Ermənistanın bir aya yaxındır ki, Azərbaycanla apardığı müharibə ölkənin iqtisadiyyatını fəlakətə sürükləyib. Demək olar ki, Ermənistanın iqtisadi resursları tamamilə məhv olub.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Onun sözlərinə görə, düşmənin büdcəsində pul qalmayıb və ölkəsinin ərzaq təminatında böyük problem yaranıb:
"Ermənistanda yanacaqla neft məhsullarının alışında problem yaşanır. Çünki bu ölkənin pulu yoxdur ki, neft məhsulları və ya ərzağı kifayət qədər idxal edə bilsin. Bu məhsulların idxalını kifayət qədər reallaşdıra bilməməsi həm orduda ərzaq və yanacaq çatışmazlığına gətirib çıxarıb, həm də ölkə daxilində insanlar böhranla üzləşib".
Deputat Ermənistanda işsizlik səviyyəsinin yüksək olduğunu vurğulayıb: "İnsanların sosial rifahı çox faciəvi şəkildədir. Qiymətlərin də qalxması ölkədaxili böhranı daha da partlayış səviyyəsinə gətirib çıxaracaq. Apardığı aqressiv siyasətin göstəricisidir ki, bu gün Ermənistan yer üzündə bir ölkə kimi qalıb-qalmamaq təhlükəsi ilə üzləşib. Çünki, daxildə ziddiyyətlər günü-gündən artır. Qiymətlərin sıçrayışlı artması, insanların alıcılıq qabiliyyətinin çox aşağı olması, eyni zamanda o qiymətlərlə lazım olan ərzağın və yanacağın istehlak edilə bilməməsi ölkədə narazılıq dalğasını daha da genişləndirir və sürətləndirir. Bu da Paşinyan hakimiyyətinin sonuna gətirib çıxaracaq".