir. Danışıqlar da əsasən bu qarantiyalar ətrafında olmalıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər