İrəvanda prokurorluğun qarşısında Baş nazir Nikol Paşinyana qarşı xəyanət ittihamı ilə cinayət işinin başlanması tələbi ilə etiraz aksiyası keçirilir.
Teleqraf.com xəbər verir ki, aksiyanı müxalif Milli Gündəm Partiyası təşkil edib.
“Müharibə ilə əlaqəli bir çox suallar var. Niyə bütövlükdə insan resurslarından müharibədə istifadə olunmadı, nədən generalların döyüş əməliyyatına daxil olmasına icazə verilmədi, nə üçün bütün növ silahlar müharibəyə cəlb olunmadı? Hesab edirəm ki, prokurorluq bütün bu suallara cavab verməlidir. Prokurorluq cinayət işi açmaq məcburiyyətindədir, amma Paşinyana xidmət edir”, - partiyanın sədri Ara Akopyan jurnalistlərə deyib.
Onun fikrincə, dövlətçilik və ölkənin özü ciddi təhlükə ilə üzləşib: “Ölkənin və vətəndaşların taleyi ilə bağlı qərarlar digər ölkələr tərəfindən verilir. Parlamentdə baş nazirin impiçment prosesini başlatmaq və yeni baş nazir, eləcə də böhran hökuməti təyin etmək lazımdır”.
Akopyan bəyan edib ki, Baş nazir Paşinyan biabırçı təslimçi sənədə imza atıb və ölkəni təmsil edə bilməyən məğlub baş nazirdir: “Paşinyan təhlükəsizlik zəmanəti gözləyir. Amma kimdən? Bəlkə də xarici tərəfdaşlarından. Bunu biz bilmirik. O, hakimiyyətdə qaldığı müddətdə bizlər ictimai təzyiqlərə əl atmaqda davam etməliyik”.