Vaxtilə Paşinyanın həyat yoldaşı Anna Akopyan bütün Azərbaycan qadınlarını sülhə çağırmışdı. İndi isə özünə dəstə yığıb, Qarabağa döyüşə gəlir. Həyat yoldaşı kimi Anna da ikiüzlü insandır. Müharibə olduğu zaman biz də qadın batalyonu yaratmışdıq. Fərqimiz o idi ki, biz savaşa getmirdik, tibb bacıları yaralı əsgərlərimizə kömək üçün cəbhəyə yollanırdı. Biz öz vətənimizi qoruyurduq.
Bu fikirləri Teleqraf.com-a hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib. Onun sözlərinə görə, Anna Hakopyanın bu addımlarına erməni qadınları etiraz etməlidirlər: "Özgə torpağına döyüşə gəlmək qadına yaraşarmı? Üstəlik, erməni uşaqlarını silahlandırırlar, müharibəyə sürükləyirlər.
Bizim əsgərlər müharibəyə gedəndə bilirlər ki, vətəni qoruyurlar. Ermənilər hansı vətəni qoruyurlar, hansı vətənin uğrunda ölürlər? Ermənistan qadınları bunu anlayıb , Anna Akopyana etiraz etməlidirlər. Çünki Anna hakimiyyəti qorumaqdan ötrü erməni uşaqları ölümə aparır. O analar Anna Akopyanın bu addımını hansı məntiqlə qəbul edirlər? Bilirik ki, Anna da, Paşinyan da ciddi fiqur deyirlər. Mən Paşinyanı baş nazir, Annanı da birinci xanım saymıram. Onların ermənilərin yanında da hörməti yoxdur".
Düşmənin üçüncü dəfə humanitar atəşkəsi pozub, mülki əhalini hədəfə almasından danışan Novella Cəfəroğlu bildirib ki, bu, Ermənistanın xislətinin göstəricisidir:
"Prosesləri izləyirəm, Ermənistan humanitar atəşkəsi pozmağa davam edir. Bu halda bizim özümüzü müdafiə etməkdən başqa seçimimiz qalmır. Prezident İlham Əliyev sağ olsun, üzərinə çox ağır və şərəfli yük götürüb. Torpaqlarımız işğal altında olduğu üçün xalq olaraq illərdir başıaşağı idik. Amma İlham Əliyev xalqa torpaqları qorumaq üçün ruh, inam verdi.
Amma Paşinyan öz havadarlarına güvənərək özünü belə aparır. Paşinyan bilir ki, torpaqlar alınıb və biz oraya gedəcəyik.
Ermənistan Gəncəni, Tərtəri və digər rayonlarımızı hədəfə alaraq aranı qarışdırır ki, ölkəmiz də onun etdiyi kimi mülki əhalini hədəfə alsın. Hələ ki ordumuz təmkinlə davranır. Biz bütün dünyaya göstəririk ki, haqq mübarizəmizi aparır, torpaqlarımızı işğaldan azad edirik. Biz düşməni savaşda öldürürük. Biz öz torpaqlarımızı alacağıq. Onlar cığallıqla heç nəyə nail olmayacaqlar. Qələbə bizimdir"