“Müharibədəki məğlubiyyətdən və noyabrın 9-da biabırçı bəyanatı imzalandıqdan sonra Ermənistan rəsmiləri “çox vacib” bir məsələ ilə məşğuldurlar - Seçki Məcəlləsində islahata hazırlaşırlar. Dövlət və hüquq məsələləri üzrə daimi parlament komissiyasında yazırlar, silirlər, Sorosun ofisindən qidalanan təşkilatlardan qonaqlar dəvət edirlər. Onlara görə, "ciddi müzakirə və təhlillər" aparırlar, “demokratik layihə” hazırlayırlar”.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “İrates” qəzeti yazıb.
Nəşrin iddiasına görə, Paşinyan Qarabağda Ermənistan əleyhinə baş verən olayları gözardı edərək, özü ilə məşğuldur:
“İki gün əvvəl Şuşa yaxınlığında düşmənə döyüşsüz təslim olan hərbçkilərimizin və itkinlərin taleyini bir kənara qoysaq, bu və digər məsələlərdən narahat olmalı olanlar öz əhval-ruhiyyələrini pozmurlar. Əslində yeni Seçki Məcəlləsinin yazılması üçün təlimatı Nikol Paşinyan verib.
Təsadüfi deyil ki, Paşinyanın “Mənim addımım” fraksiyasının son iclasının gündəliyinə də yalnız Seçki Məcəlləsi məsələsi daxil edilmişdi. Yəni hakimiyyətin könüllü olaraq istefa verməyəcəyi aydındır. Paşinyanın dediyi kimi, baş verənlərə görə özlərini günahkar hiss etmirlər, çünki nə baş verdiyini və nə baş verəcəyini bilmirlər.
Paşinyan əvvəlki kimi, halını pozmadan sakit şəkildə çıxışlar etməyə, “günahkarları” axtarmağa davam edir. Görünən budur ki, Paşinyan və komandasının müzakirə üçün başqa mövzuları yoxdur.
“Mənim addımım” fraksiyasından bir deputat qəzetimizə bildirdi ki, “Mənim addımım” blokundan ondan çox deputatı Paşinyanın istefası ilə bağlı məsələni çox ciddi, çox xüsusi şəkildə qaldırıblar. Amma Paşinyan bununla o qədər də maraqlanmır. Millət vəkilləri və ətrafındakı adamlar da onun ağır boyunduruğundan qurtula bilmirlər. Nikol Paşinyan baş verənlərə baxmayaraq ziddiyyətli bəyanatlarından, dövlət başçısına layiq olmayan məlumatlarından, insanları “qara” və “ağlara” bölmək kimi qəzəbli fenomenlərindən əl çəkmədən irəliləyir”.