Ermənistan tərəfi verdiyi vədi üçüncü dəfə pozaraq Azərbaycan ərazilərini atəşə tutmaqda davam edir. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi müvafiq məlumatlar yayıb.Gərgi
Teleqraf.com xatırladır ki, Ermənistan tərəfi hökumət səviyyəsində humanitar atəşkəsə riayət edəcəyini bildirmişdi.
Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin münaqişə zonasında atəşkəsə əməl edəcəyini bəyan edib.
“Ötən gün Vaşinqtonda ABŞ-ın vasitəçiliyi ilə razılaşdırılan humanitar atəşkəsə Ermənistan tərəfi əməl edəcək”, - Paşinyan özünün Feysbuk səhifəsində belə qeyd etmişdi. Ondan əvvəl isə Dağlıq Qarabağdakı separatçıların “lideri” Arayik Arutyunyan eyni fikiri səsləndirmişdi.
Amma görünən budur ki, erməni tərəfi verdiyi sözə üçüncü dəfədir ki, sadiqlik nümayiş etdirə bilmir. Düşmən bu gün humanitar atəşkəsin elanından bir neçə dəqiqə sonra Tərtər rayonu və kəndlərini atəşə tutub. Eləcə də ordumuzun mövqelərinə zərbələr endirməyə cəhd edib.
Əslində Azərbaycan Ordusunun əks-hücum zamanı ciddi itkilər yaşayan erməni tərəfinə humanitar atəşkəs hava və su kimi lazımdır. Bəs onlar nədən humanitar atəşkəsi pozmaqla Azərbaycan tərəfinin daha ağır zərbələrinə məruz qalmağı göz önünə alırlar?
Müşahidəçilər bunu müxtəlif konteksdən qiymətləndirirlər.
Bəzilərinə görə, Nikol Paşinyan sadəcə olaraq orduya nəzarəti tam təmin edə bilmir. Bu səbəbdən də onun istəklərinin əleyhinə olaraq humanitar atəşkəs məhz erməni ordusu tərəfindən pozulur.
İkinci ehtimala görə, Ermənistan tərəfindən minlərlə muzdlu döyüşçü, terrorçular vuruşur. Onlar üçün atəşkəsin olub-olmaması əhəmiyyətli deyil.
Üçüncü ehtimal kimi Ermənistanda Paşinyanı yıxıb, yenidən hakimiyyəti ələ keçirmək istəyən “Qarabağ klanı”nı göstərilə bilər. Bu klana yaxın olan bir sıra hərbçilər hazırda Azərbaycan Ordusuna qarşı döyüşlərdə iştirak edir. Sözsüz ki, atəşkəs rejiminin onlar tərəfindən pozulması ən mümkün variant sayıla bilər. Bu halda Paşinyan həm beynəlxalq siyasətdə sözünə bütöv olmayan fiqur sayılır, həm də ordumuzun zərbələri nəticəsində hakimiyyəti laxlayır. Bu isə “Qarabağ klan”ı üçün hava-su kimi lazımdır. Onsuz da indi Qarabağ iddiaları erməni siyasi qüvvələri üçün hakimiyyətə gəlmək kartı kimi çox əhəmiyyətlidir.