Ermənistana yeni qüvvələr hakimiyyətə gəlsə belə, Nikol Paşinyan Baş nazir kimi razılaşmaya imza atıb. Hakimiyyət dəyişsə belə, beynəlxalq hüquq çərçivəsində əldə olunan razılaşmanı həyata keçirmək məcburiyyətində qalacaqlar. Prezident İlham Əliyev də bildirib ki, əgər razılaşmanı həyata keçirməsələr, davam edəcəyik.
Bu fikirləri Teleqraf.com-a Türkiyədə yaşayan siyasi analitik Toğrul İsmayıl deyib.
Qeyd edək ki, son zamanlar belə fikirlərə rast gəlinir ki, Ermənistanda hakimiyyət dəyişə və iqtidara gələn yeni qüvvələr Laçın, Kəlbəcər və Ağdamın bir hissəsini Azərbaycana qaytarmaqdan imtina edə bilər.
Professor Toğru İsmayıl isə hesab edir ki, Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, əldə edilən razılaşma həyata keçiriləcək: “Burada Rusiyanı da nəzərə almaq lazımdır. Prezident Putin bu məsələdə çox həssasdır. Yəni bölgədə əldə etdiyi qazancını Ermənistandakı bir qrup şəxsin istəyinə qurban verməz. Nəzərə almaq lazımdır ki, Ermənistan bu razılaşmaya "yox" dediyi zaman Rusiya sülhməramlıları bölgədən çıxmalıdır. Yalnız bu səbəbdən düşünmürəm ki, Ermənistanda hakimiyyətə gələn yeni qüvvələr, hansı ki, onlar həm də rusmeylli olacaqlar, belə bir iddia ilə çıxış etsinlər”.