22 Oktyabr 2020 18:25
3 563
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özünümüdafiə hüququ

Beynəlxalq hüquqa əsasən xarici dövlətin silahlı qüvvələrinin təcavüz, hücum, işğal və ya bombardman şəklində olmasından asılı olmayaraq, hər hansı bir silahlı hücum baş verdikdə özünümüdafiə hüququ dərhal və hamı üçün qüvvəyə minir. Teleqraf.com xəbər verir ki, BMT Nizamnaməsinin məlum 51-ci maddəsi BMT Nizamnaməsinin 51-ci maddəsində deyilir:

“Bu Nizamnamənin heç bir müddəası, əgər Birləşmiş Millətlərin üzvünə qarşı silahlı basqın baş verərsə, Təhlükəsizlik Şurası tərəfindən beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması üçün zəruri olan tədbirlə görülənə qədər, ayrılmaz xarakter daşıyan fərdi və ya kollektiv özünümüdaafiə hüququna xələl gətirmir”.

Qeyd olunmalıdır ki, ilk silahlı hücumdan sonra təcavüzə məruz qalmış dövlət tərəfindən həmin silahlı hücuma cavab olaraq atılan bütün addımlar, məhz özünümüdafiə hüququn ümumi əhatə dairəsinə daxil olur.

27 ilə yaxındır ki, Azərbaycan Respublikası müxtəlif siyasi platformalarda, o cümlədən dövlət başçısı səviyyəsində və ATƏT-in Minsk Qrupu çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində danışıqların aparılmasına səylər göstərib. Təəssüflər olsun ki, böyük səylər və enerji sərf edilən bu danışqlar heç bir konkret nəticə verməyib. Təbii ki, sadəcə Ermənistan Respublikası tərəfindən Dağlıq Qarabağ və ətraf rayonların işğalının davam etməsi ilə nəticələnib, 30 ilə yaxın aparılmış səmərəsiz danışıqlar və vasitəçilik Azərbaycana öz sözünü deməyə haqq qazandırıb.

Azərbaycan Respublikası, əslində, özünümüdafiə hüququndan istifadəsinə Ermənistanın hücumundan sonra 1992-ci ilin yayında başladı. Daha sonra atəşkəs razılaşmasına əsasən döyüşlərin dayandırılması faktı yalnız o deməkdir ki, bugünkü vəziyyətin dəyərləndirilməsi ilkin özünümüdafiə hüququna qayıdışdan deyil, onun əvvəlki tətbiqinin bərpasından başlayır.

Silahlı hücuma məruz qalan Azərbaycan Respublikası özünümüdafiə hüququnundan istifadə etmək haqqını özündə saxlayır və danışıqların uzadılmasının mənasız olduğu aydın olan kimi həmin hüquqdan tam sərbəst şəkildə istifadə edə bilər.

Özünümüdafiə hüququnun müddəti silahlı hücumun mahiyyəti ilə müəyyən edilir. Odur ki, hücuma məruz qalmış dövlət hücumun davam etdiyi müddətdə ona cavab vermək hüququna malikdir.

Atəşkəs, öz təbiətinə görə, müvəqqəti fasilədən başqa bir şey deyildir. Atəşkəs, uzun müddət davam etsə də, sonsuza qədər davam etmək üçün nəzərdə tutulmayıb. Atəşkəs yalnız diplomatik fəaliyyət üçün bir addım kimi tətbiq olunur. Yəni, daha davamlı razılaşmaların müzakirəsi məqsədilə “nəfəs almaq üçün” bir fasilə kimi qiymətləndirilir. Azərbaycan Respublikası illər ərzində məhz bu məqsədlə, yəni münaqişənin danışıqlar yolu ilə həlli prosesinin irəlilədilməsi üçün atəşkəs rejimini saxlayırdı.

Üçüncü ölkələr tərəfindən hərbi müdaxilə

Üçüncü dövlətlərin Ermənistan Respublikasının tərəfində Azərbaycan Respublikasına qarşı hərbi müdaxiləsi beynəlxalq hüquqa görə qadağandır. Hər hansı belə hərbi müdaxilə (bir dövləti dəstəkləmək üçün başqa bir dövlətə qarşı silahlı hücum təşkil etmək) Azərbaycan Respublikasına qarşı silahlı hücum kimi qiymətləndiriləcək. Bunun əksinə, BMT Nizamnamənin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan hər hansı bir üçüncü dövlətlə birgə “kollektiv” şəklində istifadə oluna bilər. Bu, o deməkdir ki, üçüncü dövlət özünə məxsus “kollektiv” özünümüdafiə hüququnu işğalçı Ermənistana qarşı istifadə edə bilər. Eyni zamanda, qeyd olunmalıdır ki, niyyətindən asılı olmayaraq, üçüncü dövlət tərəfindən Ermənistana qarşı hərbi əməliyyatın aparılması yalnız Azərbaycanın razılığı əsasında həyata keçirilə bilər. Heç bir halda Azərbaycanın suveren hüquqları pozulmamalıdır.

Vasitəçilik

Vasitəçilik prosesi beynəlxalq hüququn bir sıra əsas prinsipləri ilə tənzimlənir. Vasitəçilik qanuni boşluq və ya siyasi vakuumda həyata keçirilmir. Vasitəçilik çevik və dəyərli bir vasitədir, eyni zamanda, aidiyyəti dövlətlərin iradəsinə zidd olan bir həll tətbiq edə bilən, yaxud beynəlxalq hüququn müəyyən etdiyi məhdudiyyətlərindən kənarda fəaliyyət göstərən bir proses deyildir.

Vasitəçilik sərbəst deyil və vasitəçilərin tam məhdudiyyətsiz səlahiyyətləri olmur. Onlar yalnız onlara müəyyən edilən səlahiyyətlər və mənsub olduqları beynəlxalq, regional və ya subregional təşkilatın çərçivə səlahiyyətləri deyil, həm də BMT Nizamnaməsindən irəli gələn beynəlxalq hüquq normaları və müvafiq beynəlxalq hüquqi prinsiplər çərçivəsində fəaliyyət göstərirlər.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər