Xəbər verdiyimiz kimi bu gün Ermənistan Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə hökumət binası qarşısında etiraz aksiyası keçirilib.
Teleqraf.com-un məlumatına görə, gənclər qanadının üzvləri hökumət iqamətgahının ərazisinə girərək N.Paşinyanın avtomobil karvanına yumurta atıblar.
Bu gün Paşinyanın rəhbərliyi altında hökumətin iclası baş tutub.
Sonradan yumurta atan şəxslərin Erməni İnqilabi Federasiyası – “Daşnaksütyun”un tələbə ittifaqının üzvləri olduğu məlum olub. Onlar yumurta atdıqdan sonra meqafon vasitəsilə baş naziri istefaya çağırıblar.
“Azərbaycan xalqının maraqlarına xidmət edən Nikol Paşinyan bilməlidir ki, biz onu hər addımda təqib edəcəyik və ona xəyanətini xatırladacağıq. Yoldaşlarımızın və soydaşlarımızın qanı bahasına əldə edilənləri satanın vətənimizdə yeri yoxdur. Bizi və bizim dostlarımızı sizin kortejinizin yanında yüyürən və silahlarını xalqa tərəf yönəldən əlaltılarınız heç dayandıra bilməz. Get, xain”, – deyə təşkilatın yaydığı bəyanatda deyilir.