Dekabrın 19-da Ermənistanda Qarabağdakı müharibə zamanı ölən hərbçilər üçün üç günlük matəm elan ediləcək.
Teleqraf.com xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan xalqa müraciətində bildirib.
O, dekabrın 19-da münaqişə bölgəsində döyüşlərin bitməsinin 40 gününün tamam olacağını xatırladıb.
Matəm tədbirləri çərçivəsində Respublika meydanından “Erablur” hərbi panteonuna qədər xatirə yürüşü keçiriləcək.
“Bəlkə də 19 dekabr tarixindək həlak olan döyüşçülərimizin hamısının cəsədi tapılmayacaq, şəxsiyyəti müəyyən edilməyən çox sayda cəsəd olacaq. Ancaq düşünürəm ki, müvafiq dövlət qərarının verilməsi artıq təxirə salına bilməz”, – N.Paşinyan vurğulayıb.
Baş nazir Ermənistan cəmiyyətini cəsədlərin axtarışı və şəxsiyyətinin müəyyən edilməsi işinin daha intensiv şəkildə davam edəcəyinə əmin edib.
“Sputnik Ermənistan” bildirir ki, qeyri-rəsmi məlumatlara görə, Ermənistanda ölən və itkin düşən hərbçilərin ümumi sayı 3300 nəfərdən çoxdur.