14 Oktyabr 2020 19:58
7 372
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanın Rusiya və KTMT-ni münaqişəyə cəlb etmək planı fiaskoya uğradı”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Azərbaycan Ordusunun əks-həmlə əməliyyatı ilə ağır itkilər verən Ermənistan Gəncə və Mingəçevirə ballistik raket atmaqla bir neçə hədəfə çatmağı planlaşdırırdı:

“Gözləntisi bu idi ki, Azərbaycan bundan sonra Ermənistan ərazisinə zərbə endirəcək və nəticədə KTMT münaqişəyə qarışacaq. Digər yandan, Rusiya üzərindən Azərbaycanı hədələməklə, Türkiyə-Rusiya əlaqələrinə zərbə vurmağa çalışırdı. Gözləntisi həm də bu idi ki, Azərbaycanın mülki əhalisini vurmaqla onu atəşkəsə məcbur edəcək. Amma bunun əksinə olaraq, Azərbaycan əməliyyatları işğal bölgəsindən kənara çıxarıb Ermənistan ərazilərinə zərbə endirmədi.

Ermənistan rəhbərliyi arxayın idi ki, Azərbaycan Ermənistan ərazisini hədəf alacaq, bundan sonra Rusiya və KTMT münaqişəyə müdaxilə edəcək. Bununla da Azərbaycanı Rusiya ilə üz-üzə qoyacaq. Amma Azərbaycan Ermənistanın bu təxribatına getmədi, İrəvanın Rusiya və KTMT-ni bu münaqişəyə cəlb etmək planını ortadan qaldırdı. Hesab edirəm ki, bundan sonrakı mərhələdə Ermənistan öz ərazisindən Azərbaycanın mülki əhalisinə raket zərbələrindən çəkinəcək.

Rusiya və KTMT də Ermənistanın təxribatına getməyəcək. Çünki burada Azərbaycan öz təhlükəsizliyini təmin edir. Ortada faktlar və sübutlar var”.

Məhəmməd Əsədullazadə hesab edir ki, artıq Ermənistan nə KTMT, nə də Rusiya güvənəcək:

“Regionda dəyişməkdə olan geosiyasi nizam Rusiyanın təsirlərini azaldıb. Türkiyənin regiondakı aktiv fəaliyyəti Rusiyanın Azərbaycana qarşı təzyiqlərini zəiflətməklə yanaşı, Ermənistanın bütün planlarının üstündən xətt çəkdi. İlk növbədə, Ermənistan Qarabağda davam edən qarşıdurmanı regional müharibəyə çəkə bilməyəcək. Azərbaycan son uğurları ilə həm də siyasi masadakı mövqelərini gücləndirib”.

Ekspert qeyd edib ki, Azərbaycanın Qarabağda əks-həmlə əməliyyatına başlaması Aralıq dənizi, Yaxın Şərq və Mərkəzi Asiyada yaşanan geosiyasi proseslərin nəticəsidir:

“Bu, həm də Türkiyənin mövqəyinin güclənməsi ilə bağlıdır. Digər yandan, Türkiyə və Rusiya arasındakı isti əlaqələr də buna təsir edir. Türkiyə faktoru Azərbaycanın da əlini gücləndirib və Bakı təzyiqlərə qarşı prinsipallığını qoruyaraq istədiyi plana nail ola biləcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər