Azərbaycanın səlahiyyətli orqanlarına ümumilikdə 14 nəfər təhvil verilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin komandanı, general-leytenant Rüstəm Muradov İrəvandakı "Erebuni" aerodromunda bildirib.
"Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr üçtərəfli bəyanatına müvafiq olaraq "hamının hamıya" prinsipi üzrə əsirlərin mübadiləsi həyata keçirildi. Rusiya sülhməramlıları bu prosesinin baş tutması üçün Azərbaycan və Ermənistan tərəfi ilə böyük hazırlıq işi apardı", - deyə o bildirib.
R.Muradovun sözlərinə görə, nəticədə onun şəxsi nəzarəti altında Rusiya Hərbi Kosmik Qüvvələrinin təyyarəsində 14 nəfər Bakıya çatdırılıb və Azərbaycanın səlahiyyətli orqanlarına təhvil verilib. Azərbaycan tərəfi Ermənistana 44 nəfəri qaytarıb.
O, rusiyalı sülhməramlıların gələcəkdə də üçtərəfli razılaşmanın həyata keçirilməsinə ciddi şəkildə töhfə verməyə davam edəcəklərini qeyd edib.
Ermənistan mediası isə qeyd edir ki, İrəvana əsir götürüldükləri Beynəlxalq Qırmızı Xaç Komitəsi və Azərbaycan tərəfindən təsdiqlənən şəxslər qaytarılıb. Qeyd olunur ki, ilkin məlumatlara görə onlardan 30-u hərbçi, 14-ü mülki şəxsdir.
Onu da bildirək ki, Azərbaycana qaytarılan 14 nəfərdən ikisi - Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü ilin iyulunda girov götürülüb. Digər 12 nəfər isə sentyabrın 27-dən başlayan Vətən Müharibəsi zamanı əsir düşüb.