Ermənistan müxalifəti Baş nazir Nikol Paşinyanın qarşısına 74 yaşlı sabiq baş nazir Vazgen Manukyanla çıxmaq məcburiyyətində qalıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” qəzetində dərc olunan məqalədə bildirilib.
Nəşr müxalifətin ölkədəki xaosun əsas səbəbkarı kimi göstərilən baş nazirə alternativinin olmadığını qeyd edib:
“Bu günlərdə prezident seçkiləri ərəfəsində Levon Ter-Petrosyandan narazı olan kütlənin, siyasi qüvvələrin, iş adamlarının, ziyalıların birləşərək Vazgen Manukyana dəstək verməsi 1996-cı ili xatırladır. Həmin il prezident seçkilərində Petrosyana rəqib olan Manukyan məğlub olmuşdu. Manukyan məlum seçkilərdə də müxalifətin vahid namizədi idi. İndi isə Vazgen Manukyanın yaşının çox olmasına və bir çoxunun onun baş nazir kimi namizədliyinə qarşı çıxmasına baxmayaraq, insanların əksəriyyəti bu anda demək olar ki, alternativ olmadığını başa düşür və Vazgen Manukyanı dəstəkləmək məcburiyyətində qalır”.
Qəzet bu günlərdə bir çox insanın - iş adamları, siyasətçilər, diaspor nümayəndələrinin onunla görüşdüyünü bildirib:
“Xüsusilə, keçmiş baş nazirlər Hrant Baqratyan, Xosrov Arutyunyan tərəfindən dəstəklənir və sabiq baş nazir Karen Karapetyan dünən onunla görüşüb”.