“Paşinyan qalib gələ bilməyəcəyi savaşa girəndə istefa verməli idi”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, general Artur Vanetsyan deyib.
Onun sözlərinə görə, Nikol Paşinyan Ermənistan baş nazirinin səlahiyyətlərini üzərinə götürəndə ölkədə həll olunmamış ən böyük problemlərdən birinin Qarabağ münaqişəsi olduğunu anlamalı idi:
“Bir neçə dəfə şəxsən baş nazirə Qarabağ münaqişəsinin həlli ilə bağlı konkret nəticə əldə edilməyəcəyi təqdirdə alternativin müharibə olduğunu demişəm. Biz müharibəyə hazır deyildik. Bu barədə təkcə baş nazirlə deyil, Milli Təhlükəsizlik Şurasının iclaslarında da danışdım. Paşinyan daxili auditoriya üçün müxtəlif fikirlər səsləndirdi - “Qarabağ Ermənistandır və nöqtə”, “Danışıqlara öz nöqtəmdən başlayıram”, “Heç bir güzəştə getməyəcəyəm” və sair kimi populist açıqlamalar verdi. Müharibə başladı və məğlub olduq”.
Vanetsyan qeyd edib ki, beynəlxalq tərəfdaşlar bu müharibəni dayandıra bilərdilər, amma bunu etmədilər.
O, müxtəlif dövrlərdə Rusiya Prezidenti Putindən, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən təkliflər olduğunu, ancaq Paşinyanın bütün təklifləri rədd etdiyini qeyd edib.