Ermənistanın daha bir rəsmi şəxsi Gürcüstanın tarixi Samsxe-Cavaxetiya bölgəsini “Cavaxk” adlandırıb.
Teleqraf.com xəbər verir ki, bu dəfə Ermənistan baş naziri aparatının diaspor məsələləri üzrə səlahiyyətli nümayəndəsi (nazir statusundadır) Zare Sinanyan müvafiq ifadədən istifadə edib.
O, keçirdiyi brifinq zamanı deyib:
“Artıq Ermənistana müxtəlif ölkələrdən – Rusiyadan, ABŞ-dan, Fransadan, digər Avropa dövlətlərindən, gürcü regionu Cavaxkın erməni əhalisindən, Tbilisidən 700 tona yaxın humanitar yardım çatdırılıb”.
Qeyd edək ki, ermənilərin “Cavaxk” adlandırdıqları bölgənin əsl adı artıq qeyd etdiyimiz kimi Samsxe-Cavaxetiyadır. Samsxe-Cavazetiya ölkənin cənubunda, Ermənistan və Türkiyə ilə sərhəddə yerləşir. Ərazisi 6413 kv.km, əhalisi 156 min nəfərdir. Regiondan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru xətti, Bakı-Tbilisi-Ərzurum qaz kəməri keçir.
Ermənilərin qondarma “Qərbi Ermənistan” iştahaları təkcə Türkiyə və Azərbaycan torpaqları ilə kifayətlənmir. Erməni arzuları Gürcüstanın bu strateji ərazisini də əhatə edir. Samsxe-Cavaxetiyanın əhalisinin 50 faizi ermənilərdən ibarətdir. Görünür, bu amil onları Dağlıq Qarabağda olduğu kimi Samsxe-Cavaxetiyada da separatçılıq niyyətlərini tədricən reallaşdıra biləcəklərinə inandırıb. Ermənistan Respublikası və erməni diasporu son dövrlərdə bu bölgədəki ermənilər içərisində etnik separatizm meyillərinin gücləndirilməsinə, onların siyasi təşkilatlanmasına diqqəti xeyli artırıb. Beləliklə, perspektivdə Ermənistan Respublikasından və qondarma “DQR”dən sonra Cənubi Qafqazda üçüncü “erməni dövləti”nin yaradılması nəzərdə tutulur.
Bu xüsusda Ermənistanın Baş naziri Nikol Paşinyanın da bir neçə gün öncə Samsxe-Cavaxetiyanı “Cavaxk” adlandırması diqqətdən yayınmamalıdır. Belə ki, N.Paşinyan Feysbuk sosial şəbəkəsindəki hesabında etnik ermənilərin Samsxe-Cavaxetiyada keçirdikləri Ermənistana dəstək aksiyasından “Cavaxk” adı ilə foto paylaşmışdı. Bu ifadə gürcülərin və azərbaycanlıların kəskin etirazı ilə qarşılanmışdı. Onlar bölgənin adının “Cavaxk” deyil, Samsxe-Cavaxetiya olduğunu, “Cavakx” sözü ilə separatizmin təbliğ edildiyini qeyd etmişdilər.